Nazarbayevdən sonrakı Qazaxıstanın ilk əlamətləri…

10-05-2016, 22:55           
Nazarbayevdən sonrakı Qazaxıstanın ilk əlamətləri…
Onu “kollektiv rəhbərlik” əvəzləyə bilər

Qərb mətbuatında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin getməsindən sonra “kollektiv liderlik sisteminin” yarana biləcəyi versiyası irəli sürülməkdədir.

Financial Times-ın “Nazarbayevdən sonrakı Qazaxıstan: dəyişiklik küləyi artıq əsməyə başlayıb?” adlı bloqunda Verisk Maplecroft analitik təşkilatından Camilla Hagelundın məqaləsində Qazaxıstanda 25 il hökm sürmüş siyasi sabitlikdə Nazarbayevin rolu qeyd edilib.


Qeyd edilib ki, onun bir gün baş verəcək gedişi investorları çox narahat edir.

Yazıda deyilir ki, “Nazarbayev ailəsinin üzvləri ilə bağlı olan vəzifə dəyişiklikləri və investisiya fəaliyyəti, habelə institusional islahatlar hakimiyyət dəyişikliyinə hazırlığın yaxın gələcəkdə baş verəcəyinə işarədir”.

“Hadisələrin gedişatı onu göstərir ki, Qazaxıstanda indarəçilik strukturunun fundamental dəyişikliyi nəzərdən keçirilir. Söhbət güclü şəxsiyyət olan liderdən liderliyin daha kollektiv sisteminə keçiddən gedir. Bu isə daha mürəkkəb siyasi landşafta gətirib çıxara bilər.”deyə Financial Times yazır.

Bu dəyişikliklərdən biri 2015-ci ildə prezidentin qızı Dariqa Nazarbayevanın Baş nazirin müavini vəzifəsinə təyin edilməsidir. Prezidentin qardaşı oğlu Samat Abiş isə Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. “Samat Abişin komitənin sədri vəzifəsinə yüksəldilməsi keçidin qaçılmaz olduğunu göstərən siqnal olardı,” deyə məqalədə qeyd edilir.

Bundan başqa Nazarbayevlərin “xaricdəki əmlaklarını repatriasiya etməsi” barədə şayiələr gəzir. “Mülkiyyətin Qazaxıstana qaytarılmasını siyasi keçidə hazırlıq kimi nəzərdən keçirmək olar. İnvestisiyaları vətənə qaytarmaqla ailə özünü ölkənin iqtisadi inkişafını dəstəkləyən və ona dəyər verən “məsuliyyətli elita” kimi göstərir. Bununla da Nazarbayevlər daha geniş elitaya faydalı nümunə olurlar,” deyə Financial Times yazır.

Məqalədə deyilir ki, Nazarbayev çox güman ki, onu “milli lider vəzifəsində əvəz edə biləcək namizədin olmadığını “çox gözəl bilir”. “Nəticədə güclü institutların əhəmiyyəti həndəsi silsilə ilə artır və sual ortaya çıxır ki, Nazarbayev özünə varis tapmaq niyyətindədir, yoxsa o güclü institutların dəstəyi ilə daha kollektiv idarəçilik sisteminə keçid həyata keçirməyə çalışır,” deyə müəllif qeyd edir. Yazıda həmçinin deyilir ki, ailə üzvlərinin əsas vəzifələrə yerləşdirilməsi Nazarbayev klanının gələcəyinin təmin edilməsi və istər elita, istərsə də xalqın tərəfindən potensial əks reaksiyanın qarşısının alınması baxımından əlverişlidir. Bir varisin təyin edildiyi təqdirdə isə vəziyyət başqa cür ola bilər. (azadliq.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.