Londona "çatan" ödəniş... Bakıdakı taksi qiymətləri sadə adamlar üçün əlçatmaz olmağa başlayıb
7-06-2024, 10:35
İyulun 1-dən ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunacaq. Yeniliyin bu sahə ilə məşğul olanların sayını azaldacağı şübhəsizdir. İndidən vəziyyətin dəyişdiyini demək olar. Xüsusilə, paytaxtda taksi xidməti göstərən avtomobillərin sayı azalıb. Qiymətin də iki dəfəyə yaxın bahalaşması müşahidə edilir. Təsadüfi hallarda hansısa istiqamətə 4 manatdan ucuz getmək mümkündür.
Bizimyol.info xəbər verir ki, Bakıda taksi xidməti göstərən avtomobillərə 1 km üçün təxminən 1 manat (təxminən 0,6 dollar) ödənilir. Bu sahənin araşdırması ilə məşğul olan şirkətlər təxminən orta qiymət çıxarıb. Göstərici ilə razılaşmaq olar. İstisna hallarda qiymət bir az baha və ya ucuz olur.
Bəs hansı ölkələrdə taksi xidmətindən daha sərfəli şərtlərlə istifadə etmək olar?
Araşdırmalar göstərir ki, taksi xidmətinin ən baha olduğu ölkə İsveçrədir. Məsələn, Sürixdə 1 km üçün azı 3,8 frank ödəmək lazım gəlir. Yəni bu şəhərdə hər kilometr müştərinin 7 manatını alır. İstənilən halda, ödəniləcək məbləğ 6,5 frankdan az olmamalıdır. Bu o deməkdir ki, müştəri 12 manatdan az məbləğə ümid etməməlidir.
Paytaxt Berndə daha çox xərc çıxır. Start tarif 6,9 İsveçrə frankıdır. Hər km isə 5 frankdan hesablanır. Bazeldə qiymətlər bu iki şəhərdən bir az ucuzdur.
Lüksemburqun eyniadlı paytaxtında start qiymət 3,75 avrodur. Sonra hər kilometr üçün 3 avro ödənməlidir. Almaniyanın paytaxtı
Berlində start qiymət İsveçrədəki göstəricilərə yaxınlaşır. Amma hər kilometr orta hesabla 2,3 avroya başa gəlir.
Fransanın paytaxtı Parisdə taksi sürücülərinə 1 km üçün 1,93, İtaliyanın paytaxtı Romada 1,5 avro ödənilir.
Böyük Britaniyanın əsas şəhəri Londonda qiymət 2 funt sterlinqdir. Yəni 4 manatdan bir az çox.
Norveç və Yaponiya dünyanın ən bahalı ölkələrindən sayılır. Bu dövlətlərdə taksi qiymətlərinə baxaq. Norveçdə start qiymət 100 krondur. Yəni təxminən 16 manat. Amma hər kilometr üçün qiymət qorxulu görünmür. Cəmi 16 krondan (2,5 manat) az ödəməklə Osloda 1 km getmək mümkündür.
Tokioda taksi xidməti daha bahalı görünür. Hər kilometr müştəriyə 2,5 dollara başa gələ bilər.
Azərbaycanla, konkret Bakı ilə müqayisədə baha görünən yerlər çoxdur. Amma taksi xidmətinin ucuz olduğu ölkələr də az deyil.
Özbəkistanın paytaxtı Daşkənddə taksi xidməti Bakıdan azı iki dəfə ucuzdur. Vyetnamın paytaxtı Hanoyda da qiymətlər Bakıdan ucuz görünür.
Rusiyada qiymətlər, heç şübhəsiz, Azərbaycandan aşağıdır. Moskvada kilometri 0,45, Sankt-Peterburqda 0,56 sentə qət etmək mümkündür.
Qiymətlərə nəzər yetirəndə hansı qənaətə gəlmək olar?
Azərbaycanda taksi xidməti qiymət baxımından indi faciəli günlərini yaşamır. Amma bu xidmət getdikcə sadə adamlar üçün əlçatmaz olmağa başlayır. Bakıdakı qiymətlər Finlandiyanın paytaxtı Helsinkiyə yaxınlaşırsa, deməli, vəziyyət yaxşı deyil. Hadisələrin gedişi göstərir ki, zamanla situasiya daha da mürəkkəbləşəcək.
Aytən, Bizimyol.info