Bir yağışa təslim olan şəhər: Bakını hansı qurumlar bu günə qoydu? - Siyahı

22-10-2024, 17:39           
Bir yağışa təslim olan şəhər:
Bakı bir sutka yağışa dözmədi. Şəhərdə bütün həyat iflic oldu. Əslində, burada nə Bakının, nə yağışın günahı var. Şəhəri bu günə salan məmurların ucbatından paytaxt sel sularının altında qaldı. Nəticədə metro stansiyalarını, keçidləri, tunelləri, evləri, həyətləri, küçə və prospektləri su basdı, nəqliyyatın hərəkəti demək olar ki, dayandı, Sabunçudan Yasamala qədər hər yer böyük bir gölə çevrildi. Bu mənzərə COP29 keçiriləcək şəhərdə aidiyyatı qurumlar adına rüsvayçılıq idi. Diqqət edin, bütün sosial media yağışın Bakıda, yaratdığı fəsadlardan danışır. Yəni günahı yağışın boynuna biçirlər. Amma yağış təbiət hadisəsidir, dünyanın yüzlərlə şəhərinə yağır, amma nəticəsi heç də hər yerdə belə olmur. Ona görə ki, hər şəhərdə belə yarıtmaz qurumlar və məmurlar yoxdur. İndi hansı dövlət orqanına sual ünvanlasan, məsuliyyəti digərinin üzərinə qoyacaq. Əslində, hamı müqəssirdir - Bakı şəhər İcra Hakimiyyəti, onun müvafiq kommunal strukturu, Dövlət Su Ehtiyatları Agentliyi və tabeliyində olan "Azərsu", eləcə də kommunal təsərrüfat xidməti, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, keçmiş və indiki məmurlar, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və sair. Çünki şəhəri bu günə salan durmadan tikilən göydələnlərdir. Və buna binalar tikilərkən ona razılıq verən qurumlar Bakının məhvinə fərman vermiş olurlar. Nəticədə şəhər daş-divardan ibarətdir, axını yox, drenaj və kanalizasiya sistemi tələbat səviyyəsində nəzərə alınmayıb, 5 mərtəbəli bina yerinə 15 mərtəbə tikib kanalizasiya sistemini ona uyğun qurmurlar, komitə harada gəldi bina tikməyə sərəncam verir, nazirlik yaşıllıqların axırına çıxılmasına göz yummağa davam edir, Bakıda artıq torpaq tapılmır və belə olan halda yağan yağış hara axsın? Hər yer bardyür, beton, divar, çıxıntı yox, göydələnlər və tunellərdən ibarət, yaşıllığı az, keçəl bir şəhər var qarşımızda, hələ bir yağışda günah axtarırıq. Fakt budur ki, bütün cavabdeh qurumlar məsuliyyət daşıyır və nəticədə
Bakının idarə olunmasında ciddi, sistemli bir problem olduğu göz qabağındadır. Dünəndən bəri yayılan videolara da baxanda dəhşətə gəlirsən ki, şəhəri nə günə salıblar... Və gələn ay bu paytaxt minlərlə qonaq qarşılamalıdır. Həmin günlərdə bir də belə yağış olsa, vəziyyətdən necə çıxacaqlar?
Ümumiyyətlə. yağışla bağlı hamı öz sosial media səhifəsində qəzəbli status yazır, Bakının küçələrini su basmasından şikayətlənir. Bakının kanalizasiya sistemini düzəltmək üçün şəhərdəki göydələnlərin yarısı sökülməlidir. Keçmiş Bakı şefi Hacıbala Abutalıbov şəhərdə torpaqları ağına-bozuna baxmadan satanda bu barədə fikirləşən olmadı. Ondan sonra da proses dayanmadı və əksinə, daha sürətli hal aldı. Bakıda indi mənzilin kvadratı 2000-3500 manatdır. Nə Şəhərsalma və Arxitektura, nə digər qurumlar dayandılar, Abutalıbovun yolunu getdilər. Qaydaya görə, meqapolislərdə yeni binaların tikintisi zamanı ərazinin kanalizasiya tutumunu hesablayırlar.
Digər tərəfdən, bu ərazilərdə yağış sularının axıdılması üçün drenaj sistemi qurulur, səkilərdə torpaq hissələri saxlanır. Bizdə bütün şəhəri sementləyiblər...Hamı da qəzəblə qışqırır ki, su niyə getmir?
Axı hara getsin? Belə yerdə deyirlər ki, su aydınlıqdır, amma baxır hansı şəhərdə və hansı məmurların idarə etdiyi şəhərdə... Bakı isə yırtıcı və korrupsioner, büdcə düşmənlərinin əlində can verir, əhalisi zülm çəkir...
Azər Talıbov

Anaxeber.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.