Bakıda məcburi köçkünlər evlərindən niyə çıxarılır? - ARAŞDIRMA

19-04-2017, 13:49           
Bakıda məcburi köçkünlər evlərindən niyə çıxarılır? - ARAŞDIRMA
Ağdam rayonundan məcburi köçkün, 66 yaşlı Elxan Məmmədov 24 ildir Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 60, ev 39 A, mənzil 33 ünvanında yaşayır.

APA TV-nin xəbərinə görə, Elxan müəllimin ailəsi 1993-cü ildən Binəqədi rayon İcra Hakimiyyətinin tabeçiliyində olan 102 saylı Mənzil İstismar İdarəsinin köməyi ilə sözügedən ərazidə məskunlaşıb.

Elman müəllim dörd ailə üzvü ilə birlikdə "Şuşalıların binası" kimi tanınan binada bir otaqlı mənzildə yaşayır. 2017-ci ilin yanvarın 30-da Binəqədi Rayon Məhkəməsi tərəfindən onlara mənzili tərk etməklə bağlı məktub daxil olub: "Bu günə kimi yaşadığımız ünvanla bağlı heç bir problem olmayıb. Bu yaxınlarda Binəqədi Rayon Məhkəməsindən çağırış gəldi. Gedib öyrənmişəm ki, Xocalı rayonunun Kosalar kənd sakini Tanrıverdiyeva Sevda Şahlar qızı bu evi aldığını iddia edir. Kimdən aldığını öyrənməyə çalışanda dediyi bu oldu: "Mənzili mənə pul əvəzinə bağışlayıblar". Mənzilin əsl sahibi uzun illər öncə təcridxanada dünyasını dəyişib. Məhkəmə isə bizdən tələb edir ki, biz mənzili tərk etməliyik" .

Tərəflər hələ də üz-üzə gələ bilməyib. Alqı-satı prosesindən isə nə Elxan müəllimin, nə də onun ailə üzvlərinin xəbəri olub: "Bu müddət ərzində bu mənzilə nə baxan olub, nə də qapımızı döyən. Uzun illərdir ailəmlə birgə burda yaşayıram. Başqa yaşayacağım yerim də olmayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən nə vaxtsa daha geniş mənzillə təmin olunmağımızı gözləmişik. Mənzilin yeni sahibi indi gəlib gedir. Məhkəmənin icra şöbəsinin əməkdaşı ilə bir neçə dəfə gəlib, amma əllərində rəsmi sənəd olmayıb".

Çıxış yolu üçün Elxan Məmmədov üz tutub Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə: "Dövlət Komitəsinə müraciət elədim ki, Binəqədi Rayon Məhkəməsi belə bir qərar çıxarıb. Məktub Ədliyyə Nazirliyinə də göndərilib. Binəqədi Rayon İcra Hakimiyyətinə də müraciət etmişəm. Dörd ay ötməsinə baxmayaraq, hələ də bir ciddi nəticəsi yoxdur".

"Şuşalıların binası" kimi tanınan 12 mərtəbəli bina 48 mənzildən ibarətdir ki, onun da 36 mənzilində müxtəlif rayonlardan olan məcburi köçkünlər məskunlaşıb. Onların da əksəriyyəti Şuşa sakinləridir.

Eyni problemlə binanın digər sakinləri də qarşılaşıb. Onların da artıq dörd aydır mübahisəli mənzil probleminin həlli ilə bağlı Bakıda döymədikləri qapı qalmayıb. Məskunlaşdıqları evləri məhkəmə qərarı ilə tərk edən məcburi köçkünlər hazırda paytaxtın müxtəlif ünvanlarında kirayə mənzillərdə yaşayırlar. Dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşlərin üzrə Dövlət Komitəsinə yazılı və şifahi müraciət etmələrinə baxmayaraq, onlara komitənin balansında mənzil olmadığı bildirilib: "Beş ailəyə məhkəmə qərarı gəlib. Qərarların bəziləri Ədliyyə Nazirliyi tərəfindən dondurulub, bəziləri isə get-gəldədir. Mənim məsələm də elə onlar kimi".

Mübahisəli mənzil probleminin həlli ilə bağlı müxtəlif instansiyalara müraciət edən Elxan müəllim təqaüddədir. Ali təhsilli iki övladı isə işsizdir.

Problemi araşdırmaq məqsədilə əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Azərbaycan prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamının 2-ci bəndinə əsasən aidiyyəti dövlət orqanlarına tapşırılıb ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana və yaxud müvəqqəti yaşamaq məqsədilə tikilmiş yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilə bilməz.

Sərəncamın icrasının tətbiqi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayon sakini Elxan Məmmədovun barəsində çıxan məhkəmə qətnaməsinin dondurulması məqsədilə Ədliyyə Nazirliyinə iki ay öncə rəsmi məktub göndərib.

Ədliyyə Nazirliyi isə vətəndaş Elxan Məmmədova Binəqədi Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət etməyi məsləhət görür. Nazirlikdən bildirdilər ki, əgər Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlasa, onda Elxan Məmmədov Ali Məhkəməyə müraciət etməlidir.
[media=https://www.youtube.com/watch?v=4ID57tnIcTE]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.