Türkiyə Atatürk modelinə qayıda bilər – Sensasiyalı TƏKLİF
14-08-2018, 06:51
Maliyyə böhranıyla qarşılaşan Türkiyə bunun öhdəsindən gəlmək üçün Çin nümunəsi üzrə dövlət kapitalizmi iqtisadi modelinə keçməyə məcburdur.
Bunu “RİA-Novosti” agentliyinə Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdemir bildirib.
“Mənim nöqteyi-nəzərimdən liberal iqtisadiyyat Türkiyə üçün faydalı deyil. Biz dövlət kapitalizmi şəraitində çinlilərin necə müvəffəqiyyətli olduğunu görürük. Rusiyada da həmçinin dövlət kapitalizmi var və Türkiyə belə yolla getməlidir. Türkiyədə gənclərin payı böyükdür və bu, istehsal üçün böyük potensialdır. Amma inandırıcı deyil ki, özəl sektor üçün ondan istifadə etmək olar. Deməli, Türkiyə 1930-cu illərdəki Atatürkün iqtisadi siyasətinə qayıtmalıdır, yəni özəl sektor saxlanılmalıdır, amma dövlət sektoru ən əhəmiyyətli olmalıdır”, - Özdemir deyib.
Onun sözlərinə görə, bugünkü iqtisadi modellə Türkiyə iqtisadiyyatdakı mənfi ssenarilərdən qaça bilməyəcək. Ekspert qeyd edir ki, Türkiyə iqtisadi siyasətində struktur dəyişikliyi lazımdır.
“Uzunmüddətli perspektidə Türkiyə öz iqtisadi modelini və siyasətini dəyişdirməlidir: daha az idxal, daha çox malı ölkə daxilində istehsal etmək, idxalatçıların iqtisadiyyatından eksportçuların iqtisadiyyatına keçmək”, - Özdemir vurğulayıb.