"Danimarkaya dron hücumlarının arxasında nə dayanır?" - "The Wall Street Journal"
Bu gün, 00:09

Danimarkada sentyabrın son günlərində ard-arda naməlum dron hücumları qeydə alınıb. Onların uçuşu Kopenhagendə və bir neçə şəhərdə hava limanlarının fəaliyyətini iflic edib, sərnişin daşımaları dayandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Dronların hücumu: təhlükə siqnalı
Nəşr qeyd edir ki, xüsusilə narahatlıq doğuran məqam isə F-16 və F-35 qırıcılarının yerləşdiyi "Skridstrup" bazası üzərində dronların görünməsi olub. Baş nazir Mette Frederiksen bu hadisəni "ən ciddi təxribat" adlandıraraq, Rusiyanın iştirakı ehtimalını tam istisna etməyib. Dronların peşəkar operatorlar tərəfindən idarə edildiyi və hərbi hədəflərin də izlənildiyi vurğulanır.
Ukraynaya dəstəyin qiyməti
Nəşr yazır ki, bu hücumlar Danimarkanın Ukraynaya verdiyi dəstəyin nəticəsi ola bilər. Kopenhagen Kiyevə bütün artilleriyasını verib, hərbi xərclərini artırıb və yaxın vaxtlarda uzaqmənzilli dəqiq silahlar alacağını açıqlayıb. Bu addımlar Rusiyanı qəzəbləndirib.
Ekspertlər hesab edir ki, Moskva NATO-nun zəif nöqtələrini yoxlamağa çalışır. Məsələ təkcə dronların texniki imkanlarını sınamaqla bitmir, Rusiya eyni zamanda siyasi səviyyədə də Avropanı Ukraynaya dəstəyini azaltmağa məcbur etmək niyyətindədir.
Rusiya tankeri saxlanılıb
Fransada isə diqqətçəkən insident baş verib. "The Telegraph" yazır ki, Sen-Nazer yaxınlığında Benin bayrağı altında üzən, Rusiyanın "kölgə donanması"na aid tanker saxlanılıb. Bu tanker əvvəllər müxtəlif adlarla fəaliyyət göstərib və Avropa İttifaqı tərəfindən sanksiya siyahısına salınıb.
Fransız hərbçiləri gəmini yoxlayaraq iki ekipaj üzvünü həbs edib. Tankerin marşrutu şübhə doğurub: o, Rusiyanın Primorsk limanından Hindistana istiqamət alıb, lakin Biskay körfəzindən gözlənilmədən dönərək Sen-Nazerə yaxınlaşıb. Həmin günlərdə Danimarka üzərində dron hücumlarının olması araşdırmaya əlavə şübhə qatıb.
Avropanın qarşısında yeni sınaq
Fransa prezidenti Emmanuel Makron hadisəni "ciddi pozuntu" adlandırıb və araşdırmanın davam etdiyini açıqlayıb. Avropa rəsmiləri isə hesab edir ki, Moskva bu kimi təxribatlarla NATO müttəfiqlərinin həm hərbi, həm də siyasi birliyini sınayır.
Ekspertlərin fikrincə, Danimarkanın Ukraynaya dəstəyi onu hibrid müharibənin hədəfinə çevirib. Amma Kopenhagen hesab edir ki, bu dəstək həm də ölkənin öz təhlükəsizliyinin təminatıdır və Avropanın müharibəni dayandırmaq imkanlarına təsir göstərir.