Avropa Məhkəməsinin yeni qərarlarına əsasən hökumət 80 min avro təzminat ödəyəcək

7-06-2024, 09:24           
Avropa Məhkəməsinin yeni qərarlarına əsasən hökumət 80 min avro təzminat ödəyəcək
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 6-da Azərbaycanla bağlı 7 yeni qərar və qərardadını elan edib. Azərbaycan hökuməti qərarlar üzrə ümumilikdə 80 min avro təzminat ödəməli olacaq.

Azərbaycanda Avropa Məhkəməsi qərarlarının monitorinqini aparan Aihmaz.org saytının məlumatına görə, “Əliyev Azərbaycana qarşı” işində ərizəçi Vüqar Əliyev Qobustan həbsxanasında həbs cəzası çəkən məhkumdur. O, keçmiş nişanlısı ilə birlikdə 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. Bu iş Azərbaycanda uzun illər geniş ictimai müzakirələrə səbəb olub. Günahsız olduğunu iddia edən Əliyev ittihamları rədd edib.

O, AİHM qarşısında ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusunu mübahisələndirib və bu gün məhkəmə onun ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu qənaətinə gəlib.

Strasburq məhkəməsi hesab edib ki, Əliyevin işində məhkəmə dinləmələrinin açıqlığı prinsipi pozulmaqla yanaşı cinayət prosesi həddindən artıq uzun davam edib. Qərara əsasən, Azərbaycan hökuməti ərizəçiyə ümumilikdə 5500 avro təzminat ödəməlidir.

Bu gün elan edilən digər bir qərar mahiyyətcə eyni olduğu üçün birləşdirilən 3 işi əhatə edir. “Abbasəli Əhmədov və başqaları Azərbaycana qarşı” işində 16 ərizəçi keçmiş “Texnikabank”ın əmanətçiləridirlər.

2008-ci ildə əmənat qoyduqları filialın rəhbərinin həbs olunmasından sonra onların aldadıldıqları üzə çıxıb. Belə ki, onlardan qəbul edilmiş əmanətlər qeyri-rəsmi olaraq başqalarına böyük faizlə kredit şəklində verilib, kreditlərdən qeyri-rəsmi daxil olan faiz məbləğləri bank işçiləri arasında bölüşdürülüb, kiçik hissə isə əmanətçilərə faiz kimi ödənilib.

Milli məhkəmələr əmanətçiləri zərərçəkmiş kimi tanıyaraq dəymiş zərərin təqsirləndirilən şəxslərdən tutulması barədə qərar qəbul etsə də, ərizəçilər bu qərarla razılaşmayıblar. Onlar əmanəti rəsmi qaydada banka qoyduqlarını və onlara dəyən zərəri bankın ödəməli olduğunu iddia ediblər. Ancaq yerli məhkəmələr onların iddialarını təmin etməyərək bankın xeyrinə qərar verib və ərizəçilər əmanətlərini geri ala bilməyiblər.

Bundan sonra ərizəçilər AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusunu mübahisələndiriblər.

Məhkəmə ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib. Qərara görə, 16 ərizəçinin hər biri mənəvi zərər əvəzi 4 min avro təzminat alacaq. Bununla yanaşı, hökumət ərizəçilərin hamısına birlikdə 2 min avro hüquqi xərclər əvəzi də ödəməli olacaq.

Vəkil Əsabəli Mustafayev bildirir ki, ərizəçilər həmçinin milli məhkəmələrdə öz işlərinə yenidən baxılmasını tələb etmək hüququna malikdirlər.
“Məmmədov Azərbaycana qarşı” işində ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktoru Anar Məmmədovdur. O, başqa medialarda yayılan və yalan olduğu iddia olunan məqaləni təkrar yaydığı üçün yerli məhkəmələr tərəfindən cərimələnib.

Ancaq həmin zaman qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 62.3-cü maddəsi başqa mediaya aid məlumatı istinadla yayan ərizəçini məsuliyyətdən azad edirdi.

Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 6 və 10-cu maddələrinə əsaslanan ərizəçi, AİHM qarşısında daxili məhkəmə araşdırmalarının ədalətsiz olmasından və məhkəmə qərarlarının onun ifadə azadlığı hüququnu pozmasından şikayət edib.

Ərizənin kommunikasiyası zamanı tərəflər dostca razılaşıblar. Razılaşmaya əsasən, hökumət ərizəçiyə 2 min avro təzminat ödəyəcək.

“Nuruzadə və başqaları Azərbaycana qarşı” işi ərizəçilər Əhsən Nuruzadə, Elimdar İsmayılov və Sevda Süleymanovanın inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı olub. Yerli məhkəmələr ərizəçilərin onlara qarşı inzibati xəta haqqında iş üzrə icraatın qanunsuz olması ilə bağlı şikayətlərini təmin etməyiblər.

Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarının pozulduğunu iddia ediblər.

Bu işdə də tərəflər dostca razılaşıblar və razılaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə 3500 avro ödəyəcək.

“Dadaşov Azərbaycana qarşı” məhkəmə işi də ərizəçi Xanlar Dadaşovun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı olub.

Ərizəçi Avropa Məhkəməsi qarşısında azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət hüququna Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərlə müdaxilə edildiyinə (Konvensiyanın 18-ci maddəsi) dair iddia qaldırıb.

Bu işdə də tərəflər dostca razılaşmaya gəliblər. AİHM-in dostca razılaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçiyə 3500 avro təzminat ödəməli olacaq.

“Mahmudov Azərbaycana qarşı” işi ərizəçi Amil Mahmudov barəsində inzibati icraatın ədalətsiz olması iddiaları ilə bağlı olub. Hökumət bu işdə dostca razılaşma əldə etməyə cəhd etsə də, ərizəçi bundan imtina edib. Daha sonra hökumət iddia olunan pozuntuları (ədalətli məhkəmə araşdırması hüququ) etiraf edən təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət ərizəçiyə ümumilikdə 1125 avro təzminat ödəyəcək.

Son olaraq, “Talışxanlı və başqaları Azərbaycana qarşı” işi ərizəçilər Əlövsət Talışxanlı, Ellada Məmmədli və Rövşən Dəmirovun dinc toplantıların keçirilməsinə icazə verilməməsi, kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı məhdudiyyətlərin qanunsuzluğuna dair iddiaları ilə bağlı olub.

Ərizəçilər AİHM qarşısında Konvensiyanın 11 (toplaşmaq hüququ) və 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq) maddələrinin pozulduğunu iddia ediblər.

Bu işdə də hökumət Məhkəməyə iddia olunan pozuntuların etiraf olunduğu təktərəfli bəyannamə təqdim edib. Məhkəmənin həmin bəyannaməyə əsaslanan qərardadına görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərər, hüquqi xərclər əvəzi olaraq 1575 avro ödəməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.