Pandemiya titrətməsi: Dünya iqtisadiyyatı daha nə qədər dözə bilər - TƏHLİL

10-07-2020, 20:30           
Pandemiya titrətməsi:
Hazırda pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın məbləğini dəqiq hesablayıb, söyləmək mümkün deyil, çünki proses davam edir. Və bilinmir ki, nə vaxt bitəcək. Ona görə də, hökumət əlində olan ehtiyatlardan hələ istifadə etməyib. Vəziyyət getdikcə daha pis ola bilər. Valyuta bazarında təlatüm yaşanarsa, növbəti il üçün hər şeyə yenidən baxmaq zərurəti yaranacaq. Bu isə asan məsələ deyil.
Ümumiyyətlə, dövlət büdcəsinə gəlirlər ciddi şəkildə ikitərəfli təzyiq altındadır. Hələ yaxşı ki, kölgə iqtisadiyyatına qarşı keçən il başlanılan islahatlar və müvafiq mübarizə tədbirləri davam edir. Yəni, qeyri-leqal dövriyyədən vəsait cəlbi hələ də davam etməkdədir. Amma artıq bütün mənbələr üzrə imkanlar tükənir. Mövcud vəziyyət sentyabr-oktyabr-noyabr ayları ərzində də qalmaqda davam edərsə, ehtiyatlar təcili şəkildə işə salınmalı olacaq. O da yalnız bir müddət effektiv xarakter daşıya bilər.

Məsələ bundadır ki, bütün bunlar təkcə bizdə belə deyil. Qlobal iqtisadiyyat özü pis gündədir və dünyanın aparıcı ölkələrinin hər birində vəziyyət eynilə bizdəki kimidir. Hətta bizdəkindən bir az daha pis vəziyyətdədir. Hələ aprelin sonuna yaxın yazdığım şərhdə qeyd etmişdim ki, dünyanı cənginə almış koronavirus pandemiyası heç 6 ay deyil davam edir, artıq 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Bu, dünya ölkələrinin yarısından çoxu deməkdir. Çünki sözügedən vəziyyət əksər ölkələri ikitərəfli vurur - həm kənardan, həm də daxildən. Kənardan ümumən dünyada iqtisadi vəziyyətin pisləşməsi ilə, daxildən isə sərt karantin rejiminə görə...

Dünyanın bir nömrəli iqtisadi gücünə malik ABŞ hələ cari ilin birinci rübünün yekununda keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz gerilik əldə edib. Adı çəkilən ölkənin Ticarət Nazirliyi tərəfindən açıqlanan bu məlumatda əsl geriləmənin hələ qarşıda olduğu vurğulanıb. Yeri gəlmişkən, qeyd olunan 5 faizlik tənəzzül Birləşmiş Ştatlarda 2008-ci ildə başlayan qlobal maliyyə və iqtisadi böhran zamanı həmin ilin dördüncü rübündə əldə olunan nəticədən sonra ən ciddi rəqəm sayılır.

Ölkə üzrə ÜDM-in 2/3 hissəsini təşkil edən istehlak xərcləri 6,8 faiz enib. Ümumiyyətlə, son illər ərzində ardıcıl olaraq artım nümayiş etdirən ölkə birdən-birə sanki, keçən əsrin 30-cu illərində baş vermiş Böyük depresiya vəziyyətinə düşmək təhlükəsi ilə üz-üzə qalıb ki, buna səbəb milyonlarla vətəndaşın öz iş yerlərini itirmələri və pulsuz yemək əldə etmək üçün növbələrə düzülmə ehtiyacının yaranmasıdır. Bax, COVİD-19-un ABŞ-a vurduğu zərbə bundan ibarətdir...

Halbuki, buna qədər sözügedən ölkə son 11 ildə fasiləsiz olaraq hər il 2 faizdən aşağı olmayan iqtisadi artım göstərirdi. Keçən il ərzində ÜDM 2,3 faiz artmışdı. Apreldə isə işsizlik rekord həddə - 14,7 faizə çatmaqla, 20,687 milyon iş yeri ixtisar olunub. Konqresin büdcə idarəçiliyi ikinci rübün yekununa görə bu rəqəmin 26 milyona çatacağını, işsizliyinsə 15,1 faiz təşkil edəcəyini bildirib. Üçüncü rübdə isə 15,8 faiz...

Sözün qısası, koronavirusa görə, ABŞ-da ÜDM bu ilin yekununa 6,5 faiz azalacaq ki, dövlət borcunun səviyyəsi 26 trilyon dollar təşkil etməklə rekordu təzələyəcək. Bütün bunları qeyd etməklə, nə ABŞ-ın "batacağını" iddia etmək istəyirəm, nə də ölkəmizin iqtisadiyyatı ilə bağlı yaranmış vəziyyəti sığortalamaq. Dediyim odur ki, qlobal iqtisadiyyatın bu il 4,9 faiz tənəzzül edəcəyi gözlənilir ki, apreldə bunun 3 faiz təşkil edəcəyi söylənmişdi. Avrozona ölkələri üzrə isə bu rəqəmin 10,2 faiz, bu zonada əsas lokomotiv sayılan Almaniyada isə 7,8 faiz olacağı bildirilib.

Demək istəyirəm ki, yaranmış vəziyyət və iqtisadiyyata təzyiqlər kifayət qədər təhlükəlidir. Və müddət uzandıqca, məlum bəlanın konkret nə vaxt sovuşacağı bəlli olmadıqca, "özünümüdafiə və sığorta" tədbirləri mövcud imkanlardan istifadənı genişləndirməyi məcbur edir. Başqa sözlə desəm, bütün imkanların səfərbərliyə alınması deyilən bir hal vardır ki, dövlətimiz də məhz buna yaxın vəziyyətdədir.

Xatırladıram ki, ölkəmizdə 2020-ci ilin yanvar-may ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az ÜDM istehsal edilib ki, iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 1,2, qeyri neft-qaz sektorunda isə 2,1 faiz az qeydə alınıb. Amma kənd təsərrüfatında 4 faizə yaxın artım qeydə alınıb ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14 faiz artıb, inflyasiya 3 faiz olub.

Yəni, ötən şərhimdə də qeyd etdiyim kimi, koronavirusla bağlı vəziyyət bir az da davam etsə, karantin rejimi üçüncü və dördüncü rüblər ərzində də fasiləli şəkildə də olsa tədbiq edilsə, ÜDM-dən əlavə, istər-istəməz digər makroiqtisadi göstəricilər üzrə də mənfi göstəricilər qeydə alınmağa başlayacaq. Və tənəzzül tendensiyası özünü son nəticədə valyuta bazarında büruzə verə bilər.

Lakin vəziyyət nə qədər qeyri-müəyyən olsa da, bədbinliyə əsas yoxdur. Həm də sözümü bir daha ona gətirirəm ki, bəziləri həyata keçirilən tədbirlərin və görülən işlərin yalnız maliyyə tərəfini hesablamaqla məşğuldurlar ki, sanki, hər şeyi məhz bu həll edir. Və müqayisələr gətirirdilər ki, filan inkişaf etmiş ölkədə anoloji vəziyyətlə əlaqədar milyardlarla və trilyonlarla vəsait xərclənir və daha yeni-yeni həcmlərdə vəsaitlər ayrılması nəzərdə tutulur.

ABŞ-da 5-6 trilyon dollar məbləğində maliyyə dəstəyi Federal Ehtiyat Sistemi üçün həm də əlavə emisiya demək idi, o mənada ki, bu izafi nəğd pul kütləsi sonradan BVF və DB kimi qurumlarda yerləşdirilə bilər və elə dolayı məqsədlərdən birini də məhz bu təşkil edirdi. Həmçinin, digər ölkələr üzrə də...

Odur ki, koronavirus pandemiyası ilə bağlı inkişaf etmiş ölkələrin dəstək və kompensasiya tədbirləri ilə bizdəkini müqayisə etmək düzgün deyil. Azərbaycan hökumətinin sözügedən ölkələr ilə müqayisədə həyata keçirdiyi siyasət və ayırdığı vəsait böyük şücaətdir. Koronavirus pandemiyasının nə qədər zərər vuracağı, bundan qurtulmaq üçün nə qədər vəsait xərclənəcəyi isə təkrar edirəm, hələ bəlli deyil. Digər tərəfdən, postpandemiya dövründə də dəstək siyasəti davam etməlidir və edəcək. Onsuz da ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək və bərpa mexanizmi bu ilin sonunadək müddəti əhatə edir. Əsas odur ki, pandemiya dövrü tez bitsin...
Azvision.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.