Türkiyə və İsrail: Qarşılıqlı ehtiyacdan doğan yaxınlaşma - TƏHLİL

11-02-2016, 17:28           
Türkiyə və İsrail: Qarşılıqlı ehtiyacdan doğan yaxınlaşma - TƏHLİL
Türkiyə və İsrail hökumətləri qarşılıqlı münasibətlərdə 2009-cu il yanvarın 30-da Davosdakı məşhur “one minute” olayı ilə başlayan və 2010-cu il mayın 31-də baş vermiş qanlı “Mavi Marmara” hadisəsi ilə zirvə nöqtəsinə çatan siyasi böhranı aradan qaldırmaq üçün səssiz-sədasız addımlar atır. Bir gün əvvəl – fevralın 10-da bu istiqamətdə iki önəmli görüş keçirilib.

Cenevrədə Türkiyə XİN-in aparat rəhbəri Firudin Sinirlioğlu ilə İsrailin baş naziri Benyamin Netanyahunun şəxsi nümayəndəsi Joseph Ciechanover və milli təhlükəsizlik üzrə müşaviri Jakob Nagel münasibətlərin bərpası yollarının müzakirəsini davam etdiriblər. (Tərəflər arasında dialoq prosesinə daha əvvəl Sinirlioğlu ilə İsrail XİN-in baş direktoru Dore Gold arasındakı danışıqlarla start verilmişdi.)

Ankarada isə ən azı Cenevrədəki görüş qədər, hətta ondan daha önəmli hadisə baş verib: prezident Rəcəb Tayyib Ərdoğan öz sarayında ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarını birləşdirən “Böyük Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransı”nın (Conference of Presidents of Major American Jewish Organizations) nümayəndə heyətini qəbul edib. 1956-cı ildə prezident Duayt Eyzenhauerin xahişi əsasında ölkədəki çoxsaylı yəhudi qurumları ilə dialoqu asanlaşdırmaq məqsədilə yaradılan bu quruma ABŞ-dakı 52 yəhudi təşkilatı daxildir. Amerikadakı qüdrətli yəhudi lobbisinin ünvanını axtaranların bu təşkilata müraciət etməsi yetərlidir. “Böyük Amerika Yəhudi Təşkilatları Konfransı”nın əsas məqsədi ABŞ-İsrail əlaqələrinin inkişafı və İsrailin maraqlarının təmin edilməsi istiqamətində işlər görməkdir. Konfransın rəhbəri Malkolm Hoenleynin (Malcolm Hoenlein) rəhbərliyi ilə Ankaraya səfərin təşkil olunması Türkiyə-İsrail yaxınlaşmasına təkcə İsrail hökumətinin yox, həm də dünya yəhudilərinin nə qədər önəm verdiklərinin göstəricisidir.

Məlumdur ki, Türkiyənin “Mavi Marmara” hadisəsindən sonra İsrail dövləti ilə münasibətləri normallaşdırmaq üçün 3 əsas şərti var idi: İsrailin üzr istəməsi; İsrail əsgərlərinin əməliyyatı zamanı gəmidə ölən Türkiyə vətəndaşlarının ailələrinə təzminat ödənməsi; Qəzzanın blokadasına son qoyulması. İsrail tərəfi ilk şərti 23 mart 2013-cü ildə yerinə yetirib və baş nazir Netanyahu ABŞ prezidenti Barak Obamanın vasitəçiliyi ilə Ərdoğanla telefon danışığında üzr istəyib. İki ölkə arasında münasibətlərin bərpasına dair gizli dialoq da məhz bu üzrdən sonra başlayıb və digər 2 şərtlə bağlı anlaşmanın yolları müzakirəyə çıxarılıb. Artıq təzminat məsələsində də razılıq əldə olunduğu barədə xəbərlər yayılır. Hazırda əsas çətinlik yaradan mövzu Qəzzanın blokadasının hansı şəkildə aradan qaldırılması məsələsidir. İsrail tərəfi də öz növbəsində HAMAS-ın Türkiyədəki ofislərinin bağlanmasını, ümumiyyətlə, Ankaranın HAMAS-a dəstəyini kəsməsini şərt qoşur. “Milliyet”in xəbərinə görə, R. T. Ərdoğan ABŞ yəhudi təşkilatları ilə görüşündə Qəzzanın blokadasının ləğvi ilə bağlı konkret təkliflərini açıqlayıb. Türkiyə prezidenti Qəzzanın elektrik enerjisi ilə fasiləsiz təminatı üçün Qəzza sahillərinə elektrik stansiyası funksiyası yerinə yetirən xüsusi gəmi göndərmək, bölgənin su təminatını yaxşılaşdırmaq üçün dəniz suyunu şirin suya çevirən başqa bir gəmi göndərmək və Qəzzaya məktəbləri, xəstəxanaları, infrastrukturu bərpa etmək məqsədilə inşaat materialları aparmaq istədiklərini bildirib. İsrail və ABŞ yəhudiləri isə inşaat materiallarının HAMAS tərəfindən gizli tunellərin yaradılması üçün istifadə oluna biləcəyindən narahatdırlar və Türkiyənin bu tələbinə o qədər də müsbət yanaşmırlar.

Lakin həm Türkiyə, həm də İsrail tərəfi danışıqlarda ortaya çıxan problemlərin qarşılıqlı güzəştlərlə aradan qaldırılacağına inanır. Çünki hal-hazırda Türkiyə-İsrail yaxınlaşmasını diktə edən və tərəfləri anlaşmaq üçün masa arxasına oturmağa vadar, hətta məcbur edən çox önəmli faktorlar var. Bu ilin əvvəlində Səudiyyə Ərəbistanından qayıdarkən prezident Ərdoğanın “İsrail bölgədə Türkiyə kimi bir ölkəyə möhtacdır. Biz də İsrailə ehtiyacımız olduğunu qəbul etməliyik, bu, regionun bir reallığıdır” sözləri baş verənləri anlamaq baxımından çox önəmlidir. Bəs, Ərdoğan kimi bir liderin “İsrailə ehtiyacımız var” etirafını etməsini şərtləndirən həmin reallıqlar nədən ibarətdir? İlk növbədə İranın regionda artan fəallığını qeyd etməliyik. “Altılıq” ölkələri ilə Vyana razılaşmasının əldə olunmasından və sanksiyaların praktik ləğvindən sonra Tehran öz iqtisadiyyatını bərpa etmək və gücləndirmək şansı əldə edib ki, bu da onun bölgədəki aktivliyini daha da artırması üçün yeni imkanlar açır. Sanksiyalar şəraitində regionda (Yəmən, İraq, Suriya) ekspansiya xarakterli siyasət aparan və İsrailə zərbə endirməyə imkan verən ballistik raketlər istehsal edən İranın sanksiyaların ləğvindən sonra bundan daha artığını edə biləcəyi ehtimalı İsraildə ciddi narahatlıq yaradıb. Türkiyə də İranın İraqda və Suriyada təsirinin güclənməsindən ciddi narahatlıq keçirir və bu narahatlıq son günlərdə daha da artıb. Suriya ordusu Ankaranın dəstəklədiyi müxalif qrupları sıxışdıraraq Türkiyə sərhədinə yaxınlaşıb. Sirr deyil ki, Əsəd ordusunun döyüş qabiliyyətli hissəsini İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əsgərləri və tamamilə İrana bağlı olan “Hizbullah” silahlıları təşkil edir. Hazırda onların hücumları nəticəsində Türkiyənin Suriyadakı müxalif qruplarla əlaqəsinin tamam kəsilməsi, eləcə də Türkiyəyə doğru yeni qaçqın axınının başlaması təhlükəsi yaranıb ki, hadisələrin bu cür inkişafı Ərdoğan və Davudoğlunu qəzəbləndirir, onları çıxış yolları axtarmağa sövq edir. Beləliklə, İran təhlükəsi bu gün Türkiyə və İsraili birləşdirir. Hər iki dövlət Obamanın regional siyasətindən də narazıdır və necə dəyərlər, nicatı Vaşinqtondan gözləməyərək, öz başının çarəsinə baxmaq məcburiyyətində olduğunu dərk edir.

Türkiyə və İsrailin üst-üstə düşən regional maraqları ilə yanaşı, uzunmüddətli ortaq iqtisadi maraqları da var. Qeyd etmək yerinə düşər ki, siyasi soyuqluğa baxmayaraq, son illər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb və siyasət qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa mənfi təsir göstərməyib. İndi – tərəflər siyasi problemləri aradan qaldırmağa qərar verdiyi bir vaxtda - iqtisadi əlaqələrin daha da inkişafı üçün yeni imkanlar ortaya çıxıb. Məlum olduğu kimi, İsraildə çox zəngin təbii qaz yataqları aşkarlanıb, oradakı ehtiyatlar daxili ehtiyaclardan dəfələrlə çoxdur və bu ehtiyatların yaxın gələcəkdə dünya bazarına çıxarılması məsələsi gündəlikdədir. Əvvəlcə İsrail tərəfi Misir vasitəsilə ixrac marşrutu üzərindən düşünürdü, lakin müəyyən səbəblərdən bu variantın aktuallığı azalıb. İndi əsas ixrac marşrutu kimi Araqlıq dənizinin şərqindən Türkiyəyə, oradan isə Avropaya uzanacaq boru kəmərinin tikintisi gündəmə gəlib. Belə bir marşrutun reallaşmasında həm İsrail, həm Türkiyə, həm də Avropa İttifaqı maraqlıdır. Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsindən sonra bu ölkədən enerji asılılığını azaltmaq və mənbələri müxtəlifləşdirmək (diversifikasiya) kursu seçib. İsrail yeni mənbə kimi bu baxımdan Türkiyə üçün çox önəmlidir. Yeni boru kəməri bir tərəfdən Türkiyənin təbii qaza olan tələbatının müəyyən hissəsini ödəyəcək, bu isə “Qazprom”la mövcud müqavilə başa çatdıqdan sonra Ankaranı rusiyalı inhisarçıya möhtac olmaqdan xilas edəcək, digər tərəfdən isə Türkiyənin tranzit ölkə kimi əhəmiyyətini daha da artıraraq onu enerji “xab”ına çevirəcək. Avropa İttifaqı da Rusiyadan enerji asılılığına son qoymaq, “Qazprom”un inhisarçı mövqeyini aradan qaldırmaq siyasəti yeridir və İsrail qazı yeni bir mənbə kimi lap yerinə düşür. Bu səbəblə, İsrail-Türkiyə qaz xətti həm də geosiyasi proseslərə təsir göstərəcək mühüm layihə ola bilər. Bu borunun geosiyasətə daha bir təsir istiqaməti isə Kipr məsələsidir. Borunun Aralıq dənizinin şərqindən keçməsi Kipr yunanları ilə türklərin, paralel şəkildə Kipr və Türkiyənin anlaşmasını zərurətə çevirir. Artıq bu məsələdə müəyyən irəliləyiş də var və son vaxtlar adanın hər iki icması arasında dialoqun inkişafı müşahidə edilir. Türkiyə hökuməti də türk və yunan icmaları arasında əldə olunacaq razılaşmanı dəstəkləyəcəyini bəyan edib.

Göründüyü kimi, Türkiyə-İsrail yaxınlaşması təkcə bu iki ölkəni maraqlandıran regional xarakterli məsələ olmaqdan çıxıb və qlobal geosiyasətə təsirləri olacaq çox vacib bir prosesə çevrilib.

Şahin Cəfərli, APA Analitik Mərkəzi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.