Flora Kərimova od püskürdü: “Yalançı, yaltaq, minüzlü, böhtançı Faiq Ağayev...”
18-12-2019, 16:36

Məlumdur ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək və artıq Mərkəzi Seçki Komissiyasına (MSK) namizədlərin müraciətləri qeydə alınmaqdadır. Bu arada ictimaiyyət tərəfindən ölkənin bəzi nüfuzlu şəxslərinin parlamentdə təmsil olunmaları da arzu edilir. Belə şəxslərdən biri də xalq artisti Flora Kərimovadır ki, xalqın bu arzusuyla bağlı KONKRET.AZ-ın sualını o, belə cavablandırıb: “Mən 2005-ci il parlament seçkilərində 42 saylı Sumqayıt 1-ci seçki dairəsindən namizədliyimi irəli sürərək, qələbə qazanmışdım. Lakin sonradan MSK nəticələri etibarsız hesab etdi. Bununla bağlı o vaxt Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdim və 2010-cu ildə məhkəmə iddiamı təmin edərək, hökumətin mənə 59 min 100 avro məbləğində təzminat ödəməli olduğu barədə qərar çıxardı. Sözümün canı odur ki, mən parlament seçkilərində artıq bir dəfə qələbə qazanmışam və bir daha bu kampaniyaya qoşulmaq istəmirəm”.
Bəs görəsən, xalqın bir nümayəndəsi kimi şəxsən Flora xanım Milli Məclisdə mədəniyyət sahəsindən kimlərin təmsil olunmasını istəyərdi?
Xalq artisti sorğumuza “Siz məndən soruşun ki, kimlərin təmsil olunmamasını istəyərdim?” sualı üzərindən cavab vermək istədiyini bildirib: “Yalançı, yaltaq, minüzlü, böhtançı Faiq Ağayevi orada heç görmək istəmirəm və bunun üçün əlimdən gələni edəcəm. Və əgər o, bu fikirdədirsə, buna heç cəhd eləməsin.
Parlamentdə kimlərin təmsil olunmasına gəlincə, hesab edirəm ki, yalançı, hay-küyçü, karyera dalınca qaçan insanın orada yeri yoxdur. Parlamentdə millətin, şəhid analarının sözünü deyən oturmalıdır, karyera, pul və toxunulmazlıq qazanmaq istəyən yox. Təəssüf ki, millət vəkili seçilmək istəyənlərin çoxu ora millət deyib getmir, var-dövlət, sərvət yığmaq üçün gedir. Çox istəyərdim ki, ora insanlıq siması olanlar yığılsın”.