Tələbələr çıxılmaz durumda: 600-dən çox bal toplayanlar...
13-08-2018, 16:00

IV ixtisas qrupunda 600-dən yuxarı bal toplayan abituriyentlər gərginlik içindədirlər. Tibb Universitetinin qəbul planında 200-dən çox yerin ixtisar olunması, təhsil haqqının 4000-4500 manata qaldırılması uşaqları çıxılmaz vəziyyətə salıb.
Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev IV ixtisas qrupu imtahanlarının nəticələri və ortaya çıxan problemlərlə bağlı danışarkən deyib.
E.Əliyev bildirib ki, Türkiyədə azı 30 universitetin tibb ixtisasları bir-biriləri ilə rəqabət aparırlar, bizdə isə rəqabət mühiti yoxdur:
“Ölkədə tibb ixtisasları ancaq Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində cəmlənib. Abituriyentlər başqa ölkələrdə tibb ixtisasına daxil olmağın yollarını arayırlar. Demək olar ki, alternativ yoxdur. Alternativlər olmadığına görə rəqabət mühiti yoxa çıxır.
Həkim olmaq istəyənlər Tibb Universitetinin rəhbərliyinin qərarlarına tabe olmalıdırlar. Ölkədə İlahiyyat İnstitutu və Bakı İslam Universiteti fəaliyyət göstərir. Ancaq insanın sağlamlığının bir “əsas” Universiteti var. O da elə təhsil haqqı icad edib ki, kasıblar ora ayaq basa bilməzlər”.