Sayğacı olmayan abunəçilər su pulunu necə ödəsinlər?
19-04-2017, 15:43

“Azərsu” abunəçilərinin təxminən 50%-i su pulunu sayğacsız ödəyir”.
Yəqin hər kəs bilir ki, əgər mənzildə su sayğacı quraşdırılıbsa, o zaman ödəmə yalnız onun göstəricilərinə görə aparılır. Amma əgər mənzildə belə qurğu yoxdursa, o zaman ödəmə mənzildə qeydiyyatda olan adam sayına görə edilir. Təəssüf ki, sonuncu dediyimiz qaydaya hər zaman riayət olunmur.
teref.az Day.az istinadən bildirir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu məsələyə aydınlıq gətirib.
O deyib:
“Bizə bu faktlar məlumdur. “Azərsu” ASC-nin abunəçilərinin təxminən 50%-i sayğac üzrə ödəmə etmir, belə ki, evlərində bu qurğu yoxdu. Yalnız keçən il 191 min sayğac quraşdırılıb. Bu istiqamətdə işlər davam edir. Bilirsiniz ki, əgər sayğac yoxdursa, su pulu mənzildə qeydiyyatda olan adam sayına görə ödənir.
Biz aydınlaşdırmışıq ki, sayğac olmayan mənzillərdə rəsmi olaraq 1 ya 2 adam qeydiyyatdadır, faktiki olaraq isə 5-6 və yaxud da daha çox adam yaşayır. Belə mənzil sahiblərindən su pulu yalnız 1-2 adam üçün alınır. Bu nə dərəcədə düzgündür? Belə hallar isə respublikada yetərincədir”.
Bununla əlaqədar “Azərsu” ASC sakinlər qarşısında şərt qoyub, əgər evdə qeydiyyatda olan sakinlərin sayına görə su pulu ödəmək istəyirlərsə, onda ailə tərkibi haqqında arayış təqdim etməlidirlər.
“Bu arayışı almaq üçün sakinlər yerli yaşayış-istismar sahəsinə müraciət etməli olacaqlar. Bu arayışın təqdim edilməsindən sonra su pulu orda qeydiyyatda olan adamların sayına görə ödəniləcək. Əks halda su pulu qeydiyyatda olanların sayı nəzərə alınmadan aparılacaq. Yəni artıq 4 nəfər üçün ödəmə etməli olacaqlar. Yəqin, niyə 4 nəfər üçün soruşacaqsınız. Çünki Azərbaycan ailəsi orta hesabla 4 nəfərdən ibarətdir. Ona görə də biz bu rəqəmi seçmişik” – Anar Cəbrayıllı bildirib.
P.S. Anar Cəbrayıllı özü öz dediyini təkzib edir.Evdə 1və ya 2 nəfər qeydiyyatdadırsa bunun ailə tərkibinə nə dəxli var?
yaşayış-istismar sahəsi evdə nə qədər qeydiyyatda adam var onu verəcək!Yəni 1 və ya 2 nəfəri!
teref.az