Türkiyədən ABŞ-a“açaram sandığı…” mesajı
23-02-2016, 09:38
“Con Kerri telefonda YPG-nin etibarlı tərəfdaş olmadığını, İŞİD-lə mübarizədə birlikdə hərəkət etməyimizin lazımlılığını söylədi. Söhbətimizin səsyazıları var”.
Strateq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir həmçinin onu da vurğulayıb ki, hətta eyni nöqtəyə gəldikləri üçün o, Kerriyə təşəkkür belə edib.
Qeyd edək ki, bir müddət əvvəl Çavuşoğlu ABŞ-dan olan həmkarının telefon danışığında PKK-nın Suriyadakı silahlı qolu YPG-yə güvənmədiklərini bildirdiyini demişdi. Bundan sonra Ağ evdən gələn xəbərlərdə Türkiyə tərəfininin açıqlaması inkar edilir, YPG-yə etimad göstərdikləri vurğulanırdı.
Türkiyəylə ABŞ-ın eyni söhbət barədə bir-birindən fərqli açıqlamalar verməsi yeganə belə hadisə deyil. Bir neçə gün əvvəl iki ölkə prezidentlərinin telefon danışıqları barədə də ziddiyyətli açıqlamalar verilmişdi. Türkiyə Obamanın söhbət zamanı YPG-nin irəliləməsindən narahatlığını ifadə etdiyini bildirsə də, Ağ evin yaydığı açıqlamada bu fakt inkar olunurdu.
Təkzib olunan digər bir fakt isə özünümüdafiə hüququ ilə bağlıydı. Ankara özünün bu haqqının Obama tərəfindən də etiraf edildiyini bildirir, Ağ evin açıqlamasında isə ABŞ prezidentinin öz həmkarını YPG-yə qarşı top atışlarını durdurmağa çağırdığı qeyd olunurdu.
Görünür, rəsmi Ankara öz müttəfiqinin ikibaşlı siyasəti nəticəsində Türkiyənin beynəlxalq imicinə kölgə düşdüyünü fikirləşir və Çavuşoğlunun diliylə “açaram sandığı, tökərəm pambığı” mesajını verir.