Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib - DİQQƏT
28-10-2024, 15:48
Dövlət Vergi Xidməti bildirir ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyənləşdirilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.
Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur.
Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır.