Brüssel Azərbaycanı təxribata çəkir: - Ukraynanın aqibətini yaşamaq üçün?
21-04-2015, 13:08
Avropa İttifaqı Azərbaycana və Türkmənistana Transxəxər qaz kəməri layihəsinə dair anlaşma memorandumunu yeniləməyə çağırır.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Avropa İttifaqının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç “Kommersant” qəzetinə müsahibəsində deyib.
“2011-ci ildən Aİ-nin Transxəzər qaz kəmərinin çəkilməsinə dair Türkmənistanla və Azərbaycanla imzalanmış memorandum çərçivəsində danışıqlar aparmaq mandatı var. Və biz indi Azərbaycana və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə gedəcəyinə baacağıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatları var”-Şevçoviç bildirib.
Avropa İttifaqının energetika məsələləri üzrə yüksək rəsmisi onu da deyib ki, Cənub Qaz Dəhlizi çərçivəsində İraq və İran qazının da nəqli imkanları var. “Hazırda söhbət Azərbaycandan gedir, ancaq baxacağıqki, hadisələr yaxın ölkələrdə necə cərəyan edəcək, İraqda, habelə son diplomatik nailiyyəti nəzərə alaraq İranda. Və biz bu sahədə Türkmənistan tərəfdən də münasibətlərin inkişafını görürük”-vitse-prezident bildirib.
Avropa İttifaqının uzun müddət gündəmdən çıxmış hesab edilən Transxəzər qaz kəməri layihəsini son zamanlar ciddi-cəhdlə yenidən gündəmə gətirmək səylərini başa düşmək olar. Brüssel Rusiya qazından asılılığı azaltmaq üçün ən ağlasığmaz yolları da nəzərdən keçirir. Bura ABŞ-dan sıxılmış qaz idxalından tutmuş Əlcəzair və İraq qazının, Türkmənistanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına yol tapması imkanları daxildir. Lakin bəribaşdan qeyd etmək lazımdır ki, Şevçoviçin Azərbaycana və Türkmənistana Transxəzər qaz kəmərinə dair anlaşma memorandumunu yeniləmək təklifi olduqca risklidir. Səbəblər isə tamamilə sadədir və görünəndir.
Əvvəla Azərbaycan Avropa üçün yeganə alternativ qaz təchizatçısı rolunu üzərinə götürməklə və Cənub Qaz Dəhlizinə qoşulmaqla onsuz da üzərinə ciddi siyasi risklər götürüb. Azərbaycanın Avropa üçün alternativ qaz təchizatçısına çevrilməsinin Rusiyanın xoşuna gəldiyini heç kim iddia edə bilməz. Bakı bu rolu üzərinə götürməklə ciddi təzyiqlərlə də üzləşməli olub, hərçənd ki, bu təzyiqlər qarşısında geri çəkilməyib və qətiyyət, siyasi iradə nümayiş etdirərək TANAP və TAP kəmərlərinin çəkilməsinə dair öz seçimini edib. Rusiya rəsmiləri gizlətmirlər ki, Azərbaycan qazının Avropaya çıxışı onların xoşuna gəlmir, ancaq eyni zamanda həcmin Avropanın qaza olan tələbatı və “Qazprom”un nəql etdiyi qazla müqayisədə cüzi olmasını nəzərə alıb bundan narahat olmadıqlarını da deyirlər.
Hətta bu situasiyada da Rusiya boş dayanmadı. “Cənub axını” qaz kəməri layihəsini dayandıraraq Azərbaycan qazının Avropaya nəql marşrutunu təkrarlayan “Türk axını” kəməri layihəsinə başladı. Üstəlik Yunanıstanın Moskvaya yaxın solçu hökuməti TAP kəmərinə qarşı bəzi əngəllər yaratmaqdadır. Və bütün bunlar Avropa İttifaqının süstlüyü fonunda baş verir.
Transxəzər qaz kəməri layihəsinə gəldikdə isə məsələnin mahiyyəti ciddi ölçülərdə dəyişir. Söhbət Xəzərin dibindən çəkiləcək kəməri ilə Türkmənistanın nəhəng qaz ehtiyatlarının bir hissəsinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli planlarınan gedir. Transxəzər ildə 30 milyard kubmetrə yaxın türkmən qazının Avropaya nəqli üçün düşünülüb, ötən əsrin 90-cı illərinin sonlarında ABŞ tərəfindən irəli sürülüb və Rusiyanın bölgədə mövqelərinin zəif olduğu vaxtlarda xeyli aktual idi. Lakin Rusiyanın Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə icazə verilməyəcəyinə dair qəti mövqeyindən, xəbərdarlıqlarından sonra Transxəzər layihəsi gündəmdən düşmüş hesab edilirdi. Azərbaycan və Türkmənistan bildirir ki, bu kəmər iki ölkənin Xəzərdəki milli sektorundan çəkiləcəyinə görə qərarı da onlar verməlidir. Lakin Rusiya Xəzərin statusunun qeyri-müəyyən olmasını, ətraf mühit problemlərini və s . irəli sürərək buna imkan verilməyəcəyini bildirir.
İndi nə dəyişib? Rusiya yumşalıb və Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə yaşıl işıq yandırmağa hazırdır? Qətiyyən yox. Əksinə, Rusiya durmadan Xəzərdəki donanmasını gücləndirir, tez-tez hərbi manevrlər keçirir və digər sahilyanı ölkələrə, habelə regionda maraqları olan kənar dövlətlərə nümayiş etdirir ki, qapalı dənizdə, yaxud göldə bütün məsələlər ondan soruşulmalıdır. Moskva Xəzərin dibindən kəmərlərin çəkilməsinə qarşı olduğunu da hər fürsətdə təkrar edir, İran da eyni mövqedədir. O zaman Brüssel Azərbaycanı və Türkmənistanı bu riskli layihəyə, hətta avantüraya çəkməklə nə demək istəyir?
Türkmənistan son zamanlar Transxəzər məsələsində xeyli fəal və maraqlı görünür. “Türkmənbaşı”-prezident Berdıməhəmmədov bu layihəyə dair avropalılarla və amerikalılarla tez-tez məsləhətləşmələr aparır. Hətta bu günlərdə Türkmənistan BMT-ni Transxəzər layihəsinin qarantı olmağa çağırmışdı. Azərbaycanın mövqeyi isə həmişə ehtiyatlı olub. Rəsmi Bakı bildirib ki, Transxəzər layihəsində öndə gedən tərəf olmaq istəmir, ancaq ərazisi türkmən qazının Avropaya tranzitinə açıqdır. Və ehtiyatlı olmaqda da haqlıdır. Rusiya Azərbaycan qazının Avropaya nəqlinə mane olmadı, yaxud ola bilmədi. Ancaq bu o demək deyil ki, türkmən qazının da Xəzərin dibindən keçib getməsinə eyni dərəcədə dözümlü yanaşacaq.
Viktoriya Nulandın peçenyelərinin və Brüsselin boş bəyanatlarının Ukraynada Rusiyanı dayandırmağa kifayət etmədiyini hamı gördü. O zaman Avropanın maraqlarına görə risk etməyə və növbəti Ukrayna olmağa dəyərmi?