"Sizin bu sistem insanı çox asanlıqla göz xəstəsindən əsəb xəstəsinə çevirə bilər" - ETİRAZ VAR...
9-04-2025, 12:22

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəhbəri cənab Zaur Əliyev, adınızı axtarış sisteminə daxil edəndə ilk çıxan nəticə "200 min manatlıq avtomobil" xəbəri olur. Amma vətəndaş Sumqayıt Tibb mərkəzinin 2 saylı xəstəxanasında olmayan OCT göz müayinəsi üçün 1 həftədir göndəriş ala bilmir, amma heç kimin ruhu da incimir, sanki belə olmalı imiş..." "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Müraciətdə daha sonra deyilir: "Vətəndaşın səhhətində bəlkə geridönməz proseslər baş verir, niyə imtinanın səbəbi bir zənglə, mesajla izah olunmur, mütləq vətəndaş özü axtarmalıdır, şikayətçi olmalıdır, aydınlaşdırmalıdır ki, niyə mesaj gəlmir, ondan sonra məlum olmalıdır ki, bəs imtina verilib, səbəbi də budur.
2024-cü ilin avqust ayındakı OCT müayinənin cavabı tələb olunur. Halbuki 1 gün içində insan səhhətində hər cür dəyişiklik baş verə bilər. Buna baxmayaraq, bu gün tələb olunan müayinə sənədi də xəstəxanaya təqdim olunub, amma hələ məlum deyil nəticə nə olacaq. Sizin rəhbərlik etdiyiniz İTS 50 manatlıq OCT müayinəsinə görə insanı çox asanlıqla göz xəstəsindən əsəb xəstəsinə çevirə bilər. Həyat bumeranqdır. Ümid edirik ki, nə vaxtsa rəhbərlik etdiyiniz bu sistemin necə "işlədiyi" ilə tanış olmaq fürsətiniz olacaq..."