Stokholmda türklər və kürdlər bir araya gəldilər - eksklüziv VIDEO VƏ FOTOLAR

21-02-2016, 22:20           
Stokholmda türklər və kürdlər bir araya gəldilər - eksklüziv VIDEO VƏ FOTOLAR
Türkiyəni bürüyən terror bəlasının uzantıları Avropanın da bir çox yerlərində yayılmağa başlayıb. Təəssüf ki, bu bəla Avropanın şimalında yerləşən uzaq Skandinaviyanın mərkəzi İsveçdən də yan keçmir.

Belə ki, İsveçdə həm böyük və həm də kiçik şəhərlərdə ayrı-ayrı ərazilər var ki, orada həm türk və həm də kürd kökənli vətəndaşlar yaşayırlar. Çox zaman onların təşkilatlarının, dərnəklərinin də yerləşdiyi ofislər yan yana olurlar.

Hər iki tərəfdən ayrı-ayrı bölücü, dağıdıcı qurupların onların mehriban yaşamasına, işləməsinə maneə törətməsinə bacardıqları qədər imkan vermirlər. Amma məkrli qüvvələr zaman-zaman öz pisliklərini, dağıdıcılıq fəaliyyətlərini davam etdirirlər və görünür ki, belə hərəkətləri törətməkdə bu ünsürlər israrlıdırlar. Əlbəttə, burada İsveç mediasının da birtərəfliliyinin, PKK-PYD-YPG yandaşlarının həm mediada həm də təəssüflər olsun ki, İsveç parlamentində və ayrı-ayrı dövlət idarələrində yer almasının böyük təsiri var.

Mediadakı birtərəflilik hər addımda hiss olunur. Məsələn bir qurup başıpozuq bir Türk dərnəyinə hücum çəkir, amma media bunu qoyub oradakı bir adamın zədələnməsini qabarıq olaraq göstərir; təbii ki, o adam kürd əsillidirsə bunu böyük bir hadisəyə çevirirlər. O zaman türklər demiş, "haqlı mağdur duruma düşür". Və bu da qeyd etdiyimiz kimi, mediyanın birtərəfli olmasının nəticəsi kimi emosyaları bir az da qızışdırır.

Lakin keçən həftə Stokholmun Botkürka bələdiyyəsində fəaliyyət göstərən "Botkürka Türk Mədəniyyət Mərkəzi"nin Fittja məhəlləsində yerləşdiyi binaya iki dəfə həm hücum çəkmək və həm də səs bombası atmaq heç bir əndazəyə sığışmır. Yaxşı ki, qonşudakı binada yerləşən "Anadolu Kürd Dərnəyi"nin başqanı və üzvləri köməyə gəliblər. Onlar vaxtında yetişməsəymişlər bəlkə də hücum aksiyasının qurbanları daha da çox olacaqmış. Keçən ilin noyabr ayında Avrasiya hərəkatının təşkilatçılığı ilə baş tutan "Terrora yox deyəlim" aksiyası bitəndən sonra məktəb yaşlı uşaqları fürsət tapıb yumruqlayan bu beyni qızmış ünsürlər hər cür provakasiyaya hazır olduqlarını dəfələrlə göstərmişlər. Elə bu başıpozuqluğun, provakasiyaların gələcəkdə önünü necə almaq yollarını tapmaq üçün həftə sonu İsveç mətbuatının və ictimaiyyətin də çox maraq göstərdiyi ortaq mətbuat konfransı, Stokholmun Botkürka bələdiyyəsinin ərazisində yerləşən Fittja məhəlləsindəki "Botkürka Türk Mədəniyyət Mərkəzi" və "Anadolu Kürd Dərnəyi"nin lokallarında 10 dəqiqə arayla baş tutdu.

Polisin, birbirbirləri ilə 100 metr məsafədə yerləşən hər iki dərnək arasında çox geniş təhlükəsizlik tədbirləri görməsi diqqət çəkirdi. Mətbuat konfransına "Botkürka Türk Mədəniyyət Mərkəzi"nin başqanı İsmail Zəngin, "Anadolu Kürd Dərnəyi"nin başqanı Heydər Bayraktar, Botkürka Bələdiyyəsinin sədri Ebba Östlin, Botkürka polis bölməsinin baş komissarı Sven-Erik Olsson, "İsveç Türk işçi Dərnəkləri Federasiyası"nın sədr müavini Barbaros Leylanı, Sosial Demokrat Partiyasından Millət vəkili Serkan Kosa, Botkürka Bələdiyyəsinin 22 yaşlı məclis Üzvü Gül Alıcı və 600-ə yaxın Türk və Kürd kökənli vətəndaşlar qatılmışdı.

Qonşu Türk dərnəyinə edilən bombalı hücumdan çox kədərləndiklərini ifadə edən "Anadolu Kürd Dərnəyi"nin başkanı Heydər Bayraktar, mətbuat konfransında və eləcə də AA-nın və müsavat.com-un müxbirinə verdiyi müsahibədə 'Aramızda heç bir problem yoxdur. Bizim dərnəyə gələnlərin yarısı türkdür. Eyni məhəllədə qardaşca yaşayırıq. Birliyimizi pozmağa çalışanlara heç vaxt aman verməyəcəyik'', deyərək fikirlərini ifadə etdi.

Keçən həftə dərnəklərinə edilən bombalı hücumdan sonra ən böyük dəstəyi qonşu Kürd Dərnəyindən və kürd vətəndaşlarından aldıqlarını söyləyən "Botkürka Türk Mədəniyyət Mərkəzinin" başqanı İsmail Zəngin isə bunları dedi: '' Bu gün İsveç və Türk mətbuatı qarşısında verdiyimiz dostluq mesajı ümid edirəm ki, yerinə çatmışdır. Türk və kürd qardaşdır bu belə olub, belə də qalacaq. İsveçdə biz bir-birimizdən qız alıb qız veririk, hər bir problemimizi, hər bir çətinliyimizi birlikdə həll etmişik və bu belə də davam edəcəkdir. Mən burdan bütün pozuculara, bölücülərə səslənirəm. Əgər Türkiyədə bir probleminiz varsa onları bura İsveçə gətirməyin. Gedin öz problemlərinizlə Türkiyədə yaşayın. Bizim qardaşlığımız əbədi davam edəcək.Bundan heç kəsin şübhəsi olmasın."

Botkürka Bələdiyyəsinin sədri Ebba Östlin, Botkürka polis bölməsinin baş komissarı Sven-Erik Olsson etdikləri qısa çıxışlarında, Botkürka bələdiyyəsi ərazisində fəaliyyət göstərən Türkiyədən gələn hər iki toplumun dostca yaşamasının davam etməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini açıqladılar.

Mətbuat konfransında müsavat com-un müxbiri siyasətçilərə belə bir sual verdi: "Siyasətçilər belə bir durumda hansı tədbirlər görməyi nəzərdə tutublar? Çünki indi İsveçə migrant axını hələ də davam edir və hər gələn də özü ilə yeni problemlər və "adət ənənələr" gətirirlər. Belə bir problemlərin sabah başqa toplumlarda da olacağını heç kəs təminat altına almır. Nə düşünürsünüz?"

"-Ən önəmlisi gənclərlə iş aparmaq, onların problemlərini anlamaq zamanında aradan qaldırmağa kömək etmək və İsveçin qayda-qanunları ilə hərəkət etməkdə onlara yardım etməkdir , fikirlərini və düşüncələrini diqqətə almaq çox vacibdir", -deyə sualımızı ilk cavablandıran, ən cəsarətli siyasətçi Gül Alıcı oldu.
Mətbuat konfransından sonra "Anadolu Kürd Dərnəyi"nin başqanı Heydər Bayraktar, bütün iştirakçıları çay və paxlavaya qonaq etdi.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.