"AMEA rəhbərliyində Ermənistanla münasibətlərini korlamaq istəməyən insanlar var" - Deputatdan SENSASİON AÇIQLAMA

5-06-2020, 13:07           
"AMEA rəhbərliyində Ermənistanla münasibətlərini korlamaq istəməyən insanlar var" - Deputatdan SENSASİON AÇIQLAMA
“Ölkə Prezidenti Tərtər Olimpiya İdman Kompleksinin açılışında ən aktual məsələlər üzərində dayandı və onun konturlarını cızdı. Mahiyyətini bütövlükdə həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə çatdıra bildi”.

Bu fikirləri açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ötən gün Tərtərdə çıxışı zamanı mühüm açıqlamalarla yadda qalan dövlət başçısı vacib məqamlara toxunub:

“Burada söylənilən fikirlərin ən mühümü Ermənistanın uzun müddətdən bəri davam etdirdiyi işğalçılıq siyasəti bir daha Cənab Prezident tərəfindən şərh olundu və unikal bir fikir ifadə olundu ki, Ermənistanda hakimiyyətə gələnlər dəyişsə də, lakin onun terrorçu və faşist mahiyyəti dəyişmir. Bu, Ermənistan cəmiyyətinin əslində terrorçu və faşist mahiyyət olması haqqında ən dəqiq qiymətləndirmədir və bununla bağlı kifayət qədər faktlar var.

Ölkə Prezidenti eyni zamanda, 2018-ci ilə qədər Köçəryan-Sarkisyan quldur dəstəsinin, kriminal rejimin həyata keçirmiş olduğu işğalçılıq siyasətinin vermiş olduğu ağır nəticələr üzərində dayandı və heç şübhəsiz ki, birmənalı olaraq ifadə etdi ki, münaqişənin yeganə həll yolu Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılmasıdır. Bunun üçün siyasi, hüquqi, iqtisadi və hərbi üstünlüklərimiz var. Əlbəttə ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən, aparıcı dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır.

Ölkə Prezidentinin dediyi kimi biz daha da güclənməliyik, hərbi potensialımızı artırmalıyıq və geosiyasi vəziyyət nəzərə alınmaqla işğala son qoymalıyıq. Bu tezisin açılışı əlbəttə, müharibə yolu ilə torpaqlarımızın azad edilməsi anlamına gəlir.

F.Ağamalı daha sonra Prezidentin Xalq Cümhuriyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Ölkə Prezidentinin müasir gəncliyimizə ünvanlanan və gələcək nəsillərin diqqət verəcəyi məsələ Azərbaycan torpaqlarının indiyə qədər ermənilərin və onları himayə edənlərin işğal faktoru ilə bağlıdır. Birinci dəfə özünün dediyi kimi, ən yüksək səviyyədə, Prezident səviyyəsində İlham Əliyev İrəvanın və Zəngəzurun, Göyçənin tarixi Azərbaycan torpağı olduğunu dilə gətirdi və bu məsələ xüsusi olaraq ölkə Prezidenti tərəfindən aktuallaşdırılmaqdadır.

Həqiqətən, bu gün Ermənistan dövləti tarixi Azərbaycan əraziləri üzərində yaradılmış dövlətdir. Bir tarixi həqiqət var ki, əslində belə bir dövlət Şərqi Anadoluda yaradılmalı idi. Lakin həmin dövrdə baş vermiş hadisələr və siyasi proseslər Ermənistan dövlətinin Şərqi Anadoluda yaratmağı Azərbaycanın tarixi torpaqlarında yaratmağa transfer edə bildi.

Təəssülər olsun ki, bu məsələdə Osmanlı imperiyası da hər halda lazımı şəkildə öz rolunu oynaya bildi, erməni dövlətinin yaradılmasını özündən uzaqlaşdırmağa nail oldu. Nəticə etibarilə Ermənistan dövləti Azərbaycanın tarixi torpaqlarında yaradıldı. Bu dövlətin yaradılması üçün əlbəttə, onun paytaxı olmalı idi. Ölkə Prezidenti bunu çox dəqiq tarixi faktlarla bunu ifadə etdi ki, may ayının 28-də İstiqlaliyyət Bəyannaməsi qəbul edilir, may ayının 29-da isə tarixi Azərbaycan şəhəri olan İrəvan Ermənistanın paytaxtı kimi Xalq Cümhuriyyəti tərəfindən qərar qəbul edilir və paytaxt kimi Ermənistana verilir. Burada iki variant var idi: ya Gümrü, ya da İrəvan paytaxt olmalı idi. Gümrü həmin vaxt Osmanlı imperiyasının təsiri altında idi və onun paytaxt olmasına Türkiyə dövləti heç cürə razılıq vermirdi. Ona görə də, Osmanlı imperiyasının təzyiqi ilə Azərbaycan dövləti bu addımı atdı və doğru deyildiyi kimi, əslində bu çox ciddi səhv idi. Çünki İrəvanın verilməsi müqabilində ermənilər Azərbaycana qarşı ərazi iddialarını bir daha önə çəkməli deyildi. Lakin onlar götürmüş olduqları vədə əməl etmədilər, İrəvan paytaxt olduqdan sonra ermənilər Azərbaycanın tarixi torpaqlarında, Zəngəzurda və Qarabağda böyük qırğınlar törətdilər. Həmin ərazini ələ keçirmək üçün bütün imkanlardan istifadə etdilər. Nəticə etibarilə, sonrakı illərdə də ermənilər müxtəlif yollarla Sovet İmperiyasında yer almış ermənilərin vasitəçiliyi ilə Azərbaycanın tarixi torpaqlarını Sovet Ermənistanı adı altında birləşdirə bildilər. Burada bütövlüklə Zəngəzur getdi. Ölkə Prezidentinin dediyi kimi, Azərbaycanla Naxçıvan arasında əlaqələr kəsildi. Böyük Türk Dünyası arasında bağlılıq aradan qaldırıldı. Həmçinin, mübahisəli ərazi kimi Göyçə və Göyçə ətrafındakı torpaqlar da Ermənistana verildi. Bununla kifayətlənməyən ermənilər, Dağlıq Qarabağı əldə saxlaya bilməyən ermənilər Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağa da hücum etdi.

İndi fakt ortalıqdadır ki, Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon ermənilər və erməniləri himayə edən dövlətlər tərəfindən zəbt edilmişdir. Bunun kökü başlayır Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin may ayının 29-da atmış olduğu tarixi bir səhvdən. Bu edilməli deyildi. Mən də bu fikirdəyəm. Deyirlər ki, guya ya İrəvan, ya Bakı, ya da başqa şəhərlər adı altında paytaxt olması məsələsi. Ancaq ölkə Prezidentinin dediyi kimi, bütün bunların hamısı mifologiyadır.

Reallıq bundan ibarətdir ki, təəssüflər olsun ki, bizim qürur yerimiz olan, şərqdə ilk demokratik respublika olan və hər zaman fəxr etdiyimiz Xalq Cümhuriyyətinin yaradıcıları bu tarixi səhvi ediblər. Bu tarixdir, tarix olduğu kimi deyilməlidir. Heç bir tarixi faktın üzərindən keçmək , onu malalamaq olmaz. Həm də bu ölkə Prezidenti tərəfindən ona görə deyilir ki, yetişməkdə olan gələcək nəsillər də bilsin ki, o torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Həm də ondan ibrət dərsi götürsün ki, gələcəkdə bunlara yol verilməsin.

Həmçinin, Ermənistan faşist və terror dövləti kimi hər zaman Azərbaycan xalqı tərəfindən tanınsın və ona münasibət bundan sonra da bu şəkildə qurulsun. Çünki belə etməsək, Ermənistan dənizdən dənizə deyilən torpağı birləşdirə bilməsə də, o Azərbaycan torpaqlarını Kür sahillərinə qədər, bəlkə də lap Bakının özünə qədər birləşdirmək istəyir. Bu ermənilərin niyyətidir, bunu hər kəs bilməlidir. Məhz ölkə Prezidenti bunu xüsusi olaraq deyib. Prezidentin bu çağırışı tarixçilər üçün əhəmiyyətli mesajdır. Baxın, ölkə Prezidentinin dediyi kimi, bu, tarixi kitablarımızda yoxdur. Bu, tarixi kitablarımıza hökmən əlavə olunmalıdır.

Təəssüf edirəm ki, Milli Elmlər Akademiyası rəhbərliyi bununla bağlı hələ də susur. Niyə susur? Nəyi gözləyir? Ölkə Prezidentinin çağırışlarına niyə cavab vermirlər? Bundan aktual məsələ ola bilərmi? Qətiyyən. Ola bilsin ki, AMEA-da Ermənistanla münasibətlərini korlamaq istəməyən insanlar var. Bu, müəyyən tərəflərdən bizə də bəllidir. Lakin əgər söhbət ciddi hadisələrdən gedirsə, rəhmətlik Ulu öndərimiz demişkən “mövqe ortada olmalıdır”. Ona görə də təəssüf edirəm ki, bu günə qədər Azərbaycan Milli Elmlər Akademiyası və onun rəhbərliyi bu baxımdan susmaqdadır və bu çox böyük təəssüf doğurur”./demokrat.az/шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.