Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Borclanmaq indi daha baha başa gəlir

Bu gün, 00:08           
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ:
“Azərbaycanda fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsinin 16,9 faizə yüksəlməsi həm maliyyə bazarındakı ümumi şərtlərdən, həm də Mərkəzi Bankın siyasətindən qaynaqlanır”.

Bunu bank məsələləri üzrə mütəxəssis Ramil Qasımov Demokrat.az-a açıqlamasında söyləyib.

O qeyd edib ki, ilin əvvəlində bu göstəricinin 16,3 faiz olması, cəmi bir neçə ayda artımın müşahidə olunması tendensiyanın davam edə biləcəyini göstərir:

“Əsas səbəblərdən biri Mərkəzi Bankın uçot dərəcəsinin yüksək saxlanılmasıdır. Uçot dərəcəsi bahalı olduqda, bankların da cəlb etdikləri resurslar daha baha başa gəlir. Bu avtomatik olaraq kredit faizlərinə təsir edir. Digər tərəfdən, inflyasiya riski də faizlərin yüksək qalmasına səbəb olur. Əgər inflyasiya gözləntiləri artarsa, kredit faizləri də yuxarı səviyyədə qala bilər. Bundan başqa, bankların risk idarəetməsi ilə bağlı yanaşmaları da önəmlidir. Gəlirlərini tam sənədləşdirə bilməyən borcalanlara verilən kreditlərdə faizlər adətən daha yüksək olur. Faizlərin daha da yüksəlməsinin qarşısını almaq üçün bir neçə alternativ mexanizm tətbiq oluna bilər”.

Ekspert əlavə edib ki, dövlət tərəfindən ipoteka və istehlak kreditləri üzrə subsidiya proqramlarının genişləndirilməsi mümkündür:

“Digər variant isə kredit zəmanət fondlarının gücləndirilməsidir ki, bu halda bankların riskləri azalacaq və faizlər də aşağı düşəcək. Bank sektorunda rəqabətin artırılması, yeni maliyyə institutlarının yaradılması faizləri aşağı salmağa müsbət təsir göstərə bilər. Maliyyə savadlılığının artırılması da əhəmiyyətlidir, çünki borcalanların riskləri düzgün idarə etməsi banklar üçün əlavə təminat yaradır. Kredit faizlərinin yaxın perspektivdə sabitləşməsi üçün həm dövlətin, həm də bank sektorunun ortaq addımlar atması vacibdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru