“Ərdoğan şəxsi maraqları naminə Türkiyəni rüsvay etdi”
29-08-2019, 16:42
Rauf Mirqədirov: “İqtisadi və siyasi baxımdan Rusiya ilə yaxınlaşma Türkiyə üçün ciddi mənfi təsirlər yaradacaq”
Avqustun 27-də Kremldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olub. Rusiya və Türkiyənin qarşılıqlı dostluq və siyasi həmrəyliyinin müzakirə olunduğu görüşdə, bir sıra digər məsələlərə də münasibət bildirilib.
Suriyada baş verən hadisələrin də müzakirə olunduğu toplantıda, Ərdoğanın Rusiyadan alacağı hərbi təyyarələr barədə fikir mübadiləsi aparılıb. Söhbət əsnasında Rusiya ilə Türkiyə arasında davam edən turizm əlaqəsinə də yer verilməklə yanaşı, münasibətlərin qarşlılıqlı şəkildə uzun müddət davam edəcəyi də vurğulanıb.
Görüşü AYNA-ya şərh edən politoloq Rauf Mirqədirovun sözlərinə görə, sözügedən görüş Türkiyə üçün mürəkkəb bir dövrdə baş tutub: “Əvvəla, Ərdoğan bundan əvvəl daxili siyasətdə çox ağır bir məğlubiyyətə düçar olmuşdu. Bundan əlavə onun xarici siyasətdə də kifayət qədər ciddi problemləri olduğunun şahidiyik. Bu baxımdan, Türkiyə rəhbərinin ABŞ və digər Qərb ölkələri ilə münasibətlərinin gərginləşdiyi bir vaxtda, onun ictimaiyyətə təqdim edə biləcəyi yeganə uğur Rusiya ilə yaxınlaşma ola bilərdi. Ki, o da bu istiqamətdə hərəkət etdi”.
Siyasi şərhçi düşünür ki, Rusiyaya meyl etmək Ərdoğan üçün çıxış yolu sayıla bilərdi: “Səbəbi isə odur ki, onun daxili siyasətdə uğurları getdikcə geriləməyə başlayıb. Ərdoğan Rusiyadan yeni raket kompleksləri almasını cəmiyyətə özünün böyük uğuru kimi təqdim etməyə çalışır. Və bununla da son zamanlar düşdüyü uğursuz vəziyyətdən üzüağ çıxmağ çalışır”.
Mirqədirov bildirib ki, Rusiya tərəfi Ərdoğanın düşdüyü bu ağır vəziyyətdən sui-istifadə etməyə çalışır: “Moskvanın Ankaranın Suriyadakı mövqelərini nəzarət altına almağa çalışması və Türkiyənin hərbi birliyinə edilən hücum da bunun göstəricisidir. Türkiyə bu hadisəni dəfələrlə Suriya tərəfinin boynuna qoymağa çalışsa da, hamıya məlumdur ki, Rusiyanın razılığı olmadan Suriya belə hücum həyata keçirə bilməzdi. Səbəb də odur ki, Suriyanın bütün siyasi gedişatına Rusiya nəzarət edir. Bütün bunlar da Türkiyə üçün rüsvayçılıqdan başqa bir şey deyil”.
“İndi görün, Türkiyə nə günə qalıb ki, Putinin əleyhinə səsini çıxara, olanlara etiraz edə bilmir. Hətta, Putin yanına çağıran kimi, Ərdoğan köhnə SSRİ katibləri kimi dərhal Moskvaya yola düşür. Bu da Putinin Ərdoğan üzərində, daha doğrusu Rusiyanın Türkiyə üzərində yekdil üstünlüyündən xəbər verir. Ərdoğanın Rusiyadan silah almaq istəyi isə göstərdi ki, Rusiya təkcə silah satışı həyata keçirmir, eyni zamanda Türkiyəni özündən aslı vəizyyətə salamağa çalışır”, - müsahibimiz vurğulayıb.
Politoloq bir məqamı da qeyd etməyi də vacib sayıb: “Tarixən hər iki dövlət kontinental imperiya dövlətidir. Yəni hər iki dövlət öz təsir dairəsini eyni coğrafiyada genişləndirmək istəyir. Hər iki ölkə bu istiqamətdə daimi və qaçılmaz rəqabət aparır. Lakin bu zddiyyətli qarşıdurma Türkiyə üçün gələcəkdə böyük fəsadlara yola aça bilər. Bu gün Ərdoğanın Putinlə “qardaşlaşmaq” cəhdi də həm iqtisadi, həm də siyasi baxımdan Türkiyənin başına böyük oyunlar açacaq. İqtisadi və siyasi baxımdan Türkiyənin Rusiya ilə yaxınlaşması Türkiyə üçün ciddi mənfi təsirlər yaradacaq. Necə ki, vaxtilə ümumi daxili məhsulu Türkiyədən dəfələrlə çox olan İran, Rusiya ilə yaxınlığın nəticəsində, hazırda ÜDM-də Türkiyədən xeyli geridədir. İndi Ankara Qərblə əməkdaşlığı sıxlaşdırmaq yerinə, Tehranın vaxtilə getdiyi zərərli yolla gedir”.