Dollar krediti ilə borcu olanların xeyrinə qərar veriləcəkmi?

24-04-2015, 12:39           
Dollar krediti ilə borcu olanların xeyrinə qərar veriləcəkmi?
Fevralın 21-dən bəri Azərbaycanda hər kəsi düşündürən suallardan biri də banklardan dollarla götürülmüş kreditlərin hansı valyutada və hansı məzənnə ilə qaytarılması məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də bu məsələ ilə bağlı sorğu və müraciətə baxılmasına dair xəbərlər hər kəsi gözləmə mövqeyinə çəkib. Bu vaxtadək ayrı-ayrı mütəxəssislərin fərqli fikirlərinə yalnız Konstitusiya Məhkəməsinin qərarı ilə son qoyula bilər. Xatırladaq ki, bir neçə gün əvvəl Konstitusiya Məhkəməsindən verilən məlumatda da bildirilmişdi ki, ayrı-ayrı məhkəmələrdə bu məsələ ilə bağlı mövcud olan mübahisəli işlər dayandırılmalı və KM-in Plenumunun yekun qərarı gözlənilməlidir.

Bu ərəfədə Konstitusiya Məhkəməsinin necə qərar verəcəyi ilə bağlı mətbuatda müzakirələr aparılır. Əsasən, iqtisadçı ekspertlər hesab edirlər ki, Konstitusiya Məhkəməsinin qərarı bankların xeyrinə olacaq. Yəni, bankların külli miqdarda zərərə düşməməsi və maliyyə sabitliyinin saxlanılması üçün belə qərar gözləniləndir. Bəzi ekspertlər isə hesab edir ki, banklar dominant mövqeyindən istifadə edərək qərarın onların xeyrinə çıxarılmasına nail olacaqlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Mülki Məcəllənin qeyd olunan müddəalarının izahı dollar kreditlərinin taleyinə aydınlıq gətirəcək. Bankdan dollarla götürülmüş kreditlər fevralın 21-dən sonra necə, hansı məzənnə ilə qaytarılmalıdır? Əsas sual budur. Konstitusiya Məhkəməsinin qərarı necə ola bilər; bankların, yoxsa vətəndaşların xeyrinə uyğun qərar gözləmək olar? Sualı Analitik.az-a şərh edən hüquqşünas Habil İsgəndərov bildirib ki, iqtisadçı ekspertlərin bu məsələdə fikir formalaşdırmağa çalışmasına haqq qazandırmır.

«Əslində, bu məsələnin necə həll olunmasının sonunda iqtisadi amillər dayanmasına baxmayaraq, yaranmış mübahisə özü hüquqi xarakterlidir. Yəni, açıq qalmış suallar hüquqi həllini tapmalıdır. Bu vəziyyətdə əsas sual Mülki Məcəllənin 439-cu maddəsinin ayrı-ayrı müddəalarının ziddiyyətli və eyni zamanda, bu müddəaların Konstitusiyaya uyğunluğunun şərh edilməsilə bağlıdır.

Əsas suallar ondan ibarətdir ki:

1) Azərbaycanın yerli bankları Azərbaycanın hüquqi və fiziki şəxslərinə (bunlara birlikdə «borcalan» deyək – H.İ) dollarla (və ya başqa xarici valyutada) kredit verməyə haqlıdırlarmı?
2) Xarici valyutada verilmiş kredit məbləği borcalanlardan həmin xarici valyutada tələb edilə bilərmi?
3) Dollarla verilmiş kredit Azərbaycan manatı ilə qaytarılırsa, hansı məzənnə ilə ödənilməlidir?
Bu sualların yaranmasına səbəb də Konstitusiyanın 19-cu maddəsində təsbit olunanlarla Mülki Məcəllənin 439-cu maddəsinin 1-ci, 2-ci və 7-ci bəndlərinin arasında ziddiyyətli məqamların fərqli təfsir edilməsidir. Qeyd etmək lazımdır ki, Ombudsman məhz MM-in 439-cu maddəsinin bəzi müddəalarının Konstitusiyanın 19-cu maddəsinə uyğunluğunun şərh edilməsinə dair sorğu verib.

Konstitusiyanın 19-cu maddəsinin I hissəsində təsbit olunur ki, Azərbaycan Respublikasının pul vahidi manatdır. Maddənin III hissəsində təsbit olunur ki,

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Mülki Məcəllənin «Pul öhdəliklərinin icrası» adlanan 439-cu maddəsin 1-ci bəndində də pul öhdəliyi manatla ifadə edilməli olması göstərilməklə yanaşı, digər müddəalarında istisnalar nəzərdə tutulur.

Göründüyü kimi, Konstitusiyanın 19-cu maddəsində təsbit olunan «Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır» imperativ göstərişi ilə MM-in 439-cu maddəsinin 1-2-ci və 7-ci bəndindəki istisnalar arasında ziddiyyət var.
Hesab edirik ki, bu, hüquqi məsələdir və heç də iqtisadçıların, ayrı-ayrı bankirlərin və ya hüquqşünasların subyektiv fikirləri ilə həll oluna bilməz. Məhz ona görə də Konstitusiya Məhkəməsinin qanunvericilikdə olan bu ziddiyyətli məqamlara aydınlıq gətirəcək şərhinə zərurət yaranıb.

O ki, qaldı qərarın bankların və ya borcalanların xeyrinə olmasına, hesab edirəm ki, iqtisadçılar bu məsələdə də tələskənliyə yol verirlər. Konstitusiya Məhkəməsi nə bankların, nə də borcalanların xeyrinə qərar verməyəcək, verə də bilməz. Konstitusiya Məhkəməsi yalnız hüququn aliliyi, qanunun müddəalarının Konstitusiyaya uyğun olub-olmaması və qanunun necə təfsir olunmasına dair şərh verəcək.

Əksər hüquqşünasların da fikri belədir ki, tərəflərdən hər hansı birinin xeyrinə olmasından asılı olmayaraq, ayrı-ayrı müddəaların izahı, tətbiqi hər kəs və hamı üçün eyni dərəcədə aydın və yalnız QANUNUN tələblərinə uyğun olmalıdır. Məsələyə iqtisadi və sosial yanaşmadan daha əvvəl, həm də başlıca olaraq, hüquqi yanaşma üstünlük təşkil etməlidir. Hüquq – bu və ya digər sosial qrupun, şəxslərin mənafeyinə uyğun təfsir oluna bilməz.» - deyə, hüquqşünas bildirib.


Konkret olaraq, dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılması məsələsinə gəldikdə isə, H.İsgəndərov Analitik.az-a bildirib ki, Konstitusiya Məhkəməsinin hər hansı şərhi hər iki tərəfin mənafeyini əhatə etməlidir: «Onu da nəzərə almaq lazımdır ki, banklar bir tərəfdən kredit verəndirlər, onların qarşısında borcalanlar öhdəlik daşıyır. Digər tərəfdən də depozit münasibətlərinə görə, banklar hüquqi və fiziki şəxslər qarşısında öhdəlik daşıyırlar.
Yəni, banklar depozitə qəbul etdiyi dollar və ya manat vəsaitlərinə görə şəxslər qarşısında öhdəlik daşıyırlar. Mülki Məcəllənin 439-cu maddəsinin göstərilən müddəalarının şərhi həm kredit, həm də depozit münasibətlərinə şamil edilə bilər. Əgər məhkəmə hesab edərsə ki, kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır, eyni əsasla, depozitlərin qaytarılmasına da bu mövqe tətbiq oluna bilər. Burada birmənalı şəkildə ya bankın, ya də şəxsin xeyrinə nəticə alınmasını gözləməyə dəyməz.

Nəzərə alaq, bank şəxslərdən aşağı faizlə (maksimum 10-12) depozit qəbul edir, həmin vəsaitləri yüksək faizlə (20-30) kreditə yönəldir. İqtisadçı ekspertlər hesab edirlər ki, kreditlərin köhnə məzənnə ilə qaytarıldığı halda banklara ziyan dəyə bilər. Onda sual yaranır ki, banklar həm də depozitləri köhnə məzənnə ilə qaytardıqda, şəxslərə ziyan dəymirmi? Banklar hər bir halda bu prosesdən ziyanla çıxmırlar. Banklar, bir qayda olaraq, depozitə qəbul etdikləri pulu yüksək faizlə kreditə verirlər, yəni, onlar öz pullarını kreditə buraxmayıblar ki, bu prosesdə də ziyana düşsünlər. Onların kreditə verdikləri pulun çox böyük əksəriyyəti depozitə qəbul etdikləri vəsaitlərdir. Azərbaycanda kredit və depozit həcmlərinin arasında elə də böyük fərq olmadığından, hesab etmək olar ki, kreditin köhnə məzənnə ilə qaytarılmasında bankların böyük zərərlə üzləşəcəyinə dair narahatlıqlara əsas yoxdur. Ancaq nəzərə alaraq ki, 3 milyondan çox insanın kredit borcu olduğu halda, kreditlərin yeni məzənnə ilə tələb olunması daha geniş auditoriyanın mənafeyinə toxuna bilər.

Ancaq hər bir halda, kimin mənafeyinə uyğun və ya zidd olmasından asılı olmayaraq, Konstitusiya Məhkəməsinin əsas vəzifəsi hüququn aliliyinin təmin edilməsi, qanunun hamı üçün birmənalı olması, ziddiyyətli müddəaların yalnız qanuna uyğun şərhinə nail olmaqdır.»

Hüquqşünas onu da deyib ki, hazırki mərhələdə iqtisadçıların və ya digər mütəxəssislərin subyektiv mülahizələri deyil, qanunun aliliyinin təmin edilməsi vacib şərtdir. Həm bankların, həm də borcalanların mənafeyinin qorunması məhz bu təminatdan keçir. Kredit münasibətlərində «söz sahibi» olan bankların fəaliyyətində Konstitusiyanın tələblərinə uyğunsuzluq müəyyən ediləcəyi halda, bu vəziyyətə hüquqi qiymət verilməsi zəruri olacaq. Əks yanaşma, yəni, hüququn aliliyinin gözlənilməməsi, həm də elə həmin hüququn sosial nizamın qorunması kimi vəzifəsinin pozulması ilə nəticələnə bilər ki, bu da bizim cəmiyyətdə arzuolunan deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.