Türkmənistan liderindən sərt gediş – Sürpriz qərarda kritik Azərbaycan detalı

13-03-2024, 18:24           
Türkmənistan liderindən sərt gediş –
Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Türk Dövlətləri Təşkilatının tamhüquqlü üzvlüyünə qərar verib. O, bunu Antalya Diplomatiya Forumunda elan edib. Aşqabad doğru qərar verib. Türkmənistan buna qədər təşkilatın toplantılarına müşahidəçi kimi qatılırdı.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, Aşqabad türk inteqrasiyasından kənarda qalmamağa üstünlük verib:

“Həmçinin Aşqabad Avropa ölkələri ilə də əməkdaşlığı gücləndirmək istəyir. Məsələn, Türkmənistan və ATƏT il ərzində 37 birgə layihənin reallaşmasına qərar verib. Mayda Aşqabadda ATƏT Parlament Assambleyasının regional toplantısı keçiriləcək. ATƏT Aşqabadda ofisini 2023-cü ildə açıb. Bu ildən başlayaraq Türkmənistanla ATƏT arasında təmaslar genişlənib.

Türkmənistanla əməkdaşlığa Avropa İttifaqı da maraq göstərir. Brüssel Mərkəzi Asiyanın enerji resurslarının Rusiyadan yan keçməklə Avropaya nəqlinə çalışır. Bu səbəbdən Brüsselin Orta dəhliz layihəsinə marağı artıb. Bu layihənin reallaşmasında Azərbaycan da iştirak edir.

Moskva və Pekin Türkmənistanın Avropa ilə yaxınlaşmasından narahatdır. Aşqabad Rusiya və Çindən asılılığını azaltmaq istəyir. Məsələn, Türkmənistanın rəsmi mediasında Çin artıq “strateji tərəfdaş” kimi təqdim edilmir. Bunun əvəzinə Aşqabadın ABŞ, Avropa, Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığına dair məqalələr yayımlanır. Beləliklə, Aşqabad Çinə alternativ formalaşdırır. Halbuki Çin son illərdə Mərkəzi Asiya, o cümlədən Türkmənistanda möhkəmlənməyə çalışır. Mərkəzi Asiya ölkələri bunun təhlükəli olduğunu anlayıblar”.

Məqalədə qeyd olunur ki, Aşqabad Türkmənistan-Çin qaz boru xəttinin genişləndirilməsi layihəsinin reallaşdırılması da yubadır:

“Aşqabad Türkmənistan qazını fərqli bazarlara yönətlməyə və Çin bazarından asılılığını azaltmağa çalışır. Qurbanqulu Berdiməhəmmədovun Aşqabada gələn Çin nümayəndə heyətini qəbul etmək istəməməsi də diqqəti çəkib.

Türkmənistan üçün alternativ istiqamətlərdən biri də türk dövlətləri ilə inteqrasiyanı gücləndirməkdir. Türkmənistanın Türk Dövlətləri Təşkilatına qaydışı bu ölkənin Azərbaycanla da əməkdaşlığının gücləndirilməsinə səbəb olacaq. İki ölkə arasında birgə iqtisadi və enerji layihələrin reallaşdırılması türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək.

Türkmənistan Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanı əldə edəcək. Türkiyə də bunu istəyir. Türkmənistan qazının Türkiyəyə nəqli ya İran, ya da Azərbaycan üzərindən mümkündür. İkincinin reallaşması üçün Xəzərin dibi ilə boru xətti tikilməlidir. Ankara 2 milyard kubmetr türkmən qazının idxalını təşkil etməyə hazırdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.