Ötən il Azərbaycanla İran arasında tranzit daşımaları 23%-dən çox artıb

9-04-2025, 11:24           
Ötən il Azərbaycanla İran arasında tranzit daşımaları 23%-dən çox artıb
Ötən il Azərbaycanla İran arasında ikitərəfli yükdaşımaların həcmi 20%, tranzit daşımaları isə 23%-dən çox artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevlə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqlə görüşündə bildirilib.

"Nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib, 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20%, tranzit daşımaları isə 23%-dən çox artıb.

Nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların hər iki hökumət üçün yol xəritəsi olduğu bildirilərək bu kontekstdə bir sıra qarşılıqlı faydalı layihələrin icra olunmasından, digər əhəmiyyətli layihələr üzrə isə səmərəli işbirliyinin davam etməsindən məmnunluq ifadə olunub.

Bu layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb.

Bunların sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində inşa edilmiş yeni avtomobil və piyada körpüsü xüsusi qeyd edilib, Şərq-Qərb dəhlizinin inkişaf etdirilməsinin, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni təmin edəcək Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını və Siyahrud-Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur – Naxçıvan nəqliyyat infrastrukturunun əhəmiyyəti vurğulanıb, habelə müvafiq sərhəd-gömrük infrastrukturunun tikintisinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan avtomobil marşrutunun və bununla yanaşı Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan marşrutunun da gələcəkdə istifadəyə verilməsinin regionda yük və sərnişin daşımaları baxımından yeni imkanlar açacağına əminlik ifadə olunub. Bu marşrutların Fars körfəzini Qara dənizlə birləşdirən ən əlverişli marşrutlardan birinə çevriləcəyi vurğulanıb", - məlumatda deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.