Təhsildə zor gücünə irəlilədilən layihələr

7-04-2024, 10:38           
Təhsildə zor gücünə irəlilədilən layihələr
Azərbaycanda Elm və Təhsil Nazirliyinin, agentliklərin və digər qurumların gətirdikləri yeniliklər, Keçirilən layihələrin uğursuzluğu, problemləri görməzdən gəlib ancaq yenilik adıyla maliyyələşdirmələrin yanlış tərəflərə yönəldilməsi digər problemləri də özü ilə gətirir.

Əvvəla, məktəblərdə maddi-texniki baza problemləri olduğu halda, kadr çatışmazlığı, işçilərin təminatı, təhlükəsizlik problemləri və s. varkən davamlı hər gördüyünüz yeniliyi ölkəmizə gətirmək düzgün deyil. Yenilik şəraitə uyğunlaşmalıdır, həzm edilməlidi. Sadəcə yeniliyi gətirib yarımçıq halda qoyaraq bir iş görüldüyünü demək gülünc haldır. Amma tək problem də bu deyil. Gətirilən layihələrin iflasa uğradığını qəbul etməyib zor gücünə reklam etmək, zorla gözdən pərdə asmaq daha ciddi problemdir.

Bu gün diqqət etsəniz 100-dən çox layihə var. Hamısı da bir məsuliyyət, yazılmamış qanun və məcburiyyətə tabedir. Yuxarıdan aşağıya bütün qurumlar əmr edir, məcbur edir. Müəyyən plan verilir. Həmin plan doldurulmalıdır. Bəli, Nazirlik Regionala, Regionallar maarifə, ordan direktorlara, direktorlar müəllimlərə yüklənirlər. Bu sayda şagird layihədə iştirak etməlidir, bu sayda olimpiadaya şagird verilməlidir, bu sayda müəllimin təlimdə iştirakı vacibdir və s. Yazıq müəllim də baxır " axı mən neyləyim" deyir, amma o da əmr quludur. Nə də olsa, əmr böyük yerdəndir. Necə yəni? Layihənin uğursuz olduğunu qəbul etmirik. Nə yolla olur olsun plan dolmalıdır, "stul axsamamalıdır" . Hələ bir də kimsə etiraz etmək istəsə, bu daha ciddi problemdir.

Ən əsası da layihələrin çoxunun dərininə enəndə heç bir məna kəsb etməməsidir.
Amma sosial şəbəkənin canı sağolsun. Hamı şəkil çəkdirməlidir, say verməlidi, o planın dolduğu, o tədbirin keçirildiyi, o təlimin olduğu sübuta yetirilməlidir. Bullinqlər, mobbinqlər, şantajlar, insanları alçaltmaq, müəllim nüfuzunun heçə enməsi, müəllimlərdə yaranan ikrah hissi heç kimin vecinə deyil. Əsas hamı pulunu cibinə qoysun, "Məhəmmədəli əminin qohumlarının gözü doysun!".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.