"15 min ver "Miss Azərbaycan" ol" FOTO
10-06-2015, 23:00
Bir neçə gün öncə “Miss Azerbaijan-2015”in finalı baş tutdu. Jüri Azərbaycanın ən gözəl qızı adına 3 nömrə altında çıxış edən belaruslu Natali Sokolevskayanı layiq gördü.
Lakin bu seçim hər kəs tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, çoxları onun qeyri azərbaycanlı olduğunu, bəziləri isə gözəllik müsabiqəsinin standartlarına uyğun olmadığını deyərək nəticələrə etiraz ediblər. ANS PRESS-in məlumatına görə, müsabiqə iştirakçılarından biri Əfsanə Qasımovanın dedikləri isə gündəmə bomba kimi düşüb. Belə ki, adıçəkilən şəxs ondan müsabiqədə qalib olmaq üçün 15 min manat istənildiyini deyib. ANS ÇM-ə "Sona kimi" şousunun efirinə canlı bağlanan üçüncü yerin sahibi Ə.Qasımova iki ildir ki, “Miss Azərbaycan”a qatıldığını deyib.
“Normal səs toplamışdım. Son dəqiqəyə kimi mən birinci idim - 17 min səs toplamışdım. Lakin sonda səslər 10 yerə bölündü. Bunu anlaya bilmirəm. Natalya xanım ikinci idi. Mən narahat oldum və etirazımı bildirdim. Şəxsən Anelya xanım isə birinci və ikinci yerdə Azərbaycan vətəndaşı olacağını dedi. Təbii ki, orda daha gözəl, kriteriyalara daha uyğun qızlar var idi. O, xanım Azərbaycanı təmsil etməyə gedəcək. Bu necə olacaq? Azərbaycanın himni çalınır, amma belaruslu xanım səhnəyə çıxır. O, heç Azərbaycan dilində başa düşmür. Anelya xanım şəxsən özü dedi ki, 15 min manat verərsən, bizə pul lazımdır. Mən isə dedim ki, imkanım yoxdur. Səs toplamışamsa nə üçün pul verməliyəm”.
O, gözəllik müsabiqəsində birinci yer tutmaq üçün sponsorlarla sıx təmasda olunması barədə suala da cavab verib. Ə.Qasımova deyib ki, birinci yerə layiq görülən qız məhz müsabiqənin sponsoru olan şirkətin əməkdaşıdır və onlarla sıx təmasdadır.
Ən maraqlı məsələlərdən biri də adıçəkilən müsabiqənin lisenziyası ilə bağlıdır.
Belə ki, “Miss Azərbaycan” müsabiqəsinin rəhbər təşkilatçılarından biri İnam Quliyev adıçəkilən yarış üçün lisenziya əldə edildiyini deyib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə ANS ÇM-ə açıqlamasında bu adda müsabiqəyə ümumiyyətlə şəhadətnamə verilmiş olduğuna inanmadığını deyib.
İ.Quliyev Azərbaycanaın ən gözəl qızı kimi Belarus vətəndaşının seçilməsinə edilən etirazlarla da razı deyil. Onun sözlərinə görə, Natali Sokolevskayanın Azərbaycanda yaşamaq hüququ və öz adına evi var. “İnşallah bu qız Azərbaycanı ən güclü müsabiqələrdən birində təmsil edəcək”.
Lakin “Miss Azərbaycan 2015” qalibi ilə bağlı iradlar bununla bitmir. Belə ki, çoxları bu qızın plastik əməliyyat keçirdiyini, gözəlliyini də məhz buna borclu olduğunu düşünür. Bu məsələ ilə bağlı isə “Vitse Miss Baku 96”, “Miss Xəzər Millenium”, “Miss turizm Azərbaycan” seçilən, “İpək yolu” model agentliyinin rəhbəri model Natella Kərimova ekspert kimi fikirlərini bölüşüb.
N. Kərimova da Azərbaycanı təmsil edən və ən gözəl qadın seçilən qızın ölkə vətəndaşı olması fikirlərini dəstəkləyir. “Əslində milliyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı müsabiqədə iştirak edib qalib gələ bilər. Müsabiqə beynəlxalq müsabiqədirsə milliyətin heç bir fərqi yoxdur. Amma bir ölkənin ən gözəl qızı seçilirsə təbii ki, o xanım bu ölkənin vətəndaşı olmalıdır”.
Modelin sözlərinə görə, əgər estetik əməliyyat hər hansı fiziki travmadan sonra baş veribsə onun elə də əhəmiyyəti yoxdur. “Amma seçilən xanım təbii gözəl olmalıdır. Fikir versəniz görərik ki, müsabiqələrin çoxunda qalib seçilən xanımlardan daha gözəlləri olur. Qalib bir necə faktor əsasında seçilir. Mən iştirak etdiyim tədbirlərdə müsiflər bəzən iştirakçılar arasında olurdu. Qızların heç birinin isə bundan xəbəri də olmurdu. Onlar qızların davranışlarına, özlərini necə aparması, davranaışlarına fikir verirlər. Çünki səhnədə görünməyən bəzi davranışlar, ayıblar adi həyatda daha aydın görünür. Müsiflər bunun əsasında yekun qərar verirlər. Ona görə, baxırsan ki seçilən qız hamıdan gözəl olmaya bilir. Amma başqa keyfiyyətləri daha yüksək olur”. Xatırladaq ki, "Sona kimi" şousu həftə içi hər gün saat 10:00-dan 13:00a kimi ANS ÇM-də yayımlanır.