Tehran Universitetində partlayış: 1 tələbə ölüb
Bu gün, 00:02

Tehran Universitetinin Mühəndislik fakültəsinin laboratoriyasında baş verən partlayış nəticəsində bir tələbə həlak olub, iki nəfər isə yaralanıb.
Bu barədə məlumatı universitetin dekanlığı və İctimai Əlaqələr Mərkəzinin direktor müavini Məhəmməd Rza Taqidokt "Mehr" xəbər agentliyinə açıqlayıb.
Onun sözlərinə görə, hadisə Materialşünaslıq fakültəsinin laboratoriyasında hidrogen balonunun dəyişdirilməsi zamanı baş verib.
“Dəyişdirmə zamanı hidrogen kapsullarından biri partlayıb. Təəssüf ki, partlayış nəticəsində universitetin aspirantlarından biri həyatını itirib. İki tələbə isə yüngül xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib”, – deyə universitet rəsmisi bildirib.
Hadisə zamanı laboratoriyada bir neçə tələbə və laboratoriya işçilərinin olduğu qeyd edilib. Partlayışın başvermə səbəbi və kapsulun tələbələr, yoxsa texniki heyət tərəfindən dəyişdirildiyi hələ araşdırılır.
“Hadisənin təfərrüatları araşdırılır və yaxın günlərdə əlavə məlumat veriləcək”, – deyə universitet sözçüsü əlavə edib.