Türkiyədə erməni fotoqraf Gülərə aşırı sevgi nədən qaynaqlanır?
24-10-2018, 08:15
Aynur İmran: “Burada erməni sevgisindən yox, işini peşəkarcasına həyata keçirən şəxslərə qarşı xüsusi münasibətdən söhbət gedir”
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınan fotoqrafı, erməni əsilli Ara Gülər 90 yaşında vəfat edib. Ara Gülər 20-ci əsrin ən tanınmış fotoqraflarından idi. “Mənim çəkdiyim fotoşəkillər olmasaydı, 50-60-cı illərin İstanbulu indi yaddan çıxmışdı”, - Gülər bunu verdiyi bütün müsahibələrində deyib.
Qeyd edək ki, Ara Gülər 1928-ci ildə İstanbulda etnik erməni ailəsində doğulub. O, jurnalist fəaliyyətinə 1950-ci ildə “Yeni İstanbul” qəzetində başlayıb. Erməni əsilli Ara çoxsaylı tanınmışların, o cümlədən Bertran Rassel, Uinston Çörçil, Arnold Toynbi, Pikasso və Salvador Dalinin də fotolarını çəkib.
Onun dəfnindən hazırlanan videoreportajlardan, ölümü ilə bağlı mediada yer alan saysız-hesabsız materiallardan isə belə məlum olurdu ki, A.Gülər Türkiyə insanı arasında yetərincə populyardır. Bundan başqa, ona qarşı bu sevgi nümayişi də hər bir azərbaycanlının içində istər-istəməz neqativ bir hiss yaradır: niyə ermənilər, bizim düşmənimiz olan millət qardaş Türkiyədə bunca sayğı görür?
Bundan başqa, Türkiyədə, xüsusən də İstanbulda ermənilərin sayca çox olması faktını yaddan çıxarmaq olmaz. İstanbulda erməni sənət adamları, ermənilərin məhləsi... bu barədə dəfələrlə oxumuşuq. Zamanında Bakıda necə ki, qədim ermənilər olub, mərkəzi zəbt edərək, ən yaxşı evlərdə yaşayıblar, İstanbulda da eləcə. Amma bu fakt gördüyümüz mənzərə üçün yetərlidirmi?
Türkiyədə yaşayan araşdırmaçı-jurnalist Aynur İmran “Yeni Müsavat”a açıqlamasında A.Gülərin nümunəsində gördüklərimizi xüsusi erməni sevgisi ilə əlaqələndirməyin düzgün olmadığını dedi. Onun sözlərinə görə, zamanında Bakıda da ermənilər öz sahələrində hər zaman sənətkar kimi tanınırdılar: “Ara Gülər dünyanın ən böyük 7 fotoqrafından biridir. Bütün dünyada tanınır. Özünə də dünya vətəndaşı deyirdi. Uzun illər siyasətçiləri çəkib. Burada Qapalı Çarşıda gedirsən, ən yaxşı sənətkarlar, əl işlərinin müəllifləri ermənilərdir. Burada erməni sevgisindən yox, işini peşəkarcasına həyata keçirən şəxslərə qarşı xüsusi münasibətdən söhbət gedir”.
A.İmran hesab edir ki, ermənilərin Türkiyədə nüfuz qazanmasının bir başqa səbəbi də onların bir-birini daim dəstəkləməsidir. Jurnalistin sözlərinə görə, ermənilər dünyanın harasında olursa-olsun, öz sənətkarlarını, tanınmış insanlarını qabağa çəkir, gözə soxurlar: “Bizimkilər isə tam əksinədir. Bir-birini vurur, ayağından çəkməyə çalışırlar. Ona görə də neçə illərdir ki, İstanbulda, Türkiyədə yaşayan soydaşlarımızın adı ilə bağlı bir küçə belə yoxdur. Böyük sərgi, konfranslar, tədbirlər olur. Amma Heydər Əliyev mövzusunda. Heydər Əliyevi də dövlət dəstəkləyir deyə bu böyük tədbirlər dövlətlərarası münasibətdən qaynaqlanır. Zaman-zaman bizim başqa tanınmış şəxslərlə bağlı da tədbirlər keçirilir, kiçik-kiçik dərnəklər bunu təşkil edir. Amma biz o tədbirlərin heç birində Ara Gülərin sağlığında başına, öləndən sonra yasına yığılan qələbəliyi görmürük”.
Jurnalistin fikrincə, hökumət bu məsələdə Türkiyədə yaşayan azərbaycanlılara dəstək verməlidir. O hesab edir ki, burada kiməsə tədbir keçirəndə, ya da işə götürüləndə Azərbaycan hökuməti ilə razılaşma aparılır. Bir çox hallarda bu təkliflərə “hə” cavabının verilmədiyini xatırladan A.İmran insanlarımızın bu səbəbdən həvəsdən düşdüyünü düşünür: “Bu kimi məsələlərdə dövlətin ciddi dəstəyinə ehtiyac var. Əks halda, qardaş ölkə də olsa, Türkiyədə tanınan azərbaycanlıların böyük nüfuz qazanmasına şahid ola bilməyəcəyik”.