Yağan yağdı, yollarımıza AYNA tutdu – Rəfi Müslümov yazır
22-10-2024, 18:12
Azərbaycanda insanların həyat şəraitinin necə olmasını hər kəs bilir. Qiymət artımları, şəhərdəki sıxlıq, nəqliyyat problemləri və s. amillərin üzərinə təbiət hadisələrini əlavə edəndə nəyin necə olması artıq ortaya çıxır.
Bu gün Bakıda ən azı 5 milyondan çox əhali yaşayır. SSRİ-nin dağılması, Qarabağ müharibəsi və rayonlardakı işsizliyin artmasından sonra isə əhalinin bir çoxu paytaxta pənah gətirdilər ki, özlərinə gün ağlasınlar. Uzun illər Bakıda oldu-olmadı tikintilər aparıldı, urbanizasiya və demoqrafik artım başıpozuq şəkildə davam etdi. Nəticəsi nə oldu? Bakı Venesiyaya döndü. Yağışı və romantikanı sevən adamlar üçün Bakıya yağan yağışlar, əlbəttə ki, problemlərdən başqa bir şey deyil.
Səhər işə gələrkən Zabrat-Maştağa yolu üzərində tikilən körpüdə bəlkə də 1 saat tıxacda qaldım. Bilin, görək, niyə? Körpünün aşağı düşən hissəsində drenaj sisteminin olmaması və asfaltın keyfiyyətsizliyi nəticəsində yolun çökməsi gölməçənin yaranmasına səbəb olmuşdu. Sosial şəbəkələrdə “Bağırov” körpüsünün altı və Sabunçu keçidində vəziyyətin nə yerdə olması ilə bağlı videolar isə dünəndən bəri ölkə gündəmində viral olub.
İndi maraqlıdır ki, kimdir burada günahkar? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Bakı Sukanal” İdarəsi, yoxsa Bakı şəhər İcra Hakimiyyəti? Onsuz da bu şəhərdə nəqliyyatın vəziyyəti hər kəsə bəllidir. AYNA-nın da fəaliyyətsizliyi barəsində yazılanlar hər gün qarşımıza çıxır. Bəs niyə hələ də bundan nəticə çıxaran yoxdur? Niyə bu şəhərin yolları istənilən təbiət hadisəsində xaraba günə qalır? Nə üçün bu qurumlar bunu bizə rəva görürlər?
Şəhərin içlər acısı vəziyyəti onsuz da hamıya bəllidir. 1960-cı illərə hesablanaraq 1 milyon 200 min əhali üçün qurulan drenaj sistemi olan şəhəri bu qədər yükləyəndə bilmirdilər ki, axırı belə də olacaq? Bilmirdilərmi ki, şəhər get-gedə sıxlıqdan, nəfəssizlikdən boğulur, canı çıxır, məhv olur? Öz etdiklərimizin acısını bu gün təbiət bizə çox gözəl şəkildə çəkdirir. Amma görünən odur ki, nə bizim, nə də aidiyyəti məsələ ilə bağlı qollarını çırmalamalı olan bəzi qurumların bu yağışdan sonra da “başı əhləd daşına dəyməyəcək”. Bəlkə bir az özümüzü silkələyək? Bundan dərs götürək?
www.yenicag.az