“BakuBus”dan pulsuz gediş haqqı ilə bağlı AÇIQLAMA
15-06-2016, 12:09
“BakuBus” hərbçilər üçün pulsuz gediş haqqı məsələsinə aydınlıq gətirib.
Arasında hərbçilərin üstünlük təşkil etdiyi oxuculardan bir neçə nəfəri Milli.Az-a müraciət edərək “BakuBus” MMC-yə məxsus avtobuslarda hərbi qulluqçulardan gediş haqqının alınması ilə bağlı narazılığını bildiriblər. Onların sözlərinə görə, “BakuBus” hələ 3 ay bundan əvvəl kimliyindən və rütbəsindən asılı olmayaraq bütün hərbçilərin avtobuslardan pusluz istifadə edə biləcəyinə dair açıqlama verməsinə baxmayaraq, sürücülər buna tam əməl etmirlər:
“Bu məktubu sizə yüzlərlə hərbi qulluqçunun adından yazırıq. “BakuBus”dan istifadə edən hərbçilərin pulsuz gediş hüququn olması məsələsi nə dərəcədə doğrudur? Aprelin 7-də oxumuşdum ki, bütün hərbçilərə gediş pulsuzdur. Ancaq “BakuBus”ın sürücüləri bu barədə nədənsə məlumatsızdır. Təbii ki, hamısına şamil etmək olmaz, amma hərbçiləri gah əsəbiləşdirirlər, daha da sifət edib “keçin” deyirlər. Hərdən qadın hərbi qulluqçular utandığından kart vururlar, ancaq sürücü onlara demir ki, gediş pulsuzdur. Əgər dəqiq qərardırsa, hec olmasa sürücüləri xəbərdar etsinlər, ya da bu barədə məlumat yazıb qapının üstünə vursunlar ki, nə sürücülər, nə də hərbçilərdə çaşqınlıq yaşanmasın”.
Məsələ ilə əlaqədar “BakuBus” MMC-yə müraciət etdik. Milli.Az-ın sorğusuna cavab olaraq “BakuBus” MMC-nin MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, pulsuz gediş haqqı barədə qərar yalnız müddətli həqiqi hərbi xidmət keçən qulluqçulara aiddir:
“”Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə etmək hüququna malikdirlər. Biz də bu qanunun icrasını təmin edərək müddətli həqiqi hərbi xidmət qulluqçularının, yəni əsgər, matros, çavuşların “BakuBus”ın bütün avtobuslarından ödənişsiz olaraq istifadə etməsini təmin etmişik. Hətta dəfələrlə bu statusa malik hərbi qulluqçulara müraciət etmişik ki, bu güzəştlərdən istifadə etməklə bağlı hər hansı problem yaranarsa, “BakuBus”un *4242 qaynar xəttinə müraciət etsinlər”.