İranda səsvermə: "Güney Azərbaycanda insanlar seçkini boykot edib"

13-03-2024, 07:34           
İranda səsvermə:
Martın 1-də İranda parlament seçkilər keçirilib. Səsvermədə seçici fəallığı çox aşağı olub və 1979-cu ildə baş verən İslam İnqilabından sonra ən aşağı göstərici qeydə alınıb. Məlumata görə, 61 milyon seçicidən yalnız 25 milyonu səsvermə hüququndan istifadə edib.

Həmin tarixdə 4 ildən bir keçirilən parlament seçkiləri ilə yanaşı 8 ildən bir yenilənən ekspertlər məclisinin seçkiləri də keçirilib. Ekspertlər Məclisi 88 din xadimindən ibarətdir və İranın ali dini rəhbərini təyin etmək səlahiyyətinə malik olan məsləhətçi orqandır. Şurada 88 yer uğrunda 144 namizəd mübarizə aparıb.

Parlament seçkilərində rekord sayda - 15,2 min namizədin iştirakına icazə verilib. Onların 1,7 minə yaxını qadınlar olub. İran Konstitusiyasına görə, 290 yerlik parlamentdə beş yer dini azlıqların nümayəndələrinə verilir. Yeni parlamentin ilk iclası mayın sonunda keçiriləcək.

İranda islahatların tərəfdarı olan bir çox namizədin parlament seçkilərində iştirakına qadağa qoyulub. Ölkənin sabiq prezidenti Həsən Ruhani də daxil olmaqla, bəzi siyasi xadimlərin isə Ekspertlər Şurasına seçkilərdə iştirakına icazə verilməyib.

Seçkilərin hansı formada keçməsi, güneyli soydaşlarımızın aktiv olub-olmaması maraq doğurur.

"Seçkilərin legitimliyi yoxdur"

Modern.az məsələ ilə əlaqədar güneyli fəallarla əlaqə saxlayıb.

Saytımıza açəqlamasında Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili İrandakı seçkilərin legitimliyinin qalmadığını söyləyib:

"İrandakı seçkilər qapalı dövrədir. Ona görə ki, seçki deyə bir şey yoxdur. Bütün namizədlər İran Ali Dini Lideri Əli Xamneyinin adamları tərəfindən təsdiqlənməlidir. Tehran dövləti seçkidə iştirak edəcək şəxsləri özü təyin edir. Ona görə də seçkilərin legitimliyi qalmır".
Məhsa Mehdili indiyə qədər keçirilən seçkilərin nəyisə dəyişdirmədiyini bildirib:
"Çünki İran siyasi sistemi buna icazə vermir. Əli Xamneyinin iradəsi hər kəsin üzərindədir. Onun sözündən çıxılmaz. Ona görə də seçim oyundan ibarətdir və heç bir təsiri yoxdur".

O, Güneydəki soydaşlarımızın seçkidə iştirakından da danışıb: "Cənubi Azərbaycan, xüsusilə də, Təbrizdə xalqın 25-26%-i səsvermədə iştirak edib. Bunun xaricində seçkini boykot etmişdilər. Qərbi Azərbaycan bölgəsində dövlət dəstəkli, qeyri-türkləri çıxarmağa çalışdılar. Cənubi Azərbaycanda seçkinin heç bir legitimliyi yoxdur. Çünki seçki İranda öz mənasını itirib. İnsanlar artıq bu seçki oyunundan ümidlərini kəsiblər".

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, İranda demokratik seçkidən söhbət gedə bilməz:
"İran adlanan ölkədə demokratik prinsiplərə əsaslanan heç bir seçkidən danışmaq mümkün deyil. Rejim öz dırnaqarası seçki oyunları ilə öz siyasi legitimliyini göstərmək istəyir. Bununla da hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyini göstərməyə çalışırlar. Lakin gedən proseslərə nəzər yetirdikdə bunun yalan olduğu görünür. Namizədlərin qeydə alınması prosesi və onlara verilən səlahiyyətlərin təsdiq olunması Nəzarət Şurası tərəfindən həyata keçirdilər. Şura da ona verilən əmir əsasında bu prosesi icra edir. Sipayi Pastaranın da əsas məqsədi İran adlı ölkədə molla rejiminin qorunub saxlanılmasıdır. Onun vəzifəsi birbaşa dini lider Əli Xamneyinin formalaşdırdığı dini rəhbərlik strukturunun qorunub möhkəmləndirməsi istiqamətindədir. Seçkilərdən sonra İran adlanan dövlətin bir sıra rəhbər şəxslərinin açıqlamasında seçkilərdə insanların iştirakı Xameneyinin yürütdüyü siyasətə dəstəkdir deməsi buna sübutdur. Yəni demokratik prinsiplərdən, insan haqlarından danışa bilmərik".

"Parlamentdə insanların istəyinə uyğun heç bir qanun qəbul olunmur"
S.İsabəyli insanların İran rejimindən bezdiyini söyləyib:

"Statisitik məlumatlara görə seçici aktivliyi aşağı olub. Tehranda 7-9 faiz arası iştirakdan söhbət gedir. Bir sıra böyük əyalətlər də bu rejimin özünün verdiyi rəsmi məlumatlarda seçici aktivliyi 20-25 faiz göstərilir. Amma seçki məntəqələrinin boş olması, insanların bu seçki oyunlarına məhəl qoymaması ilə bağlı videolar, materiallar paylaşılanda biz İran adlanan ölkədə yaşayan insanların bu rejimdən bezdiyini, onun apardığı ictimai, siyasi fəaliyyəti, onun əsasında formalaşdırdığı strukturları qəbul etmədiklərini bir daha aşkar şəkildə başa düşdük".
O, İran hakimiyyətinin legitimliyini itirdiyini vurğulayıb və əlavə edib ki, parlamentdə insanların istəyinə uyğun heç bir qanun qəbul olunmur.

"O baxımdan İran adlanan rejimin siyasi hakimiyyətinin legitimliyi aradan gedib. Amma rejim məlum olduğu kimi çox qəddardır. Çox rahat şəkildə edam və həbs edir, işgəncəyə məruz qoyur. 1 il ərzində haradasa 600-ə yaxın insan edam olunub. Bunu da çox rahat şəkildə əsaslandırırlar. Beynəlxalq insan haqlarına nəzarət edən qurumların fəaliyyətinə imkan vermirlər. Bu da rejimin öldürməkdən çəkinmədiyini göstərir. Güney Azərbaycanın bu seçkilərə münasibəti boykot idi. Azərbaycanlılar da bu rejimin varlığını demək olar ki, qəbul etmirlər. Öz milli siyasi hüquqları uğrunda mübarizə aparırlar. Cənubi Azərbaycanda seçici aktivliyi olduqca aşağıdır. Təbrizdə bir sıra deputatlar, namizədlər iştirak edirlər. Onlar ikinci dövrə getmək məcburiyyətindədirlər. Azərbaycan başda Təbriz olmaqla İran adlı dövlətdə molla rejiminin seçki oyunlarını qəbul etmir. Özünü milli, siyasi hüquqları uğrunda mübarizə aparır. Təbii ki, seçkinin saxtalaşadıırılması ilə bağlı faktlar var. Seçki zamanı öz kimliyi ilə iştirak edən insanlar barmaqlarını mürəkkəbə vurub seçki vərəqəsnin üzərinə basmalıdır. Bunu rejim ləğv etdi və kim harada istəyir səs versin dedi. Bəzi hallarda bir neçə yerlərdə səs verənlər olub, bəzi yerlərdə özləri bülletenlər atıblar. Bu da rejimin öz legitimliyini necə əsaslandırmaqda çaş-baş qaldığını göstərir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.