TANRI DAĞI- Rəhim Vahid yazır..

13-10-2019, 14:49           
TANRI DAĞI- Rəhim Vahid yazır..
Qədim Türklər böyük bir dağa sahib olmayan mədəniyyətlərin yox olacağına inanırdılar. Ümumiyyətlə qədim insanlar dağları tanrıların məsgəni, müqəddəs yer hesab etmişdirlər. Bir çox xalqların mifalogiyalarında yer almış çox tanrılıq anlayışı məhz dağlardan qaynaqlanmışdır. Biz bu ənənənin səmavi dinlərdə də davam etdiyini görürük. Musa Tanrı ilə Sina dağında, Məhəmməd isə Hira dağında görüşmüşdür. Türklər isə Tanrı dağını müqəddəs hesab etmişdirlər. Tanrı dağı, türklərin ilk məsgəni, qızıl almaya gedən yolun başlanğıcı hesab olunmuşdu. Bütün Türküstanın mərkəzi, türklərin doğduğu yer. Bəs şeirlərə, mahnılara, əfsanələrə mövzu olan, türklük şüuru bir azca oyanmış hər bir türkün heç görmədiyi halda həsrətinin adı olan Tanrı dağları Türklər üçün necə müqədəsləşmişdir?
Rəvayətə görə böyük tufan dindikdən sonra Nuhun gəmisi Cudi dağına enmişdir. Torpağa ayaq basdıqdan sonra Nuh oğlanlarının hərəsini bir tərəfə, Hamı Hindistan bölgəsinə, Samı İran bölgəsinə, Yafəsi isə Şərqə göndərdi. Yafəs və oğlanları Türk yurdu olaraq bilinən coğrafiyada uzun müddət yurd qurmaq üçün axtarışda oldular. Nəhayət Tanrı dağının ortasında, dünyanın ən gözəl mənzərələrinin olduğu Issık gölünün ətrafını yurd tutdular. Yafəsin oğullarından ən balacasının ( bəzi rəvayətlərə görə böyüyünün) adı qoyulmamışdı. Onun üçün münasib ad düşünərkən Göy Tanrı mələyini göndərərək oğlunun adını Türk qoymasını bildirdi. Bunun üzərinə adı Türk oldu və Türk adı Göy Tanrı tərəfindən öz əsgəri olaraq böyüməsi və dinini yayması üçün bu qövümə ad olaraq verildi. Yafəs bir çaydan keçərkən boğulub ölür. Onun yerinə ən kiçik oğlu olmasına baxmayaraq, ən ağıllısı və güclüsü olan Türk keçdi. Türkün nəsli böyüdü və çoxaldı. Issıq gölü və Tanrı dağına sığmayınca, Türk coğrafiyası olaraq bilinən əraziyə dağıldılar. Ümumilikdə Türk irqinin törəməsi bu cür nəql olunmaqdadır. Bu səbəbdəndə Tanrı dağı bir irqin doğub böydüyü və dünyaya hakim olduğu yerdir. Türklər üçün müqəddəsliyi burdan qaynaqlanmaqdadır.
Böyük Türküstanın simgəsi olan Tanrı dağı, türklərin birlik və güc nöktəsidir. Türküstanın tam mərkəzində yerləşən Tanrı dağları görkəmli görüntüsü, çayları, gölləri, bitgi örtüyünə əlavə olaraq mənəvi baxımdan da çox mənalı bir mərkəzdir türklər üçün. Ulu babalarımız burdakı möhtəşəm gözəllikləri uca yaradanın bir gücü və qüdrəti, cömərtliyi hesab etdikləri üçündür ki, bu dağlara Tanrı dağları demişdirlər. Ərgənəkon əfsanəsinə mövzu olan hadisələr bu möhtəşəm dağların hansısa bir küncündə baş vermiş, türklərin çoxalıb, təkrar güclü bir millət halına gəlməsi bu dağlar sayəsində mümkün olmuşdur. Bu baxımdan coğrafiya ilə tarixi, varlıq ilə duyğunu və inancı birləşdirən Tanrı dağları Türklər üçün müqəddəsdir.
naxcivanxeberleri.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.