Ailələri dağıdan, intiharlara səbəb olan “Topaz”
27-05-2016, 17:48
“Cibinizdəki pulu kiməsə verirsiniz. Sonra o pulu geri qaytarmaq üçün daha da çox pul itirirsiniz”
Uzun illər Azərbaycanda “qara bazar” adı ilə tanınan və qeyri-qanuni fəaliyyət göstərən mərc kontorları işləyib. Həmin kontorlar “Barcelona, “Real Madrid”, “Manchester United” və sair futbol komandalarının adı altında açıq-aşkar işləyirdilər. Bu kontorlarda təbii ki, udanlar uduzanlardan qat-qat az olurdu. Sonradan isə vəziyyət dəyişdi…
Dəyişim sadəcə adda və daha müasir formada oldu. Belə ki, “Topaz” adlı kontorlar Bakının küçələrində yaradılmağa başlandı. Bir müddət sonra isə digər kontorlar qapadıldı ki, “Topaz” qumar bazarında hegamonluq edə bilsin. Elə də oldu.
Artıq ölkə ərazisində idman oyunları üzrə mərc qoyuluşuna “Topaz” nəzarət edir. Adın, qaydaların və görünüşün dəyişməsi çox şeyi dəyişə bilər, amma bunun qumar olması həqiqətini dəyişə bilməz. Bu qumar oyunu icazəmiz olmasa da, evimizə belə, girir.
Televiziya kanalları vasitəsilə reklam olunan qumar, insanlara psixoloji təsir edir. Düşünün ki, maddi böhran yaşayan bir ölkənin eyni böhranla vuruşan vətəndaşı evində, sakit şəkildə televizora baxır. Bu zaman şirnikləndirici formada “Topaz” reklamını görür.
Digər kanala çevirir, orada da eyni reklamı görür, “Filankəs “Topaz”da 150 min manat uddu, sən də qazan” sözləri ilə beyni “yuyulur”. Amma bunun acı tərəfindən xəbəri yoxdur.
Qumarda uduzduğu pullara görə özünü asan, canına qəsd edənlər heç də az deyil. Bir neçə misal: Gəncədə bir nəfərin qumar şirkətində – “Topaz”da pul uduzub özünü asdığı barədə məlumatları yəqin ki, oxumusunuz. Bu intihar faktı 6 il əvvəl fəaliyyətə başlayan “Topaz”ın səbəb olduğu birinci hadisə deyil.
Təbii ki, nə qədər “Topaz” – qumar şirkəti fəaliyyətdədir, insanlarımız hələ çox intihar edəcək və futbol oyunlarına pul qoyuluşu üçün müxtəlif cinayətlər etməkdən çəkinməyəcək.
Kredit, kirayə pulunu mərc oyunlarında uduzanlar, evini satıb evsiz qalanlar, maşını satıb qumara yatıranlar… Daha da saymaq olar.
Rəsmi qumar evi olan “Topaz”lardan birinə musavat.com saytının əməkdaşı da baş çəkib. Əsasən insan sıxlığı olan yerlərdə, metro stansiyalarının çıxışlarında açılan qumar kontorlarını görməmək mümkün deyil. Onlardan birində adi müştəri qismində olduq. Öyrəndik ki, əvvəllər mərc oyunlarına qoyulan minimum məbləğ 1 manat idisə, artıq bu 2 manata qaldırılıb.
Bu, kontor üçün olan qaydadır. Onlayn olaraq isə oyuna qoyulan minimum mərcin məbləği 3 manatdır. Ətraf masalarda 3-4 nəfər xəstə («ludomaniya» – bu haqda növbəti abzasda) var idi. Söhbətlərindən bəlli oldu ki, çoxu işsizdir. Ciblərində olan son 3-4 manatı da qumarda uduzmağa gəliblər.
“Dünən 6 oyun yazmışdım, birində gətirmədi” – sözlərini deyə-deyə şikayətlənən alüdəçi bunu deyəsən, ilk dəfə demirdi. Çünki digər masada oturan şəxs, “Sən də hər gün eyni sözü deyirsən” deyə ona cavab verdi.
Nəzərə almaq lazımdır ki, illərlə bu oyunun alüdəçisi olanlar nə qədər çalışsalar da, uduzduqları məbləğin heç 10 faizini də geri qaytara bilmirlər. “Geri qaytarmaq” – bu sözü boş yerə işlətmədik. Düşünün ki, cibinizdəki pulu kiməsə verirsiniz. Sonra o pulu geri qaytarmaq üçün daha da çox pul itirirsiniz. Sizcə bu, məntiqlidir?
Daha bir məlumat – tibb elmində qumara qurşanan insanlar xəstə sayılır. Psixiatriyada «ludomaniya» adlanan bu ruhi xəstəliyin Azərbaycanda minlərlə daşıyıcılarının olması heç kimdə şübhə doğurmur.
“Topaz”ın reklamlarının telekanallara ayaq açması isə xəstəliyi epidemiya vəziyyətinə gətirib. Belə xəstələr daimi olaraq müxtəlif uduşlu oyunlarda iştirak edir, böyük uduş əldə edəndə də, mütəmadi olaraq uduzanda da oyundan çıxa bilmir, getdikcə daha çox vaxtını, vəsaitini və düşüncəsini buna həsr edir və bütün hallarda nəhayət, iflasa uğrayır.
Xəstəlik yüksək dərəcədə psixoloji yoluxma potensialına malikdir. Belə xəstələrlə yoldaşlıq edənlər də dərhal bu xəstəliyə yoluxurlar. Həmçinin uduşlu oyunların reklamı və kütləviləşməsi də insanların bu xəstəliyə yoluxmasında böyük rol oynayır. Maşallah, bu məsələdə telekanallarımız da fəal iştirak edirlər. Hökumətin də dəstəyini unutmaq olmaz.
Bəhs etdiyimiz xəstəliyin sosial fəsadlarına gəlincə, bunların sırasına başlıca olaraq, müflisləşmə, ailədaxili münasibətlərin pozulması, ailələrin və şəxsi həyatın dağılması, oynamaq üçün pul əldə etmək naminə cinayət yollarına baş vurulması və intihar kimi müxtəlif nəticələr daxildir.