İqlim Dəyişikliyi ilə bağlı ən uğurlu nəticələr məhz Azərbaycanda əldə oluna bilər
22-10-2024, 09:44
2024-cü ilin payız ayları Cənubi Qafqaz ölkələrinin taleyində olduqca əhəmiyyətli mərhələdir. Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri, noyabrda isə Azərbaycanda COP29 tədbiri keçiriləcək. Hər iki ölkə məsuliyyətli mərhələnin yaxınlaşdığını dərk edir.
Gürcüstanda parlament seçkiləri, Azərbaycanda COP29 tədbiri yaxınlaşdıqca isə Qərbin hər iki ölkəyə təzyiqləri də artmaqdadır. Ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 ondan əvvəl Misirdə, Birləşmiş Krallıqda, İspaniya, Almaniya, Polşa və digər ölkələrdə təşkil olunmuşdu. Heç şübhəsiz, Azərbaycan dövləti COP-la bağlı özündən əvvəlki təcrübələri müqayisə edir, COP-un keçirildiyi ərəfədə həmin ölkələrdə baş verən hadisələrin spesifikasını dəyərləndirir və bütün ehtimalları təhlil edir.
Məsələ bundadır ki, Qərb ölkələri, xüsusilə ABŞ COP ərəfəsində bu ölkələrin heç birinə qarşı sanksiya çağırışları ilə çıxış etməyib. Xırda istisnalar (o da sırf müsəlman ölkələrinə) olmaqla, heç bir ölkəyə qarşı total hücumlar təşkil olunmayıb. Amma Azərbaycana qarşı sistemli hücumların təsadüf olmadığı anlaşılır. Sentyabrın 16-da Prezident İlham Əliyevlə telefonda danışan və Azərbaycanda keçiriləcək COP29 tədbirində iştiraka sadiq qaldığını bildirən Entoni Blinken daha sonra ABŞ Konqresinin 60 üzvünə hazır mətn göndərir. Həmin mətnə imzalar atılır və oktyabrın 3-də yenidən ABŞ Dövlət Departamentinə göndərilir və senatorlar Blinkendən “tələb” edirlər ki, Azərbaycana qarşı təzyiqlər göstərilsin. “Məqsədli tədbirlər”in görülməsini “tələb” edən senatorlar insan hüquqları məsələsindən bəhs etsələr də, əsl niyyətlərini də gizlətmirlər: Ermənistanı müharibə ilə hədələmə, beynəlxalq hüquqa əməl edilməməsi və s...
Riyakarlıq isə tam ortadadır - əslində ABŞ, Fransa Ermənistanı sürətlə silahlandırır və yenidən revanşist müharibəyə hazırlayırlar. Beynəlxalq hüquqdan isə söhbət gedə bilməz. BMT-nin Qarabağla bağlı 30 il icra olunmayan qətnamələrini Azərbaycan icra etmiş oldu və bu gün də BMT-nin növbəti İqlim Dəyişikliyi Konfransını – COP29-u öz ölkəsində keçirəcək. Təbii ki, COP29 ərəfəsində Qərbdən yönələn heç bir təzyiq Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz. Oktyabrın 4-də İ.Əliyevin Zəngilan sakinləri ilə görüşündə dediyi kimi, “...çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz!”.
Qərbin tələbləri aşkardır - Rusiya ilə qonşuluq münasibətlərini korla, Qərbə inteqrasiya yolunu tut..
İndi təsəvvür edin, 20 ildir Gürcüstanı Qərbə inteqrasiya” oyunu ilə dolayırlar, 2008-ci ildə torpaqlarını itirən Gürcüstan bu gün də çıxılmaz durumdadır. Sadəcə dəhşətdir: oktyabrın 17-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ölkələrinin liderləri Gürcüstanın avrointeqrasiya prosesinin faktiki dayandırıldığını bəyan etdilər. Amma dünən, oktyabrın 20-də Gürcüstanda Gürcüstan Avropa İttifaqını seçir” şüarı ilə mitinq keçirildi. Hakim “Gürcü arzusu” partiyasının qələbə qazanacağı da şübhə doğurmur. Bu gün Qərbi narahat edən əsas məqam Gürcüstanın müstəqil siyasətə meyl etməsi və qonşularla, eləcə də Rusiya ilə mehriban əlaqələr qurmaq iradəsini ortaya qoymasıdır.
Ukraynanın Aİ-dəki səfirinin COP29-la bağlı neqativ fikirləri isə gözlənilən idi. Çünki Ukrayna hədəfsiz ittihamlar içində vurnuxur, ABŞ-dan istədiyini ala bilmədi, NATO-ya üzv edəcəklərini söz verib aldatdılar, nəticədə təxminən Cənubi Qafqaz boyda torpaqlar əldən çıxdı, 25 milyon insan ölkəni tərk etdi, Ukrayna Qərb qarşısında yüz milyardlarla borclandı.
ABŞ Azərbaycana qarşı ona görə qəzəblidir ki, Azərbaycan tərəf seçmədi, hərbi ittifaqlara can atmadı, öz ordusunu gücləndirdi, qonşu ölkələrlə, eləcə də Rusiya ilə strateji müttəfiqlik qurdu, digərlərinin səhvlərini təkrarlamadı, əksinə işğal altında olan ərazilərini də azad etdi.
ABŞ COP29-la bağlı ləkələmə kampaniyasına başlasa da, fərqli nəticələr görəcəyik. Məsələn, COP-la bağlı ən uğurlu nəticələr məhz Azərbaycanda əldə oluna bilər.
Samir Feyruzov