Qazaxıstanı qarışdıran qatillər və “erməni inqilabı”nın geosiyasi hədəfləri - TƏHLİL
9-01-2019, 18:56
Yeni İl gecəsi Qazaxıstanın Karakanda şəhərində restoranların birində ermənilərin 23 yaşlı gənci qətlə yetirməsi, ardınca milli yaddaşlarında 1932-33-cü illərdə Levon Mirzoyan dəhşətini unutmayan qazaxların ölkədəki ermənilərə qarşı etiraz aksiyasına başlaması məsələnin məişət zəminində baş verən hadisə ilə yekunlaşmadığını, yaxud məişət zəminində baş vermiş hadisənin geosiyasi proseslərin burulğanına daxil edildiyi ehtimalını önə çıxardı. Xüsusilə Ermənistanda qazaxların baş vermiş hadisəyə reaksiyasını “erməni soyqırımı” karkazında təqdim etməsi proseslərə baxış bucağını dəyişdirir.
Qazaxların qətlə reaksiyası və ermənilərə qəzəbi təbiidir, Mirzoyanın 1932-33-cü illərdə etdiklərini anlamaq üçün keçmiş SSRİ-nin tozlu tarixini vərəqləməyə ehtiyac yoxdur, sadəcə, o dövrün proseslərini bədi dilə tökən Andrey Platonovun “Can” povestini oxusanız qazaxların yaşadığı, ümumilikdə Asiya çöllərindəki insanların aclığını iliklərinizdə hiss edəcəksiniz...
“İnqilab müharibədən asandır!”, Platonovun məhz bu sözləri məişət zəminində baş verdiyi görünən hadisə fonunda Qərbin (konkret ABŞ-ın) Paşinyan hakimiyyəti üzərindən həyata keçirdiyi “inqilab”ın gerçəklikdə bütün bölgəyə müdaxilədə “yeni qapı” olduğuna işıq tutur və Qafqazdan Mərkəzi Asiyaya uzanan yeni geosiyasi planda ermənilərin “piyadalar” olaraq seçilməsi heç də təsadüfi deyil.
Karakanda kiçik restoranların birində üç erməninin bir qazaxı qətlə yetirməsi və bunun doğurduğu qəzəblə Ermənistandakı “küçə inqilabı” və ABŞ-ın Rusiyanı mühasirəyə alma planı arasında heç bir əlaqə görünməyə bilər, hərçənd, hadisələrin ardıcıllığı və proseslərə bütöv tabloda baxmaq baş verənlərin bir-birinə incə xətlə bağlandığını deməyə əsas verir.
2025-ci ilə hazırlıq: ABŞ dünyanın bölüşdürülməsində gələcək əsas rəqibinin Çin olduğunu illər öncə anlamışdı. Uzaq Şərqdə “yatmış əjdaha” kimi fürsət gözləyən Çin açıq qarşıdurmalarda çəkinərək, tədricən böyümə siyasətini həyata keçirirdi. 2016-cı ilin sentyabrının ilk günlərində Xançjo şəhərində keçirilən G-20-lərin sammitini Pekinin Vaşinqtonun hegomoniyasına qarşı çıxma tarixi olaraq götürə bilərik. ABŞ prezidenti Barak Obama Çin torpaqlarında olduqca sadə, bəlkə də daha pis qarşılandı, Çin lideri Si Cinpin çıxışında dünyanın çoxqütblü olduğunu və bunu hər kəsin anlamasının vaxtının çatdığını bəyan etdi. Bu sammit əslində “yatmış əjdaha”nın ABŞ-a müharibə elanı idi. Güman ki, Vaşinqton Çinin tezliklə aktiv hərəkətə keçəcəyini anlayırdı, G-20 sammitindən təxminən günlər öncə Pentaqonun strateji araşdırma mərkəzi olan “Rand Corporation” şirkətinin 2025-ci ilə qədər Çinlə müharibəyə hazırlıq ssenarisi üzərində işlədiyi xəbərinin ortaya çıxması da bunu deməyə əsas verir. Maraqlıdır, bu ssenariyə “Çinlə müharibə: ağlasığmaz haqda düşünmək” adı verilmişdi və burada “Ağlasığmaz” (Unthinkable) sözü təsadüfi seçimə bənzəmir. Çünki “Unthinkable” Britaniyanın baş naziri Çörçilin 1945-ci ildə SSRİ-yə qarşı hazırladığı müharibə planının kod adı idi. İctimaiyyətə çox az məlum olan ssenarilərdə ABŞ-ın hegomonluq planlarında Rusiyanı deyil, məhz Çini əsas rəqib olaraq gördüyü məlum olur. Və “yatmış əjdaha”nın “boynunu vurmaq” üçün okeanın o tayındakılar dünyanın bir ucundan digər ucuna qədər hərəkət etməlidirlər. Amerika anlayır ki, Çinlə mümkün müharibəyə qədər önündəki əngəlləri qaldırmalı və müharibəni məhz Çin səddində aparmalıdır. Bunun üçün hansı ssenarilər həyata keçirilməlidir:
a) Rusiya tamamilə neytrallaşdırılmalıdır:
- ya parçalanaraq, hazırki subyektlərdə milli dövlətlər yaradılmalı;
- ya da Kremldə Putin yox, “Qərb demokratiyasını” Rusiyanın imperiya maraqlarından üstün tutacaq şəxs əyləşməli;
b) Rusiyanın neytrallaşdırılması üçün sərhədləri boyunca bütün bölgələr ABŞ nəzarətinə keçməlidir:
c) Çinə daxili problemlər üzərindən hücum edilməlidir:
- Tayvan muxtariyyəti: Vaşinqton Pekinin qəzəb püskürməsinə rəğmən Çinin içində “mina” olaraq gördüyü Tayvanın müstəqilliyi üzərində israrla dayanır;
- Uyğur türkləri: bu, ABŞ üçün Çinə daxildən zərbə endirə biləcəyi ikinci amildir. Uyğur türkləri arasında Suriyada İŞİD terrorçularına qoşulan radikalların artması faktoru bu kontekstdə diqqət çəkir, mümkündür ki, bu prosesi həyata keçirən amerikalılar gələcək müharibədə özləri üçün “minalar” basdırırlar.
d) Çinlə sədlərin dibində müharibə aparmaq üçün mütləq şəkildə Asiya çöllərində möhkəmlənmək lazımdır: Qırğızıstan “rəngli inqilab”lardan sonra ABŞ-ın təsir zolağına yaxınlaşıb. İslam Kərimovun ölümündən sonra Özbəkistanın bu zolağa daxil olması perspektivi yaranıb. Lakin Asiya çöllərinə hakim olmaq üçün açar ölkə - Qazaxıstan strateji əhəmiyyətə malikdir.
Və burada 2016-cı ildə Çin torpaqlarında baş tutan G-20 sammitindən iki, Pentaqonun “ağlasığmaz” müharibə ssenarisi hazırlamasından bir ay öncə - iyulda Almaniyada pro Amerika mövqeyi ilə seçilən Elm və Siyasət Fondunun (SWP) analitiklərinin “2021-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 81 yaşında vəfat edəcəyi”nə dair qəribə proqnoz irəli sürməsi yada düşür. Qərb analitikləri Nazarbayevin vəfatından sonra Qazaxıstanda və bütövlükdə Mərkəzi Asiyada baş verəcəklərin ssenarisini irəli sürürdülər.
Hadisələri əvvəldən sona doğru sıralasaq belə alınır: “Nazarbayevin ölümü” proqnozlaşdırılır; Pentaqon 2025-ci ilə qədər Çinlə müharibə ssenarisini hazırlayır; Çin Obamanı soyuq qarşıladığı G-20 sammitində ABŞ-a açıq müharibə elan edir;
Qəribədir, lakin təsadüf deyil, Çinə qarşı mübarizənin zəif demokratların dövründə yox, “müharibə partiyası” – respublikaçıların dövründə elan edilməsi, respublikaçı prezident Donald Trampın Oval ofisə girişindən dərhal sonra Pekinə iqtisadi müharibə açması daşları bir-bir yerinə qoyur.
Mərkəzi Asiyada Çinlə ən uzun sərhədi olan Qazaxıstan da həm Rusiyanı “yumşaq qarnından” vurmaq, həm “Putin NATO-su” olaraq qəbul edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) dağıtmaq, həm Asiya çöllərinə hakim olmaq, həm də Çinlə müharibədə platforma rolunu oynamaq baxımından ABŞ-ın gələcək ssenarilərində mühüm yer tutur. Prezident Nursultan Nazarbayev isə təkcə Qazaxıstanda deyil, Mərkəzi Asiyada siyasi çəkisinə görə əhəmiyyətli oyunçudur. Bu baxımdan, Qərbdə onun “ölümünün proqnozlaşdırılması” təsadüfi deyildi. Çünki Nazarbayev faktoru olduğu müddətdə Qərb Qazaxıstana girə bilməyəcəyini anlayır və mümkündür ki, onun devrilməsi istiqamətində planlar qurulur.
Bu tabloda Ermənistandakı “küçə inqilabı”nın mahiyyətini anlamağa çalışmalıyıq:
Nikol Paşinyanın hakimiyyətə gətirilməsinin ABŞ-ın “Rusiyanın neytrallaşdırılması üçün sərhədləri boyunca bütün bölgələrə nəzarəti ələ keçirmək” planının tərkib hissəsi olması məlumdur, bu gün Moskva-İrəvan xəttində baş verənlər də bunu təsdiqləyir. Lakin bu həm də Mərkəzi Asiyaya qədər uzanacaq inqilab ssenarilərində ilkin mərhələ, platforma, yaxud da “nümunə” rolunu oynayır. Paşinyan küçələrə çıxması ilə Qazaxıstan müxalifətinin Avropa paytaxtlarında hərəkətə keçməsi arasındakı paralellik də bu kontekstdə diqqət çəkir.
- Ermənistanda Paşinyan küçə yürüşü edəndə Brüsseldə Qazaxıstan müxalifətinin liderləri ABŞ və Avropa İttifaqının nümayəndələri ilə Astanada hakimiyyətə gəlməyi müzakirə edirdi.
- 2018-ci ilin aprelində Qazaxıstan müxalifətinin yenə Brüsseldə keçirdiyi qurultayda “Ermənistan inqilabı” və bu nümunənin Qazaxıstanda tətbiqi müzakirə olunurdu. Maraqlıdır ki, “Deutsche Welle” nəşri həmin ərəfədə “Qazaxıstan müxalifəti Brüsseldə: Nazarbayevdən sonra nə olacaq?” sərkövhəli məqalə dərc etdi. “The Diplomat” nəşri isə “Qazaxıstanın köhnə müxalifəti yeni nələrsə yoxlayır” manşetini atmışdı.
- Ötən ilin mayında - “erməni inqilabı” başa çatandan sonra qazax müxalifəti Vaşinqtona səfərində Konqres üzvləri, senatorlarla, eləcə də USAİD-də keçirdikləri görüşlərdə “Qazaxların soyqırımının tanınması” məsələsini müzakirə etdi. Ən maraqlısı isə 1932-33-cü illərdə Mirzoyanın qazaxların aclığa düçar edərək, soyqırımı törətməsinin günahkarı kimi Rusiyanın göstərilməsi, ermənilərdən isə bəhs edilməməsi idi.
Görünən budur ki, qazax müxalifəti ilə erməni lobbisi eyni planda yer alır. Əslində proseslərin inkişafı ermənilərin üzərində qoyulan missiyanı anlamağa imkan verir və burada “erməni inqilabının platforma – nümunə” olması fikri daha aydın başa düşülür.
Ermənilərin bir əsrlik missiyası: 100 il öncə ermənilər bu bölgənin parçalanması işini həyata keçirirdi, Sevr müqaviləsi də buna hesablanmışdı. 100 il sonra ermənilər əvvəlki “maşa” missiyasını yenidən həyata keçirir, bu dəfə “demokratiya” adı altında. Məhz Nikol Paşinyanın erməni diasporu/lobbisi tərəfindən hazırlanaraq hakimiyyətə gətirilməsi buna hesablanıb.
Bundan sonrakı dövrdə “erməni inqilabı”nın bütün bölgə üzrə platforma olaraq istifadə ediləcəyi ehtimalı yüksəkdir. Hazırda növbəti dayanacaq kimi Qazaxıstanın seçildiyi görünür. Mümkündür ki, ABŞ postsovet məkanında yeni geosiyasi planlarında erməni diasporu/lobbisini “hücum batalyonu” olaraq seçib.
Bu kontekstdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində Ermənistanın problemlər yaratması, buna rəğmən, təşkilatda qalmaqda israr etməsi diqqət çəkir və bu, heç də “Rusiyadan asılılıq” amilindən irəli gəlmir.
Paşinyan Ermənistanı “Putin NATO-su”na yerləşdirilmiş minadır: təşkilatı zəiflətmək üçün daim problemlər yaradacaq (artıq bunu edir), təşkilata üzv ölkələrin (Rusiyanın dayaqları) ictimaiyyətinə “inqilab nümunəsi” olacaq (Qazaxıstan üçün bu nümunə qəbul edilmiş hesab oluna bilər), ABŞ-ın Mərkəzi Asiyaya çıxışında tramplin rolunu oynayacaq.
Burada haşiyəyə çıxaraq bir məqama diqqət çəkək: ABŞ Qafqazda Ermənistandan öncə Gürcüstanda inqilab etmişdi və sual yarana bilər ki, gürcülər olduğu halda, niyə ermənilər dövriyyəyə salındı.
1. Gürcüstan inqilabı 2003-cü ildə oldu və həmin dövr dünyanın şərtləri indiki kimi deyildi.
2. 2013-cü ildə Yaxın Şərqdəki proseslərə görə Vaşinqton Tbilisini Moskva ilə bölüşdürməyə razılaşdı. İvanişvili krallığında hakimiyyət bölgüsü bunu aydın göstərir.
3. 100 il öncəsinin tarixi ermənilərin daha elastik “maşa” ola bilmək potensialına malik olduğunu göstərir.
4. Gürcülərin ermənilər qədər güclü diaspor/lobbi sistemi yoxdur və bu sistem Vaşinqtonun Rusiya da daxil olmaqla postsovet ölkələrində hərəkət trayektoriyasını genişləndirməyə imkan verə bilər.
Rusiyada erməni diasporunun üzvü Marqarita Simonyanın Qazaxıstan haqqında irəli sürdüyü təklif diqqətdən yayınmır. Erməni təbliğatçısı təklif edir ki, Qazaxıstanın şimalındakı rus əhalisinə kütləvi şəkildə Rusiya pasportları paylamaq lazımdır.
Rusiya və ABŞ qarşıdurma şəraitində olsa da, Marqarita Simonyanın Qərbdəki erməni diasporu ilə eyni hərəkət etmədiyinə, elə bu təklifin də oradan gəlmədiyinə kim zəmanət verə bilər?!
Əslində Simonyanın təklifi Qərbin Mərkəzi Asiyada yeni münaqişə ocağı yaratmaq planından süzülmüş fikir olması ehtimalını önə çıxarır.
Qazaxıstanda Nazarbayevə qarşı qiyam qaldırılır və ölkədə xaos yaranır; Rusiya ABŞ-ın müdaxiləsi qarşısında Ukrayna ssenarisindəki kimi Qazaxıstanın şimalına müdaxilə edir; Qazaxıstan parçalanır; Ukrayna və Suriyada müharibə aparan ruslara üçüncü cəbhə açılır; Mərkəzi Asiyada xaos ABŞ-ın bölgəyə müdaxiləsini və Çinlə gələcək müharibədə Çin səddində möhkəmlənməyini asanlaşdırır; (Nə təsadüf ki, SWP-nin 2016-cı ildə hazırladığı ssenari də məhz bu istiqamətdə idi ).
Proseslərin bu cür inkişafı fonunda Karakanda kiçik restoranların birində baş vermiş qətl erməni amilini yenidən gündəmə gətirir və Qazaxıstanda “etnik qarşıdurma” olaraq təqdim edilən etirazlar başlanır. Bunun Qazaxıstana müdaxilə üçün “etnik qarşıdurma”nın başlanğıcı olması və ermənilərin “maşa” missiyasını yerinə yetirdiyi ehtimalı nə dərəcədə mümkündür?! Bu haqda düşünməyə dəyər. Ən azı KTMT üzvləri, xüsusilə Rusiya bu haqda düşünməlidir...
Asif Nərimanlı
Publika.az