Polad Bülbüloğlu Abbas Abbasovla Azərbaycana qarşı FAKT
22-04-2015, 12:57
Bu günlərdə “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti ətrafında baş verən hadisələr Azərbaycan ictimaiyyəti tərəfindən maraqla izləndi. Millixeber.com-a verilən məlumatlara əsasən demək olar ki, ötən il baş nazirin keçmiş birinci müavini Abbas Abbasov təşkilatın Ağsaqqallar Şurasının sədri təyin edildikdən və AzerRos-un idarəçiliyini öz əlinə götürdükdən sonra, qurumda ciddi narazılıq baş qaldırmışdı. AzerRos üzvlərinin Azərbaycan dövlət başçısına müraciətində də qeyd olunurdu ki, Abbas Abbasov öz yaxın adamı Asif Məhərrəmovun AzerRos- un sədri təyin edilməsinə nail olduqdan sonra “şəxsi siyasi məqsədləri naminə fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib çıxarıb”. Müraciət müəlliflərinin sözlərinə görə, şəxsi maraqlarını rəhbər tutaraq ictimai təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən A. Abbasov Rusiya azərbaycanlılarını Azərbaycan prezidentinə etimadsızlıq göstərməyə çağırır. Yeni rəhbərliklə AzerRos üzvlərinin dialoq qurmaq cəhdləri A. Abbasovun mövqeyi üzündən heç bir nəticə verməyib. O, təşkilatda avtoritar idarəçilik sistemi yaradıb, rəhbərliyin mövqeyindən fərqli mövqe tutan hamını qovub və AzerRos-u "cib” ictimai təşkilatına çevirib. İctimai təşkilatın şəxsi maraqlar nöqteyi-nəzərindən özəlləşdirilməsinə və istifadə edilməsinə rahat baxa bilməyən AzerRos üzvləri öz hərəkətləri ilə Rusiyanın Azərbaycan icmasını parçalayan A. Abbasovla bağlı ölçü götürülməsini xahiş etmişdilər.
Müraciətdən də göründüyü kimi AzerRos üzvləri Abbas Abbasovun təkcə bu qurumun deyil, ümumilikdə Azərbaycanın Rusiyadakı diasporunu parçalamağa yönəlmiş fəaliyyətinb qarşı çıxıblar. Məhz bunun nəticəsidir ki, təşkilat bu günlərdə öz qurultayını keçirərək A.Abbasovu AzerRos-dan tamamilə uzaqlaşdırdı və yenidən Söyün Sadıqovu sədr seçdi.
Bu məsələlər ətrafında diqqət doğuran məqamlardan biri də Rusiya azərbaycanlılarının ən böyük təşkilatlarından olan AzerRos-da baş verən hadisələrlə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin müəmmalı mövqeyi oldu. Təsadüfi deyil ki, aprelin 14-da "AzerRos"un növbədənkənar VI qurultayından sonra Söyün Sadıqov mətbuata verdiyi açıqlamasında səfir Polad Bülbüloğlunu öz həmyerlilərinin taleyinə biganəlikdə ittiham etmişdi. AzerRos-un yeni sədri daha uzaq gedərək səfiri Abbas Abbasovda bir qayıqda yer almaqda günahlandırmışdı. Həmin vaxt bu məlumat Azərbaycan mediasında geniş müzakirə olundu.
Məsələ ilə əlaqədar Azərbaycanın rəsmi dairələrinin susqunluğu onu deməyə əsas verir ki, nəinki Abbas Abbasov, hətta ona yaxın olan şəxslər barədə iqtidarda xüsusi rəy formalaşıb. Hakimiyyət hesab edir ki, Abbas Abbasov Rusiyanın bəzi dairələri ilə birləşərək Azərbaycan dövlətinə qarşı işləyir. Xatırladaq ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Abbas Abbasovun sədrliyi ilə Moskvada “Milyarderlər İttifaqı”nın yaradılması da iqtidar tərəfindən birmənalı qarşılanmamışdı. Həmin dövrdə verilən açıqlamalara əsasən belə nəticə gəlmək mümkün idi ki, Azərbaycan hakimiyyəti “Milyarderlər İttifaqını” dövlətə qarşı olan layihə kimi qəbul edir. Abbas Abbasov isə bu prosesin başında duran və əsas iştirakçı kimi qiymətləndirilir. Onun Azərbaycana səfəri, prezidentlə görüşü və sonrakı bəyanatları da iqtidarı mövqeyindən döndərmədi. Görünür, məsələ kifayət qədər ciddi idi.
Təbii ki, bütün bunlara rəğmən səfir Polad Bülbüloğlunun susqunluğu, bəzi kuluarlarda isə Söyün Sadıqovu və səfirin birinci müavini Qüdsi Osmanovu ittiham hədəfinə çevirməsi hakimiyyət tərəfindən səfirin A.Abbasova doğru reveransı kimi qəbul olundu. Lakin Polad müəllimin qəbahəti tək bununla yekunlaşmadı. Etibarlı mənbənin millixeber.com-a verdiyi məlumata görə, “Novoye vremya” qəzetinin aprelin 21-də işıq üzü görən sayında Söyün Sadıqov və Qüdsi Osmanova qarşı yazılmış “Söyün Sadıqov düşməndən dosta çevrilib?” başlıqlı məqalə də məhz P.Bülbüloğludan gələn təşəbbüsdür. Hətta bildirilir ki, bu məqalə səfirin tapşırığı ilə Moskvadakı səfirlikdə hazırlanıb və “Novoye vremya” qəzetinə ötürülüb. Əgər məsələ həqiqətən də belədirsə, bu artıq səfirin özünümüdafiə, “özbaşınalıqda” ittiham etdiyi müavinini yerinə oturtmaq cəhdindən daha çox, Azərbaycan hakimiyyətinə qarşı demarşı deməkdir.
Görünür, səfirin A.Abbasov və onun yaxın ətrafı ilə bağlantısı həqiqətən də çox möhkəmdir ki, o, artıq vurulmuş və hətta düşmən elan edilmiş baş nazirin sabiq birinci müavininin ətəyini buraxa bilmir.