Süni qiymət artımı anlayışı sovetlərdən qalıb – Natiq Cəfərli

13-04-2022, 18:50           
Süni qiymət artımı anlayışı sovetlərdən qalıb – Natiq Cəfərli
"Xaricdə baş verən qiymət artımı idxaldan əsaslı dərəcədə asılı olan Azərbaycanda inflyasiyanı yüksəldir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin ilin birinci rübünün yekunlarına həsr edilən müşavirədə ölkə iqtisadiyyatı ilə bağlı verdiyi mesajları şərh edərkən deyib: "Dünyada qiymətlər kifayət qədər sürətlə artır. Hətta Rusiyanın Ukraynaya hücumundan sonra dünyada ərzaq inflyasiyası 18-19 faizə yaxın yüksəlib. Ümumilikdə götürdükdə isə 2020-ci ildən bəri ərzaq indeksi 50 faizə yaxın artıb. Bu fonda xaricdə baş verən qiymət artımları Azərbaycan kimi idxaldan asılı olan ölkələrə də istər-istəməz öz təsirini göstərir. Azərbaycanda inflyasiya yüksəlir”.

Ekspertin fikrincə, süni qiymət artımı anlayışı isə sovetlərdən qalma yanaşmadır: "Süni qiymət anlayışı pərakəndə satışa aid deyil. Onların üzərinə gedilməməlidir. Bazar iqtisadiyyatı, rəqabətli mühitin olduğu ölkədə süni qiymət artımı da mümkün deyil. Süni qiymət anlayışı ancaq dövlət tərəfindən tənzimlənən qiymətlərə aiddir. Bu mənada süni qiymət artımı varsa, deməli rəqabətli mühit yoxdur. Güclü rəqabət mühiti yaransaydı süni qiymət artımı da mümkünsüz olardı. Bazarın böyük hissəsinə nəzarət edən və qiyməti diktə edən şirkətlər varsa, onlarla mübarizə Antiinhisar Komitəsinin işidir. Qurum onlarla mübarizə fonunda qiymətlərin tənzimlənməsini qanunvericilikdə nəzərdə tutulan üsullarla həll etməlidir”.

N.Cəfərli qeyd edir ki, ümumilikdə ölkənin makroiqtisadi göstəricilərində pozitiv dinamika müşahidə edilir: "Xarici ticarətin müsbət saldosu xeyli artaraq, 5 milyard dolları keçib. Bu da kifayət qədər ciddi rəqəmdir. Valyuta daxilolmaları artıb. Ümumdaxili məhsulda artım var. Amma bunlar əsasən neftin qiymətinin kəskin artmasının nəticəsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru