Mübariz Qurbanlı: “Dağlıq Qarabağ münaqişəsi regional əmin-amanlığa təhdid törədir”
2-07-2016, 10:28
“İslam dünyası XXI birinci onilliyində ən çətin dövrlərini yaşadı. Bundan əvvəl də İslam dünyasında müxtəlif problemlər yaranıb, lakin bütün bu sınaqlardan şərəflə çıxıb”.
APA-nın xəbərinə görə, bu barədə Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı İran səfirliyi tərəfindən təşkil edilən iftar süfrəsində çıxışı zamanı deyib.
M. Qurbanlı bildirib ki, müqəddəs Ramazan İslam dünyasını birləşdirən ən gözəl bayramlardan biridir: “Hazırda dünyada İkinci dünya müharibəsindən sonra 80-ə yaxın münaqişə ocağı qeydə alınıb. 21-ci əsrin 15 ili ərzində bu cür münaqişələrdə 25 milyon insan həlak olub. Təəssüf ki, bu münaqişə ocaqları əsasən İslam dünyasında baş verir. Bunlardan biri də Fələstin münaqişəsidir. Bu münaqişə İkinci dünya müharibəsindən indiyədək davam etməkdədir. Sovetlərin dağılmasından sonra davam edən digər münaqişə Dağlıq Qarabağ münaqişəsidir. Bu cür münaqişələr regional əmin-amanlığa təhdid törədir. Bu cür münaqişələrdə terror, ekstremizm vasitə kimi istifadə edilir”.
M. Qurbanlının sözlərinə görə, bu münaqişələr beynəlxalq hüquq, təşkilatların qəbul etdiyi qətnamələrdən əsasında həll edilməlidir. “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə zamanında riayət edilsəydi, bəlkə də planetimizdə münaqişələrə yer qalmazdı. Fələstin, Dağlıq Qarabağ, Kəşmir bağlı qətnamələr var. Lakin bu qətnamələr yerinə yetirilmir. Yerinə yetirilməyən qətnamələr yeni münaqişə ocaqları yaradır. Bizə xoşdur ki, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə bu münaqişələrlə bağlı ədalətli prinsiplər öz əksini tapıb ”.
Sonda M. Qurbanlı qeyd edib ki, İslam adı altında bəzi insanlar həyata keçirdikləri terrordan geri çəkilməli, başqalarının əlində alətə çevrilməməlidirlər.