Sabunçunun dərdi var dərmanı deyəsən yoxdur REPORTAJ

22-04-2015, 11:22           
Sabunçunun dərdi var dərmanı deyəsən yoxdur REPORTAJ
Bakının Sabunçu vağzalı ətrafında biabırçılıq, natəmizlik hökm sürür.

Şəhərin heç bir massivində belə rüsvayçı mənzərəyə rast gəlmək olmaz. Bir yanda kəsilmiş heyvan başları, küçəyə qanı axıdılmış mal-heyvan leşi, o bir yanda üzərinə milçək qonmuş balıq məhsullarının satışı, yan-yörəsindən şütüyüb keçən marşrutlar, toz-tozanaq, palçıq, üfunət iyi hər tərəfi bürüyüb.

Kəsəsi, paytaxtda bu cür antisanitariya, mikrob, xəstəlik ünvanı tapmaq çətin olar. Vağzalın yaxınlığında Sabunçu bazarı olsa da, bayırda piştaxta qoyub kimisi peraşki satır, kimisi ət məhsulları, kimisi tikinti materialı, boya, mismar və s. Aləm bir-birinə qarışıb bu yerdə və heç bir qurum tərəfindən bu natəmizliyə nəzarət olunmur. Vağzalın qarşısı da bazara çevrilib və zibilliklə ərzaq məhsullarının satışı bir yerdə vəhdət təşkil edir.

Avtobusların və taksilərin dayanacağı olan ərazidə, yəni açıq yerdə heyvan kəsilməsi, balıq məhsullarının satışını təşkil etmək qanunla da qadağandır, gigiyenik cəhətdən də yolverilməzdir. Yerli sakinlər də bu ərazidəki natəmizlikdən gileylənir, amma həm də bu piştaxtalardan alış-veriş etməkdən qalmırlar.

“Heyvan kəsilir, qanı küçəyə axıdılır, açıq havada satılır, maşınların toz-tozanağı ət məhsullarının üstünə qonur, milçəklər üstündə gəzir. Hətta yanında balıq da satılır, hər yandan mikrob, xəstəlik saçır. Kimsə istəməz ki, bu natəmizlikdən evinə mal alsın. Örtülü bazar var, gedib içəridə alver etsinlər. Bu vəziyyətdə kəsilən heyvanın ətini yemək doğru deyil”, - deyə qəsəbə sakini Sahib Ələkbərov deyir.


Sabunçu vağzalına gəlincə, bura tamamilə sökülüb, yerində müasir görkəmdə vağzal tikiləcəyi nəzərdə tutulub. Sakinlərin sözlərinə görə, ərazidə avtomobillərin normal hərəkətinə mane olan bütün obyektlər yoldan bir qədər arxaya çəkilməlidir.

Hazırkı stansiya da heç bir standarta cavab vermir. Üstəlik, burada fəaliyyət göstərən kiçik kafelərdə antisanitariya hökm sürür ki, icra hakimiyyəti bunlara nəzarət edə bilmir. Stansiyanın daxilində bəzi işbazlar tikinti işləri aparıb, bəziləri isə dəmir yolunun qoruyucu xəttini aşaraq obyekt tikib.



Sakinlər yollardan xüsusi narazıdırlar. Onlar bu problemi ayrıca qabartmağı xahiş edir. Sabunçu camaatı deyir ki, yol əzabına vərdiş ediblər. Sanki bu cür yolda ömürlük yaşamaq onların alnına yazılıb. Qış aylarında isə vağzalın yanından keçmək üçün uzunboğaz, rezin çəkmə geyinmək lazımdır.

Hər yağışdan sonra sular altında qalan rayonlardan biri də Sabunçudur. Sabunçu vağzalı da su altında qalır. Avtobusların hərəkəti məhdudlaşır, sakinlərin gediş-gəlişi çətinləşir. Çağırışa gedən təcili tibbi yardım maşınları da Sabunçu vağzalının sularından keçə bilmirlər. Təcili tibbi yardım maşını ətrafda olanların köməyi ilə sudan çıxarılır.


Onu da bildirək ki, stansiyanın həndəvərində evlərin köçürülməsi nəzərdə tutulur. Ən əvvəl həmin ərazidəki minlərlə fərdi ev söküləcək. Onların sakinlərinə isə ya daha uzaq ərazilərdə həyətyanı sahə və kompensasiya veriləcək, ya da onlar yarısından çoxu boş olan yeni çoxmərtəbələrdə mənzillə təmin olunacaq. Əlində “kupçası” olanlara Ramanada ev veriləcəyi bildirilir. Bu plan əslində uzun müddətdir qüvvədədir. Lakin reallaşması yubanır.

Məsələn, qəsəbənin A. Əsədullayev küçəsində yaşayan sakinlərinin mənzilləri də sökülmə növbəsini gözləyir. Sakinlər deyirlər ki, mənzil-istismar sahəsi işçiləri onların evlərini siyahıya almağa başlayıb.



(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.