Yüzlərlə insanı evində boğan “qatil” yenə peyda oldu – Onu necə dayandıraq?

29-10-2024, 08:16           
Yüzlərlə insanı evində boğan “qatil” yenə peyda oldu – Onu necə dayandıraq?
Havalar soyuyar-soyumaz dəm qazından zəhərlənənlərin sayı artır. Payız və qış aylarında ölkəmizdə qazdan ölüm halları həddən artıq çox olur. Bunun qarşısını necə almaq olar?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin kommunal təsərrüfat üzrə mütəxəssisi, “Azəriqaz” İstehsalat Birliyinin eks şöbə rəisi Nüsrət Qasımovun sözlərinə görə, əslində kombilər təhlükəsiz, müasir və mükəmməl bir vasitədir.

O deyib ki, qaz cihazının çoxu eyvanlarda quraşdırılır və tüstü bacası ilə əlaqəsi yoxdur:

“Bu da o deməkdir ki, onlar heç bir təhlükə saça bilməz. Əsas təhlükə tüstü bacalarının 40 ildir təmizlənməməsidir. Kənd evlərində qeyri-standart cihazlardan və ya “İran peçi”, “Türk peçi” olan qızdırıcılardan istifadə edirlər. Mövcud qanunlara əsasən, aidiyyəti qurumlar mövsüm öncəsi və mövsümdən sonra tüstü bacalarını bir-bir yoxlamalıdırlar. Bu isə özbaşına qalır, heç kim yoxlamır, maraqlanmır. “Azəriqaz” İstehsalat Birliyinin (İB) borcudur ki, 2,5 milyon qaz istifadə edən əhalini maarifləndirsin, qazın quraşdırılmasına fikir versin. Amma qurum bunların heç birini etmir. Çox adam tüstü bacasını pəncərədən çıxarır, necə gəldi quraşdırır. Belə etmək olmaz! Tüstü bacası onun ötürücüsünün diametrinə uyğun quraşdırılmalıdır”.

Mütəxəssisin dediklərinə görə, lisenziyası, sertifikatı olmayan adamların qaz cihazını quraşdırması yolverilməzdir:

“Tüstü bacaları quraşdırılarkən evin damından yarım metr hündür olmalı və baş hissəsinə “şlyapa” deyilən qapaq qoyulmalıdır ki, ora yağış, qar tökülməsin. Digər tərəfdən də gəmiricilər, quşlar orada yuva sala bilərlər. Ona görə də qaz borusu damdan yarım metr yuxarı və başında papaq olmalıdır. Ümumiyyətlə, tüstü bacalarında buraxılan səhvlər dəm qazından zəhərlənməyə gətirib çıxarır. 1 kubmetr qazın yanması üçün 9.5 kubmetr oksigen lazımdır. Oksigen çatışmayanda və ya həddən artıq olanda isə karbon monoksid alınır. Bir insan əgər karbon monoksid yığılan mühitdə 7 dəqiqədən 30 dəqiqəyə qədər nəfəs alırsa, artıq onun həyatına son qoyulmuş olur. Ən yaxşı halda isə o, ömürlük şikəst qalır. Çünki zəhərlənmə baş verən zaman beyin toxumaları zədələnir. Bu səbəbdən də naşı adamların cihazları quraşdırması yanlışdır”.

N.Qasımov deyib ki, qaz cihazı quraşdırılan otaqlarda yüksək küləkli hava zamanı cihazları yandırıb yatmaq qəti qadağandır:

“Çünki külək zəhəri otaqlara qaytarmış olur. Dörd gözlü qaz sobası olan otaqlarda yatmaq, oturmaq məsləhət görülmür. Bütün bunlar qaydalara riayət etməyənlərin həyatı bahasına başa gəlir. Yatarkən qazın nəzarət krantları bağlanmalıdır. Bunun üçün də qaz təchizatçıları vaxtaşırı maarifləndirmə işləri aparmalıdır. Çünki nəsil dəyişir, köhnə insanlar dünyadan köçdükcə, yeniyetmələr bunlardan məlumatsız olur. Fəsillər dəyişəndə bərk maddələr də öz ölçülərini dəyişmiş olurlar. Yəni yayda uzanırlar, qışda yığılırlar. Bu zaman qazsızması əmələ gələ bilər. Ona görə də ildə iki dəfə qaz cihazları sabun köpüyü və ya müasir cihazlarla yoxlanılmalıdır. Hazırda satışda 30 manat civarında ağıllı cihazlar (detektor) var. Bütün otaqlar, hətta qaz olmayan otaqlarda da ondan quraşdırılmalıdır. Çünki metan qazı çox təhlükəlidir. Əgər otağın 4.5 kubmetrinə qaz yığılırsa, adi qığılcımdan – işığın yandırılması, qapı zənginin basılması və s. nəticəsində partlayış baş verir. Ona görə də detektorların quraşdırılması məcburidir. Detektor olmayan mənzilləri qazla təmin etmək yolverilməzdir”.

Xatırladaq ki, dünən Azərbaycan İdman Akademiyasının tələbəsi Ramal Hüseynov kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. 4 gün əvvəl isə Tovuza yas mərasimi üçün qonaq gələn iki qardaş dəm qazının qurbanı olub.

Zaira Akifqızı
Globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.