Nazirliyi korrupsiya yuvasına çevirənlər: - “Deməli, orda dövlətə xəyanət də var”

9-07-2020, 17:19           
Nazirliyi korrupsiya yuvasına çevirənlər: -
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) davamlı olaraq korrupsiya və rüşvətə qarşı dövlət qurumlarında apardığı əməliyyatlardan sonra həmin qurumlara rəhbərlik edən şəxslərin də istefası gündəmə gəlir.

Nazir müavinlərinin, şöbə müdirlərinin həbsindən sonra nazirin vəzifədə qalması mümkünsüz hesab olunur. Hazırkı prosesə istinad etsək, görünən odur ki, həbslər davam edəcək və korrupsiyaya bulaşanlar sərt cəzlandırılacaq. Onların rəhbərlərinin də cəzadan kənar qalmayacağı istisna deyil.

Mədəniyyət Nazirliyində gedən proseslərdə bu təcrübənin şahidi olduq. Nazir müavinin həbsindən sonra nazir Əbülfəs Qarayev də tutduğu postdan kənarlaşdırıldı. Hazırda isə gündəmdə olan məsələ Xarici İşlər naziri Elmar Məmmədyarov haqqında veriləcək qərarın nə olacağıdır.

Qeyd edək ki, DTX-nın 3 iyulda apardığı əməliyyatda XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə rüşvət alma faktlarına görə saxlanılıb. Onların çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe. info-ya açıqlamasında deyib ki, əməliyyat aparılan qurumun rəhbərləri də vəzifədən azad edilməlidir:

“Çünki onlar qurumun rəhbəridir və orada qüsurlar varsa, ona görə də məhsuliyyət daşıyırlar. Söhbət kiçik qüsurlardan getmir. Məsələn, Mədəniyyət nazirinin müavini, şöbə müdiri korrupsiyaya bulaşıbsa, illərdir pulla təyinatlar həyata keçirirsə, Mədəniyyət Sarayında rüşvətxorluq halları varsa, bundan nazirin mütləq xəbəri olmalıdır. Olmayıbsa, deməli yerində deyil. Ona görə də istefaya göndərildi. İndi eyni vəziyyət Xarici İşlər Nazirliyində baş verib. Onsuz da biz Xarici İşlər nazirinin fəaliyyətindən narazı idik. Ana dilində danışa bilmir, parlamentdə bir dəfə çıxış etməyib, millət vəkillərinin suallarına cavab verməyib. Övladları Nyu- Yorkda bahalı evlər alırlar. Bunlara da aydınlıq gətirilmir. Nazirin oğulları niyə Azərbaycan deyil, ABŞ vətəndaşıdır? Bunlar hamısı aydınlıq gətirilməli olan suallardır. Milli və dövlət təhlükəsizliyi ilə bağlı məsələlərlə məşğul olan nazirin oğlanları Azərbaycanda yaşamaq istəmir. Digər tərəfdən, Elmar Məmmədyarov Dağlıq Qarabağ danışıqlarında heç bir nəticə əldə etmirdi. İndi görürük ki, onun rəhbərlik etdiyi nazirlikdə öz yaxın dostu və ümumi şöbənin müdiri tenderləri hansı şəkildə həyata keçirirmiş. Ola bilməz ki, nazirin bundan xəbəri olmasın. Çünki həbs olunanda həmin şəxs dedi ki, alınan pulun 10 faizi mənə, 10 faizi gətirən şəxsə, 80 faizi isə nazirliyin işlərinə sərf olunur. Yəni 80 faiz rüşvətlə yığılan pul nazirlikdə paylaşılırmış. Ola bilməz ki, bundan nazir xəbərsiz olsun. Düşünürəm ki, artıq Elmar Məmmədyarovun nazir postunda qalması, bu vəzifəni daşıması doğru deyil və yaxın günlərdə başqası ilə əvəzlənəcək. Ümumiyyətlə, XİN-də ciddi kadr islahatlarına ehtiyac var. İllərdir ki, bu nazirlikdə şəxslər qohumbazlıqla, tanışlıqla işə götürülüb. Çox nadir hallarda kimsə öz savadı,bacarığı ilə irəli çıxa bilərdi. Ondan başqa XİN kimi strateji bir qurumda korrupsiya halları varsa, istisna etmirəm ki, dövlətə xəyanət də var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.