İşçilərin 1 günlük ezamiyyə xərclərinin məbləği artırılıb
6-04-2024, 12:34

Ezamiyyə xərclərinin normaları haqqında” AR Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. AR-sı Nazirlər Kabinetinin 200 saylı, 04 aprel 2024-cü il tarixli Qərarı ilə işçilərin 1 günlük ezamiyyə xərclərinin məbləği artırılıb
Qüvvədə olan əvvəlki qərara əsasən, AR-nın ərazisində ezamiyyə xərclərinin 1 günlük norması aşağıdakı kimi müəyyən edilmişdi. Bu dəyişikliyə qədər 1 günlük ezamiyyə norması: Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, Respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 65,0 manat məbləğində idi.
Yeni dəyişikliyə əsasən bu ezamiyyə norması Bakı şəhərində: 125,0 manat, Naxçıvan ş-də 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, Respublika tabeli digər şəhər və rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat kimi müəyyənləşib.
Yeni dəyişiklikliyə əsasən, Azərbaycan Respublikası ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir. Bundan əvvəl isə bu rəqəm 80 faiz idi.
Ezamiyyə xərclərinin 1 günlük normasına: mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir.
Yeni dəyişikliyə əsasən, daimi iş vaxtı yolda keçən, gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilat, müəssisə və idarə işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün ödənilən 15.0 manat pul vəsaiti də artırılaraq 20,0 manat olmaqla əlavə vəsait kimi verilir.
Yeni dəyişikliyə əsasən, 14 saylı Qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə - “Xarici ölkələrə ezamiyyə xərclərinin1 günlük normaları” da yeni redaksiyada verilmişdir.
Azer Quliyev
TEREF