Metrostansiyasının çıxışında insanlara su paylayan jurnalist: - "Adamlar bir damcı suya həsrət qalmışdılar"

4-07-2018, 20:17           
Metrostansiyasının çıxışında insanlara su paylayan jurnalist: - "Adamlar bir damcı suya həsrət qalmışdılar"
Ötən gün ölkənin elektrik enerjisi sistemində yenidən baş vermiş qəza nəticəsində Bakı Metropoliteninin fəaliyyəti tamamilə dayanıb və tunellərdə dözülməz sıxlıq yaranıb. Metrostansiyanın çıxışına gələn 3-4 təcili yardım maşınlarının tibb briqadası tuneldə qalan, huşunu itirən insanlara ilkin yardım göstərməyə çalışıblar. Ərazidə xeyli sayda tibb işçisi, polis və yüzlərlə insan cəmləşib. Onların içərisində bir nəfər vətəndaş öz hesabına bir neçə bağlama su alaraq, təmənnasız ehtiyacı olan insanlara paylayıb. Sonradan məlum olub ki, humanistliyi ilə seçilən həmin şəxs tanınmış jurnalist, faktor.az saytının redaktoru Əziz Əlibəyli olub.

Yaxşılıq və vicdan bilməyən bəzi adamlar üçün jurnalistin addımı o qədər də əhəmiyyətli görünməyə bilər. Əslində isə, dəyərli həmkarımızın gördüyü iş olduqca təqdirəlayiqdir. İlk növbədə əksəriyyətin özünü itirdiyi fövqəladə anlarda panikaya düşmədən öz imkanları daxilində insanlara yardım əli uzatmağın özü böyük qəhrəmanlıqdır.

İkincisi, jurnalistin davranışı digər şəxslərə örnək olmaqla yanaşı, həm də bu cür olaylarda sui-istifadə hallarına yol verənlərə, oğurluq, quldurluq və soyğunçuluq edənlərə verilə biləcək ən yaxşı dərs, nümunəvi addımdır. Həmkarımızın örnək davranışını işıqlandırmaq üçün ona müraciət etdikdə bunun sadəcə insanlıq vəzifəsi olduğunu, böyüdüləcək bir şey olmadığını söyləyərək danışmaq istəmədiyini bildirdi.
Lakin israrlarımızın nəticəsi olaraq həmkarımız "Sherg.az"a 4-5 cümləlik fikir bəyan etmək məcburiyyətində qaldı:

"Millət bir-birinə qarışmışdı. Adamlar bir damcı suya həsrət qalmışdılar. Belə məqamlarda köşklərdə suyun qiymətini də qaldırırlar. Metroda cibindəki qəpiyin harda olmasını xatırlaya bilməyən adamları soyurdular. İki nəfər yaşlı qadın ölümcül vəziyyətdə metrodan çıxdı. Gördüm, suya ehtiyacları var, lakin onlara su verən yox idi. Tez yüyürüb 4 setka su alıb metrodan çıxan camaata paylamağa başladım”.

Həmkarımız bildirib ki, həmin ərazidə ondan savayı su paylayan olmayıb: "Əvvəlcə suyu tək paylayırdım. Sonra dostum - Şahin Sərdarlı da mənə qoşuldu və birlikdə paylamağa başladıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru