Ukraynada döyüşən Rusiya könüllüsündən ilginc açıqlamalar - "Bu, quldur həyatıdır"
21-04-2015, 14:54
Rusiyadan Ukraynaya könüllü kimi gedib döyüşənlərdən biri də sahibkar Bondo Dorovskix olub. O, "Azadlıq" radiosunun rus xidmətinə deyib ki, Ukraynaya gedərkən faşizmlə mübarizə apardığına əmini imiş.
B.Dorovskix Aleksey Mozqovoyun başçılıq etdiyi “Kabus” briqadasını da buna görə seçib. Ancaq dediyinə görə, gələr-gəlməz başa düşüb ki, burda “rus ideyası”ndan söhbət getmir. Təbliğatın onu aldatdığını anlayan iş adamı Rusiyaya qayıdıb.
“Beynimdə hər şey elə döndü ki, Ukraynanın müstəqilliyini qorumaqdan ötrü onun milli batalyonlarına qoşulmaq istəyirəm” - deyir keçmiş könüllü.
-Çoxları pul üçün döyüşməyə gedir. Siz biznesmensiniz, təminatlı adamsınız. Sizi müharibəyə getməyə nə sövq etdi?
-Mən doğrudan da düşünürdüm ki, Rusiya təhlükədədir, orada muzdlular döyüşür, ölkəmizi ələ keçirməyə can atırlar. Fikirləşirdim ki, Donbas Rusiyanın forpostudur, biz orada öz maraqlarımızı qorumalıyıq.
-Yəni sırf ideoloji mülahizələrinizə görə döyüşə getdiniz, maddi səbəblər yox idi?
-Maddi təminatdan söhbət gedə bilməzdi, çünki mən bütün hərbi təchizatı özüm aldım, bronojileti də. Ora yollanmaq və lazım olanı almaq mənə təxminən 100 min rubla başa gəldi. Ona görə puldan söhbət getmir. Özü də orada elə də çox pul vermirlər, 360 dollar verirlər, onu da hamı almır. Ora kimi macəra, kimi hərbi təcrübə üçün gedir. Yəni hər kəsin öz səbəbi var. Bu adamların çoxunda nəsə alınmayıb. İŞİD-də olduğu kimi, adamlar niyə ona niyə qoşulur? Düşünürlər ki, onlara tələbat var. Amma ora düşən kimi az qala həmin dəqiqə anlayırsan ki, bu hərbi bölmə əsl bandadır.
-Ora yollanmaq üçün qəti qərar verməyə səbəb nə idi, xatırlayırsınızmı? Televiziyada hansısa veriliş ya internetdə nəsə oxumuşdunuzmu?
-Beynimdə daim “Rossiya-24” kanalı idi, orada yeni Ukraynanı göstərirdilər. Sonra hətta öz-özümə dedim ki, mən ora getməyəcəm, bu, mənə lazım deyil. Ancaq televizoru işə salan kimi... Orada səhərdən axşama kimi bu haqda danışırdılar. Əlbəttə, getməyimdə KİV-in təsiri oldu.
-Könüllü kimi döyüşmək üçün hara müraciət etdiniz?
-İnternetdə bunun bir neçə yolu var. Limonovun partiyası - “Druqaya Rossiya”dan olan interbriqada var, elektron poçta böyük olmayan anket göndərirsən. Onlar da xəbər göndərirlər ki, məsələn, Şaxtaya gəl, oradan da könüllülərin yanına yönləndirirlər. Mən hamıya yazdım, interbriqadaya, Moskvada "Donetsk Xalq Respublikası" ("DXR") hərbi komissarlığı yaradılıb, ora. Mənə əlaqələr verdilər, guya anketimi bəyəniblər. Orada hamının anketini bəyənirlər. Sonra telefon nömrəsi verirlər. Ora çatanda zəng vurursan.
-Yəni heç bir yoxlama yoxdur, sizin hərbi təcrübənizlə maraqlanmırlar, təxribatçı olub-olmadığınızı araşdırmırlar?
-Heç bir yoxlama yoxdur. Olub ki, kimsə sərhədi kserokopiya ilə keçib, eləsi var sənədi yoxdur. Mən ora çatanda bircə adımı, soyadımı, atamın adını soruşdular, vəssalam. Şəklini çəkir, söylədiyin ada sənəd verirlər.
-Silah da verirlər?
-Silahı dərhal verirlər. Mən snayperçiyəm, mənə avtomat, tüfəng vermişdilər.
Qumbaraatan da, pulemyot da vardı, bir sözlə, hər cür atıcı silah vardı. Biz ön xəttə gələndə gördük ki, yerli könüllülərin hərəsinin bir avtomatı var, bizsə tam təmin edilmişdik - pulemyot, minalar, hər şey vardı. Hətta bizim maşınımız da vardı.
-Bütün bunları sizə Rostov vilayətində təlim düşərgəsində vermişdilər?
-Rostovda yox, Donbasda veriblər. Rostovda əvvəllər tankçı olanları poliqona yollayırdılar ki, ekipaj formalaşdırsınlar. Orada da silah verirdilər. Bunu özüm görmüşəm. Bu tankları Rusiya və Ukrayna sərhədinə trallarda aparırdılar, sərhəddən isə özləri gedirdlər.
-Sərhədi necə keçdiniz?
-Birinci dəfə yoxlama buraxılış məntəqəsinə gəldik, məhkəmədə məsələn, kiçik borc var, ona görə xaricə çıxmaq imkanım yox idi, məni buraxmadılar. Sərhədçi dedi ki, problem yoxdur, sizi aparacaqlar. 15 nəfərlik qrup yaratdılar və gündüz vaxtı çöllük bir yerdə o tərəfə keçdik, orda sərhəd yoxdur. Rostovda ilkin məntəqə var, hamı toplaşır, soruşurlar “hara getmək istəyirsən?” Mən “Kabus” briqadasına getmək istəyirdim. İstəyirsən kəşfiyyata get, istəyirsən tankçılığa, istəyirsən əks-kəşfiyyata, buyur, ürəyin hara istəyir ora da gedirsən.
Hansısa bacarıqlar tələb olunur?
Nəzəri baxımdan hə. Ancaq əks-kəşfiyyatda nə bacarıq? Orda nə əks-kəşfiyyatçı olacaq? Onların əllərində sadəcə hakimiyyət var, özbaşınalıqla məşğuldurlar. Bacarıq tutalım, tankçıya lazımdır. Güllə atmaq və ya səngərdə
durmaq üçün nə bacarıq? Dur da özün üçün nə qədər istəyirsən, onsuz da artilleriya müharibəsi gedir. Sonra bütün sürü hərəkət etməyə başlayır, tanklar başqa bir tərəfə gedir - bu tanklarda adicə danışıq vasitəsi də yoxdur, ratsiya yoxdur - piyadaların tankçılara harayı, səsi çatmır, tankçılar bir tərəfə gedir, piyadalar başqa, nə qayda-qanun var, nə təlim, heç nə. Sizcə, bu sürü müharibəni uda bilər? Yayda müharibəni bilirsiz, necə udublar? Rusiyadan “Su” qırıcıları havaya qaldırmışdılar. “Zenit”çilərdən biri dedi ki, indi “Su”lar uçacaq, onlara atəş açmayın. Yayda rus ordusu orda olub, təyyarələrin olmasını isə yaraqlılardan eşitmişəm. Ancaq xeyli rus zabiti görmüşəm, tərxis olunmuşlar çoxdur. “Kabus”un qərargahında bir neçə peşəkar zabit var.
Ünsiyyətdə olmusuz onlarla?
Onları yaxşı tanıyırdım, tez-tez qərargahda olurdum. Mən kəşfiyyat briqadasının qərargah rəisini tanıyırdım, ondan aşağı rütbəliləri də tanıyırdım, könüllülər gələndə təmasda olmuşuq. Kəşfiyyat rəisi ilə tez-tez ünsiyyətdə olurduq.
“Kabus” briqadası nəylə məşğul idi?
Mən briqadaykən Alçevsk şəhərinə tam nəzarət edirdik. Bizim hərbi hissələr cəbhə xəttində olurdular... Bir neçə yataqxana var, Rusiyadan daim könüllülər gəlir, elə başqa ölkələrdən də. Təlim görənlər bircə ispanlardır, onların beynəlmiləl rotası var: ispanlar, fransızlar, italyanlar. Yerdə qalanlardasa qayda belədir, səhər rota komandiri sıraya düzür, adbaad yoxlayır, qurtardı, bir də axşam beləcə yoxlama aparılır. Könüllülər bütün gün Alçevskdə gəzişir, metal toplayır, hardasa dəmir darvaza çıxarırlar, oğurluqla, qarətlə məşğuldurlar, gələn qazancı da içkiyə, çəkməyə verirlər. Bir də gördün içib bir-birini güllələdilər. Bir dəfə biri içib otağa qumbara atmaq istəyirdi, vaxtında əlindən ala bildilər. Belə bir həyatdır. Kimə cansıxıcı gəlirsə, ön cəbhəyə gedir.
Yəni maaş vermirlər, ona görə metal yığmaqla qazanırdılar?
Hə. Eləsi var silahını satırdı. Rusiyadan pul yığılır, pul, ratsiya, geyim, bronojilet göndərilir, bunu da satıb içkiyə verirdilər.
Yerlilərlə münasibətiniz necəydi?
Ora gələn günün ertəsi bazara getdik ki, pul dəyişək, bir nənə soruşdu: “Siz də bizim əleyhimizəsiz?” Yarım saat sonra kilsəyə getdik, bir qadın yaxınlaşdı ki, “tezliklə seçkilərdir, kimə səs verək?” Deyirəm ki, “ürəyiniz istəyənə, sizə səs verməklə bağlı kim nə deyə bilər?” Cavab verir ki, “bizə Putin lazım deyil, Rusiyaya istəmirik, istəyirik Ukraynamız müstəqil olsun”. Sonra Nikişinoda bir qadınla söhbətləşdim. Soruşuram: “Nikişino Ukrayna silahlılarının nəzarəti altında olanda özbaşınalıq edirdilərmi?” O deyir: “Yox, hər şey yaxşı idi. Ancaq “Oplot” bölməsinin üzvləri bizi evlərdən çıxardılar, əllərinə keçən hər şeyi, ən xırda şeyi belə maşınlara doldurdular, sadəcə bizi qarət edirdilər. Rusiyalılar, bizi xilas edin, biz millətçilərdən qorxmuruq, “Oplot”dan qorxuruq, yaraqlılardan qorxuruq”. Mənim gördüyüm budur. Adamlar bizi işğalçı sayırlar. Sual edirdilər: “Bura niyə gəlmisiz?”
Sizin briqadada olan yerlilər ultravətənpərvərlərdir, ya merkantil maraqları var və ya siyasətə biganədirlər?
Məncə, siyasət onların heç vecinə də deyil. Briqadada olanlar daha çox əvvəllər məhkum olunanlardır, özü də bir neçə dəfə. Bizim kazarmada
bəzilərinin şəkilləri asılmışdı, məndə fotoları var. Gülməliydi ki, əvvəl məhkum olunanlar keçmiş milis əməkdaşlarını axtarırdılar. Onlar siyasətdən çox uzaqdırlar. DXR-də yaxşı pul verirdilər, onlar da müharibə boyu orda “oturmağa” - maaş almağa gedirdilər. Yerdə qalanı da əlinə silah verilmiş tör-töküntü idi. Yerli əhali yaraqlıların gəldiyini görən kimi yol verirlər. Onlar da deyir ki, bizə hörmət edirlər, ona görə qırmızı işıqda da keçə bilərik.
Ziyalı adamsınız, yəqin onlarla dil tapmaq sizə çətin idi. Munasibətləriniz necə alınırdı?
Elə bir alınmağı yox idi. Bir dostum vardı, 10 il Almaniyada yaşamışdı, onunla münasibətimiz yaxşıydı. Rusiyadan bir az ayrı cür adamlar gedirlər, amma onların da arasında elələri tapılırdı ki, söhbət eləmək olardı. Sonra İspaniyadan cavan oğlan vardı. Yəni münasibət saxlamağa adamlar tapılsa da azıydılar. Mən Alçevskdan tez çıxmaq istədim, amma həm də ön cəbhəni görmək istəyirdim. İstəyirdim görüm orada nə baş verir. Orada mən əks tərəfdə olanlar üçün təəssüflənməyə başladım. Atəşkəs vaxtı onları ağır və reaktiv artilleriya yağışına tuturdular. Ratsiyada Nikişino ətrafında iki “Ural”ı canlı qüvvə ilə bir yerdə yandırdıqlarını, onların ah-naləsini eşidəndə anlayırdın ki, düşündüyünün əksi baş verir. Əks tərəfdən məhv edilənlərə yazığın gəlir. Məhv edənlərsə, başkəsənlərdir. Onlar üçün kimə qarşı vuruşduqlarının əhəmiyyəti yoxdur. Çünki onların həyat tərzi belədir – quldur həyatı.
Bunlar Minsk razılaşmasından sonra baş verirdi?
Bəli. Nikişinoda noyabr-dekabrdа olmuşam. Verqulovkada da eyni vəziyyət idi. Bizimkilər onları bombalayırdılar.
Bəs ukraynalılar atəşkəsə əməl edirdi? Cavab vermirdilər?
Əlbəttə, olurdu ki onlar da bizi yaxşıca vururdular. Mən itkilərə görə deyirəm. Bizimkilər tez-tez onlar tərəfə soxulurdular. Mənim gözümün qabağında iki “Ural” vurdular, sonra tank, sonra BMP məhv etdilər. İçən kimi blokpostu ələk-vələk eləməyə gedirdilər. Amma o tərəfdən biz tərəfə soxulmurdular. Hərçənd bizi asanca məhv eləmək olardı. Nikişinoda biz demək olar 80 nəfər idik. Rəqibin böyük sayda qüvvəsi var idi... Amma istəkləri yox idi.
Bəs nə vaxt ümidlərinizin puç olduğunu hiss etdiniz?
Lap əvvəldən. Biz sərhədi keçəndən düz 5 dəqiqə sonra yaraqlıların arasında davanın şahidi olduq. Daha 2 saat sonra kalon gəldi. Briqada komandiri Mozqovoyun müavini Nikolayiç tapançayla iki sürücünü güllələmək istəyirdi. Mən hara düşdüyümü və buradan ordu iyi gəlmədiyini o an başa düşdüm. O an təəssüfləndim və sonralar bu hiss getdikcə daha çox gücləndi.
Onda niyə yarım il gözləyirdiniz?
Belə oldu. Ora iyulda gəldim, bir həftə qaldıqdan sonra Rusiya Federasiyasına qayıtdım. Moskvada təsadüfən ticarət mərkəzində Strelkovla qarşılaşdım. Düşündüm ki, bəlkə nəyisə sonacan başa düşməmişəm, bəlkə başqa yerdə belə deyil? Bəlkə hər şey komandirdən asılıdır? Sonra oktyabrda geri qayıtdım. “Kabus”da oldum və başa düşdüm ki, hər şey mən başa düşdüyüm kimidir. Sonra DXR-ə getdim, Nikişinoda da eyni şeyləri gördüm. Bundan əlavə başqa adamlarla da danışdım, LXR-dəki “Zarya”dakı vəziyyəti öyrəndim. Gordüm hər yerdə eyni vəziyyətdir.
Necə düşünürsünüz, müstəqilliyini elan etmiş respublikalar çoxmu dözəcək?
Əgər Rusiya kömək etməsəydi bütün bunlar olmayacaqdı. Rusiya bundan sonra da bu hərəkata dəstək vermək fikrindədir. Ona görə də yaraqlılar hələ çox qalacaqlar.
Tanınmamış respublikalara kömək haqqında fikirləşən Rusiya vətəndaşlarına nə deyərdiniz?
Mən Donbasa getməməyi tövsiyə edirəm. Bu, yalançı patriotizmdir. Orada heç bir Rusiya yoxdur, orada əsl müdaxilə var. Bu yaxınlarda mən Moskvada bir müstəntiqin öz işini atıb ora getdiyi barədə oxudum. Tüklərim biz-biz oldu. Mən bilmirəm o, orada nə edəcək. Ora vəhşi yuvasıdır. Mən ona getməməyi məsləhət görərdim, vətənin müdafiəsinə bunun heç bir aidiyyəti yoxdur.
Televizorda bunu Böyük Vətən Müharibəsi kimi qələmə verirlər. Amma bu əsl təcavüzdür. Biz bu əraziyə girərək terroru dəstəkləyirik. Bu Strelkovun öz qrupu ilə ora girməsiylə başladı. Strelkov hərbçidir. Ona imkan versən, ömrünün axırına kimi döyüşər. Mən özüm bu hərəkatın qızğın tərəfdarı olmuşam, ora getmək üçün təbliğat aparmışam. Oranı tərk edəndə sərhəddə FSB-çilər məni saxladılar və biz xeyli söhbət etdik. Mən indi sizə söylədiklərimi onlara açıq şəkildə dedim. Məndən bir şey xahiş etdilər, bu barədə heç yerdə danışmayım. Mən onlara bildirdim ki, qayıtdıqdan sonra bütün sosial şəbəkələrdə insanlara oraya getməməyi tövsiyə edəcəm. Orada ölüm də var, quldurluq da. Bundan əlavə, ilk andaca başa düşdüm ki, məni öldürsələr, yəqin bunu Ukrayna ordusu yox, rəqib yox, sadəcə yaraqlılardan biri sərxoş olub edəcək.
-Bölməni tərk etmək asandır? Siz sadəcə avtomatı tullayıb deyirsiniz ki, qurtardı, mən Rusiyaya qayıdıram? Yoxsa bunu gizli etmək lazım gəlir?
Sən könüllüsən, deyirsən: “kifayətdir, mən getmək istəyirəm”. Düzdür, Nikişinoda mənə dedilər ki, “getmə, sizin kimilər burda azdır”. Dedim ki, yaxşı bir həftə də qalaram. İki həftədən sonra mən silahI təhvil verdim. O mənim adımda idi. Mənim onlar qarşısında heç bir öhdəliyim yoxdur. Rəhbərlik edən rota komandiri həftədə iki dəfə gəlir və tez də aradan çıxırdı. Komandir yoxdur. Mən orada qurbanlıq hədəfəm. Uğrunda vuruşmağa da bir şey yoxdur. Mən nəsə bir işə yaramağıma şad olardım, amma sən ən qiymətli olanla risk etsən də, orada müharibə yoxdur... Əvvəllər də bizim hakimiyyətə mənfi münasibət bəsləyirdim. Mənim yetərincə uğurlu biznesim vardı. Bizim hökumətin sayəsində hər şeyimi itirdim. Amma bir il əvvəl Putinə və hakimiyyətə münasibətim dəyişdi, ona “əhsən” deyirdim. İndisə bu köp yatıb.