Ərdoğanın müşaviri: “ABŞ İncirlik bazasından çıxarıla bilər” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Şərəf Malkoç sensasion bəyanatla çıxış edib. Ölkə.az xəbər verir ki, Türkiyə prezidentinin baş məsləhətçisi bildirib ki, PYD-YPG terror təşkilatına verdiyi dəstəyə görə, ABŞ İncirlik hərbi bazasından çıxarıla bilər. “Hazırda bu məsələnin gündəmə gəlməsi üçün çoxlu səbəblər var. Türkiyədə baş verən terror aktları, əsgərimizin, polisimizin, vətəndaşımızın qanlı terror təşkilatları tərəfindən öldürülməsi səbrimizi daşırıb. Bu terror aktlarının arxasında duranları dəstəkləyən hər bir dövlət Türkiyəyə düşmənçilik nümayiş etdirmiş olur. Əgər ABŞ PYD-YPG terror qruplaşmasına dəstəyini davam etdirəcəksə, nəzərə almalıdır ki, Türkiyənin də əlində ABŞ-a qarşı istifadə edə biləcəyi rıçaqlar var və bu rıçaqlardan biri də İncirlik hərbi bazasının ABŞ üçün bağlanmasıdır”, deyə Şərəf Malkoç bildirib.