“AzerGold”un qızıl-gümüş tərkibli xəlitələrini İsveçrə şirkəti saflaşdıracaq
19-04-2017, 10:18

“AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar Qızıl Emalı Kompleksində hasil olunan qızıl-gümüş xəlitələri saflaşdırılması və xalis qızıl və gümüşün alınması üçün İsveçrəyə göndərəcək.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “AzerGold” bu ölkənin nüfuzlu affinaj şirkətlərinin biri ilə müqavilə imzalayıb.
Məlumata əsasən, “AzerGold” QSC əməkdaşlıq üçün beynəlxalq standartlara cavab verən, keyfiyyət, qiymət, imic və digər meyarları nəzərə alaraq ən nüfuzlu affinaj şirkətlərini araşdırıb. Uyğun şirkətlər üçün müraciət olunub.
“Eyni zamanda, müxtəlif ölkələri təmsil edən affinaj şirkətləri “AzerGold” QSC-nin beynəlxalq tələblərə cavab verməsini, şəffaflığını bir neçə meyar əsasında araşdırıb. Belə ki, qızıl hasil edən şirkətlər beynəlxalq səviyyədə tətbiq olunan əsas tələblər- KYC (Know Your Customer-Müştərini Tanı) və “Due Diligence” (hüquqi ekspertiza) prosedurları üzrə araşdırır. Yalnız bütün standartlara cavab verdiyi müəyyən edildikdən sonra affinaj şirkətləri hasil edəcəyi xəlitələri saflaşdıra biləcəkləri barədə “AzerGold”a rəy veriblər. Cəmiyyət bu şirkətlər arasında təkliflər sorğusu əsasında İsveçrənin “Argor-Horaoue” şirkətini qalib kimi müəyyən edib və tərəflər arasında müqavilə bağlanıb”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, hazırda “AzerGold” ixraca hazırlıq işləri görür.