İran sanksiyaları: kim daha çox itirir? - TƏHLİL

13-11-2018, 11:17           
İran sanksiyaları: kim daha çox itirir? - TƏHLİL
ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci dalğasının başlamasından bir həftə ötür. Noyabrın 5-dən etibarən Vaşinqtonun İrana qarşı sanksiyalarının ikinci və daha ağır dalğası işə düşüb. ABŞ Maliyyə Nazirliyinin açıqladığı sanksiya paketində ümumilikdə 700 şirkət və şəxsin adı keçir. Bunların sırasında iri şirkətlər, banklar, fiziki şəxslər, eləcə də təyyarə və gəmilər də var.

Bunların 300-ü İran vətəndaşı, nəqliyyat və enerji sahəsində fəaliyyət göstərən 100-dən artıq şirkət, 200-dən çoxu gəmi, 50 İran bankı da daxil olmaqla 70 maliyyə qurumu və nəhayət, İran Hava Yollarına məxsus 67 təyyarədir.

Ancaq Vaşinqton İran neftinin bazardan tamamilə çıxacağı təqdirdə dünyada neft qıtlığı və bahalaşma təhlükəsini nəzərə alaraq özünün yaxın müttəfiqi Yaponiya, Cənubi Koreya da daxil olmaqla 8 ölkəyə 6 aylıq müddətində embarqolardan yayınma güzəşti edib. Çünki Vaşinqton bazarda neftin qəfil bahalaşması təhlükəsindən ciddi narahatdır. İran neftinin bazardan çıxması son zamanlar Yaxın Şərqdə artan gərginliyin fonunda neft qiymətlərinə kəskin təsir edə, hətta bir barel 100 dollar səviyyəsinə yüksələ bilər. Bu isə ilk növbədə Vaşinqton üçün ağır zərbə ola bilər.

Rəsmi Tehran isə embarqoların ölkə iqtisadiyyatına ağır zərbə vuracağını danmasa da, neft satışını azaltmayacağını bildirir. İranın birinci vitse-prezidenti İshaq Cahangiri bildirib ki, Tehranın neft satışı ilə bağlı xüsusi planları var, hökumət embarqonun təsirini minimuma endirməyə çalışır. Təbii ki, söhbət gizli neft satışı və embarqoya qatılmayan, ya da azad edilən ölkələrə satılan neftin həcminin artırılmasından gedir.

Yeri gəlmişkən, ötən həftə ABŞ prezidenti özü də etiraf edib ki, İrana qarşı neft embarqoları nəticəsində qiymətlərin artmaması üçün “yavaş hərəkət edəcəklər”. Söhbət neft hasilatının azalmaması üçün güzəştlərdən və istisnalardan gedir.

Bu arada İran ordusu bəyan edib ki, ölkənin neft tankerlərinə qarşı hər hansı təhdid olarsa, güc tətbiq etməklə onları qoruyacaqlar. İran ordusu sözçüsü Mahmud Musəvi deyib ki, hərbi dəniz qüvvələri hazırlıqlıdır, tankerlərə qarşı təhdid olarsa, hərbi güc tətbiq edəcəklər. Söhbət sanksiyalara daxil edilən İran gəmilərinin neft daşıdığı üçün müsadirə olunması riskindən gedir.

Yeri gəlmişkən, ötən həftə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə Tehranın embarqoya hazırlaşdığını, hökumətin embarqonun təsirini azaltmaq üçün xüsusi planlarının olduğunu bildirib.

Ancaq indi dünya ABŞ sanksiyalarının əks reaksiyasından danışır. Söhbət ondan gedir ki, ABŞ-ın İrana və Rusiyaya sanksiyaları təkcə bu iki ölkəyə deyil, digər ölkələrə də zərbə vurur. Dünyanın nəhəng şirkətləri, ölkələr İran və Rusiya kimi böyük bazardan məhrum olur, eləcə də neft-qaz satıcısı ilə əməkdaşlıqdan məhrum olurlar. Bu isə son nəticədə Rusiya və İranla yanaşı bu ölkələrə də zərər vurur. Məsələn, 2015-ci ildə İranla “altılıq” ölkələri arasında anlaşmadan dərhal sonra 100-dən çox Almaniya şirkəti, bir o qədər də Fransa şirkəti, ən böyük neft şirkətlərindən olan “Total”, aviasiya nəhəngi “Airbus” kimi şirkətlər İranla milyard dollarlıq müqavilələr imzaladılar. Ancaq bu ilin mayında Tramp İranla müqaviləni ləğv etdikdən sonra Avropa və Amerika şirkətlərini təhdid edərək İranla əməkdaşlıqdan çəkilməyə məcbur edib. Nəticədə bu şirkətlər İranla anlaşmaları ləğv edərək ölkəni tərk etdilər. Yəni sanksiyalardan itirən təkcə İran və ya Rusiya deyil, həm də qarşı tərəf şirkətlərdir. Və bu məsələnin ən pis tərəfi ondadır ki. ABŞ-ın hazırkı rəhbərliyi daha əvvəl olduğu kimi, bu zərərləri kompensasiya etməyi düşünmür. Bu isə Avropa liderlərini qəzəbləndirir. Lakin hələlik ABŞ-la qarşı-qarşıya gəlmək, onun qərarlarına açıq şəkildə müxalif olmaq hətta Avropa üçün böyük riskdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.