“Azərbaycandakı erməni diversantlardan videogörüntü edib onları ailələrinə çatdırır, amma atamdan... ” - Kəlbəcərli girovun oğlundan “Qırmızı Xaç”a ittiham

26-10-2019, 12:30           
“Azərbaycandakı erməni diversantlardan videogörüntü edib onları ailələrinə çatdırır, amma atamdan... ” - Kəlbəcərli girovun oğlundan “Qırmızı Xaç”a ittiham
Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb. Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüşdə Azərbaycanla BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib.

Nazir E.Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir, saxlanılan əsir-girovların “Hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq, bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkib.

P.Maurer öz növbəsində BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.

Ermənistanın 2014-cü ildən girov saxladığı azərbaycanlı Dilqəm Əsgərovun və Şahbaz Quliyevin yaxınları isə vaxtaşırı BQXK-dan narazılıq edirlər. Məsələn, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bir müddət öncə “Yeni Müsavat”a açıqlamasında bəyan etmişdi ki, iki ildir atasının nə videogörüntüsünü, nə də şəklini BQXK onlara gətirmir. Dəfələrlə bu barədə bu quruma müraciət etsə də müsbət nəticə yoxdur: “Artıq iki ildir Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları atam Dilqəm Əsgərovdan bir görüntü mənə təqdim etməyiblər. Ancaq şifahi məlumat verirlər ki, guya atamın səhhəti normaldır, heç bir problem yoxdur. Mən isə BQXK-nın əməkdaşları ilə görüşəndə məsələ qaldırıram ki, ən azından atamdan bir dəqiqəlik videogörüntü təqdim edin ki, mən həqiqətən də atamın sağ olduğunu görüm. Bunları atamın öz dilindən eşitmək istəyirəm ki, o, səhhətində problem olmadığını desin. Təəssüflər olsun ki, iki ildir ki, BQXK-nın əməkdaşlarından ancaq şifahi məlumat alıram. Bu isə məni qane etmir. Biz onlardan girovların azad olunmasını gözlədiyimiz halda, onlar hətta bir dəqiqəlik videogörüntü belə gətirmirlər. Əgər BQXK öz mandatını layiqincə yerinə yetirirsə, nəyə görə Azərbaycanda saxlanılan erməni diversantlardan məktub, videogörüntü və şəkil əldə edib erməni ailələrinə çatdırır, amma atam Dilqəm Əsgərovdan nə məktub, nə də videogörüntü mənə təqdim etmirlər”.

Bu girovlardan birinin oğlunun açıq narazılığıdır. Bəs BQXK ilə Azərbaycanın əməkdaşlığını uğurlu saymaq olarmı? Girovların yaxınlarının tez-tez bu şəkildə narazılıq etməsi bu məsələdə BQXK-nın yetərli fəaliyyət göstərmədiyini söyləmək üçün əsas sayıla bilərmi? BQXK istəsə, onları azad edə bilərdimi indiyə qədər? Yoxsa bu qurumun mandatı fərqlidir?

İtkin düşmüş şəxslərin, əsir və girovların azad olunması üzrə Beynəlxalq İşci Qrupun Azərbaycandakı nümayəndəsi Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan BQXK ilə 1990-cı illərdən əməkdaşlıq edir. Bu beynəlxalq təşkilat o zamanlardan ölkəmizə buraxılıb, mandatına uyğun olaraq ona şərait yaradılıb ki, səmərəli iş həyata keçirsin. Bu baxımdan əməkdaşlığın 20 ildən artıq tarixi var. Müxtəlif dövrlərdə müxtəlif səviyyədə və effektdə olub: “Qarabağ müharibəsinin aktiv dövrlərində əməkdaşlıq daha səmərəli olub. Lakin indiki dövrdə Azərbaycanda baş verən proseslər BQXK üçün o qədər də yeni deyil, yəni Azərbaycan mövzusu köhnəlib. Ona görə əməkdaşlıq bir az zəifləyib. Azərbaycan hökuməti indi yenidən bu qurumun rəhbəri ilə görüşüb əlaqələri təzələyirsə, müsbətdir. Kəlbəcərli girovların azad olunmasına gəlincə, Ermənistan BQXK-ya həmin girovların guya cinayətkar olduğu, cinayət əməlləri törətdiyini əvvəldən məlumat verib. Eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistanda yox, Dağlıq Qarabağda saxlanılır. Bütün bu məqamlar BQXK-nın onlarla bağlı iş aparmaq imkanlarını bir qədər məhdudlaşdırır, onlar elə bir ciddi iş görə bilmirlər. BQXK-nın mandatı məhduddur. Bu məhdud mandat çərçivəsində çalışırlar nə isə eləsinlər. Mandatları imkan verən həddə qədər iş görürlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.