Cəmiyyəti təhdid edən böyük bəla - “ağ ölüm”
22-10-2024, 09:14
“Ağ ölüm “ kimi tarixə düşən, bəşəri bəla olan narkomaniya neçə-neçə insanın həyatını məhv edir. Hazırkı dövrdə narkomaniya bütün dünyanı öz cənginə almışdır. Özü də ən çox gənc nəslin nümayəndələrini daha asan toruna salır. Bu da bir növ gələcəyimiz üçün böyük təhlükələrə şərait yaradır.
Belə ki, illər ötür, gənclər bu fəlakətin dağıdıcı təsirindən xilas ola bilmir, nəticədə sağlamlığını itirir, öz potensialını cəmiyyətin inkişafına yönəltməyi bacarmır, əksinə, ağır bir yük kimi zamanın yaxasından asılı qalırlar. Odur ki, gənclərin narkotik vasitələrinə meylliliyinin artması ciddi narahatlığa əsas yaradır. Bunun qarşısını almaq üçün indi hər bir vətəndaşın fəal dəstəyi tələb olunur.
Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da bu ümumbəşər bəlaya qarşı ciddi mübarizə aparılır. Növbəti belə tədbir Z.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəbdə baş tutdu. Astara Rayon Polis Şöbəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Astara Rayon Mərkəzi Xəstəxanası Publik- Hüquqi Şəxsinin birgə təşkilatçılığı sayəsində təşkil olunan “Narkomaniya əsrin bəlasıdır” adlı maarifləndirici seminara rayonda fəaliyyət göstərən orta məktəblərin yuxarı sinif şagirdləri və müəllim heyəti, kitabxana işçiləri, nümayəndələr qatılmışdı.
Natiqlər çıxışları zamanı tədbirin məqsədinin sağlam həyat tərzinin təbliği və tərənnüm edilməsi, eləcə də narkomaniyanın cəmiyyəti təhdid edən böyük bəla olduğunu, onun yaratdığı problemlər haqqında ətraflı danışdılar, gənclərə dəyərli tövsiyələrə verdilər, narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyi, onlara kömək etməyi məsləhət bildilər.
Həmçinin, qeyd olundu ki, narkomaniyaya qarşı mübarizə nə qədər şərəfli və dəyərli olsa da, bir o qədər çətin və mürəkkəb işdir. Ən əsası isə gələcəyimiz olan yeniyetmə və gənclərlə belə görüşlərin keçirilməsi, onlara narkomaniyanın fəsadları barədə dolğun, düzgün məlumatların verilməsi olduqca mühüm əhəmiyyət daşıyır və bu sahədə davamlı, məqsədyönlü fəaliyyətə malikdir.
Yekunda nümayəndələr tərəfindən məktəbli gənclərin suallarına ətrafı, faktlar əsasında cavab verildi.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü