Kürd bayrağı azərbaycanlıların şəhərində məcburi oldu
1-05-2017, 22:55
Kərkükdə dövlət idarələrində İraq Kürd Muxtar Vilayətinin bayrağını asmayanlar cəzalandırılacaq.
Axar.az xəbər verir ki, bu barədə qərarı Kərkük Bölgə Məclisi qəbul edib. Artıq qəbul edilən qərara ərəb və türkman qruplar da əməl etməyə başlayıblar.
Qeyd edək ki, bir müddət öncə Kərkük valiliyi şəhərdə İraq bayraqları ilə yanaşı, kürd bayraqlarının da asılması haqqında qərar qəbul edib. Bu, türkmanların və ərəblərin etirazına səbəb olub. Üstəlik, İraq Kürd Muxtar Vilayəti yenidən Kərkükün öz ərazisi olduğunu iddia etməyə başlayıb. Hazırda bölgə de-yure Bağdada, de-fakto isə Ərbilə tabedir.
Şəhərin kürdlərin tabeliyinə keçməsi İŞİD-in bölgəyə hücumlarından sonra başlayıb. Əməliyyatlar başa çatana qədər ərazini müdafiə edəcəyini söyləyən Ərbil buraya indiyə qədər İraq əsgərlərini buraxmır.
İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərə görə, İraq əhalisinin təxminən 9%-ni (567,000 nəfər – red.) türkmanlar təşkil ediblər. Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu (180,000 nəfər) türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib. Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər – red.) isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb. Üstəlik, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.
Xatırladaq ki, türkmanlar Azərbaycan türkləridir.