Fazil Məmmədovun Eldar Mahmudov, Əli Abbasovla ortaq aqibəti: işdədir, amma…

17-11-2015, 11:31           
Fazil Məmmədovun Eldar Mahmudov, Əli Abbasovla ortaq aqibəti: işdədir, amma…
Vergilər nazirinin də işdən çıxarılması xəbəri yayıldı; Fazil Məmmədovun nazir postunu 15 il saxlamasının ən böyük sirri onun adının heç vaxt “dövlət çevrilişi”, “siyasi və maliyyə xəyanəti”, eləcə də “müxalifətlə əlaqə” kimi məsələlərdə hallanmamasıdır; prezidentin son qətiyyəti addımlarının təhlili göstərir ki, indi təkcə vergilər nazirinin deyil, bir neçə nazirlik rəhbərinin, eləcə də komitə sədrinin “kabinetində olması” vəzifələrində rahat oturması demək deyil…
rrPrezident İlham Əliyevin daha bir naziri işdən çıxarması xəbəri yayılıb. Xəbərdə bildirilir ki, bu dəfə vergilər naziri Fazil Məmmədov işdən azad edilib. İddia olunur ki, prezident bu barədə sərəncamı G20 (“böyük iyirmilik”) ölkələri liderlərinin Antalya sammitinə yola düşməzdən öncə imzalayıb. Yeni vergilər naziri isə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin təyin edildiyi iddia olunur.
“Vergilər Nazirliyinin rəhbərliyinin ətrafında da xüsusi əməliyyatlar aparılır. MTN-də olduğu kimi, burada da xüsusi təmizləmə əməliyyatı aparılacaq, rəhbərlik tam yenilənəcək. İş adamlarından olan şikayətlərin əksəriyyəti vergi xidmətinin payına düşür. Prezident Antalya sammitindən qayıtdıqdan sonra sərəncamlar rəsmən elan ediləcək” deyə, yayılmış xəbərlərdə bildirilir.
Fazil Məmmədov “fenomeni”
2000-ci ilin fevral ayından vergilər naziri olan Fazil Məmmədovun bu illər ərzində bir neçə dəfə “işdən çıxarılması”, “həbs edilməsi”, hətta “ağır xəstəliyə tutulması” barədə xəbərlər yayılıb. Heydər Əliyevin dövründə əvvəl Gömrük Komitəsinin sədr müavini, sonra isə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi olmuş 36 yaşlı F.Məmmədova 2000-ci ilin 11 fevralında nazir vəzifəsi verilməsi o zaman siyasi kuluarlarda fərqli reaksiyalar yaratmışdı. İki regionun hakimiyyətdə güclü təmsilçiliyi olduğu bir dönəmdə şəmkirli F. Məmmədovun belə yüksək posta görəvləndirilməsi birmənalı qarşılanmamışdı.
F. Məmmədov hələ Gömrük Komitəsində təkcə təcrübə deyil, həm də müəyyən kapital toplaya bilmişdi ki, tədricən bu pullarla özünün iqtisadi imperiyasını qura bildi. 2003-cü il hakimiyyət dəyişikliyindən bir müddət sonra F.Məmmədov mövqelərini daha da gücləndirdi, iqtisadi sferada əsas söz sahiblərindən birinə, məmur-oliqarxa çevrildi. F.Məmmədov əvvəlki sadə vergi müfəttişi imicindən qurtularaq həm icra strukturlarında, həm hökumətdə, həm də parlamentdə öz adamlarını yerləşdirməyə başladı. Hər il vergiləri “qəpiyinəcən” büdcəyə ödəyən F.Məmmədov səriştəli kadr kimi də tanındı ki, məmurlar arasında qeyri-rəsmi quberniya bölgüsündə o da qərb regionundan pay aldı. Vergi nazirinin çaxır biznesi ilə başladığı iqtisadi imperiyasına indi bir sıra MDB dövlətlərində və Avropada ən müxtəlif profilli zavod-fabriklər, restoran-hotellər daxildir.
Vaxtilə “kölgəsində” olduğu bir nazirlə yollarını ayıran F.Məmmədov hakimiyyətdə özünə daha güclü himayədarlar da tapdı. F.Məmmədovun “düşərgəsini dəyişməsi” ilə mediada onunla bağlı kompromatların sayı artdı. Vergilər Nazirliyi elə bir spesifik sahədir ki, vergiödəyicisi həmişə narazı qalır. Bu səbəbdən də F.Məmmədovla bağlı kompromatlar yalnız mediada müəyyən müddət dövr etdikdən sonra unudulur, sonra yenidən dövriyyəyə girir. Şübhəsiz ki, F.Məmmədovun nazir postunu 15 il saxlamasının ən böyük sirri onun adının heç vaxt “ dövlət çevrilişi”, “siyasi və maliyyə xəyanəti”, eləcə də “müxalifətlə əlaqə” kimi məsələlərdə hallanmamasıdır.
İşdən çıxarılacaq nazirlər sırasında adı birinci idi…
Neft bumu bitdikdən sonra isə digər nazirlər kimi, F.Məmmədovun da “qara günləri” başlayıb. Prezidentin yanvarın 16-da keçirdiyi ilin ilk müşavirəsində məmurları sərt tənqid etməsi əslində “ilin yol xəritəsi” də hesab oluna bilər. “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”. Prezident işinə məsuliyyətlə yanaşmayan məmurların cəzalandırılacağını da söyləmişdi: “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”.
Bundan sonrakı müşavirələrdə isə prezident istisnasız olaraq artıq konkret nazirlərin rəhbərlik etdiyi sahələri tənqid etməyə başladı ki, bu sırada ilk yerdə Fazil Məmmədov gəlir: “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır”.
Vergilər Nazirliyinə ünvanlanmış daha bir sitata diqqət yetirək: “Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər.
Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur”.
Oktyabrın 12-də keçirdiyi son müşavirədə isə F.Məmmədov üçün daha bir SOS siqnalı verildi: “Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.
Kabinetindədir, amma…
MTN-də sahibkarla bağlı cinayətlərin üzə çıxması ilk olaraq Vergilər Nazirliyinə sıçradı. Nazirliyin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Vidadi Məmmədov həbs edildi. Vidadi Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından sayılır. V.Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir. Vidadi Məmmədov haqda rəsmi ittiham hələ də yoxdur. Məlumata görə, biznesmenlərdən vergidən əlavə pul ala bilməyəndə dərhal həmin iş adamı haqqında məlumatları MTN-dəki şəriklərinə ötürürmüş. MTN çetesi də şantaj, hədə-qorxu yolu ilə həmin biznesmenləri soyurmuş. Maraqlıdır ki, F.Məmmədov 13 iyun müşavirəsində sərt tənqiddən sonra nazirlikdə struktur islahatı həyata keçirərək, yeni qurumlar yaratmışdı.
V.Məmmədov həbs edilməmişdən cəmi bir neçə ay əvvəl həmin islahatlardan sonra yaradılmış Baş İdarəyə rəis təyin olunmuşdu. MTN-dəki müdhiş cinayət faktlarında Vidadi Məmmədovun ortaqlığı üzə çıxdıqda sonra belə məlum olur ki, vergilər naziri, sən demə, “quzunu qurda tapşırıbmış”. İnandırıcı deyil ki, Vergilər Nazirliyində Eldar Mahmudovun ən yaxın adamının illərlə sahibkarlardan necə milyonlar qopardığından Fazil Məmmədov xəbərsiz olsun. Əgər Fazil Məmmədov “MTN işi”nin bitirdiyi sabiq nazir Əli Abbasov kimi nazirliyi Mahmudov çetesinin nəzarətinə verdiyini etiraf edərsə, bu, ona daha baha başa gələ bilər.
Vergilər Nazirliyi noyabrın 16-da yayılan xəbərlərə “Fazil Məmmədovun öz kabinetindədir” cümləsi ilə təkzib verib. F.Məmmədov ciddi tənqid hədəfinə çevriləndə Mahmudov da, Abbasov da arxayın işlərinin başında idilər. İşdən çıxarılacaq nazirlər sırasında isə Fazil Məmmədovun adı ən birinci sırada çəkilirdi. Prezidentin son qətiyyəti addımlarının təhlili göstərir ki, indi təkcə vergilər nazirinin deyil, bir neçə nazirlik rəhbərinin, eləcə də komitə sədrinin “kabinetində olması” vəzifələrində rahat oturması demək deyil…
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.